İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı dünyanın diqqət mərkəzində: mühüm tədbir hazırlığı

2488 05.01.2023 19:10 Gündəm A A

 

Azər Badamov: "Bu həm də Azərbaycana qarşı qərarlar qəbul etmək istəyən ölkələrə də bir mesajdır"

Elçin Mirzəbəyli: "Unutmaq lazım deyil ki..."

Elxan Şahinoğlu: "İrandakı rejimin həm İsraili, həm də Azərbaycanı hədəf götürməsi..."

16-18 yanvar tarixlərində İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail XİN mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsi keçiriləcək.

Qeyd edək ki, ötən dəfə eyni məzmunlu toplantı Moskvada keçirilmişdi. Bu dəfə isə Ukrayna müharibəsi səbəbindən Moskvadan imtina edilib və ilk dəfə olaraq bu cür tədbir üçün Bakı seçilib.

Avrasiya ölkələrindəki səfirlərin iştirakı ilə keçirilən məsləhətləşmələrin əsas mövzusu həm Ukraynadakı müharibə, həm də İran-İsrail qarşıdurması kontekstində regionda yaranan çətin vəziyyəti göz önündə tutaraq, 2023-cü il üçün planlardır. İsrailin müsəlman ölkələri ilə əlaqələrinin daha da möhkəmlənməsinə xüsusi diqqət yetiriləcək.

İsrailin yeni xarici işlər naziri Eli Koen yanvarın 2-də keçirilən andiçmə mərasimində ölkəsinin Ukrayna və Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətini dəyişəcəyini açıqlayıb. Eli Koen eyham vurub ki, öz sələfindən fərqli olaraq, Rusiyanın hərbi təcavüzünü və cinayətlərini açıq şəkildə pisləmək niyyətində deyil. 

"Rusiya və Ukrayna məsələsində biz bir şeyi dəqiq edəcəyik-açıq şəkildə az danışacağıq", - o, deyib.

Yanvarın 3-də isə o, rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. 

Qeyd edək ki, İsrailin əvvəlki xarici işlər naziri Yair Lapid Ukraynada hərbi əməliyyatlar başlayandan sonra rusiyalı həmkarı ilə əlaqə saxlamayıb. Koenin sözlərinə görə, İsrail istənilən halda Ukraynaya humanitar yardım göstərməyə davam edəcək. Bununla belə, nazir Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı müraciətini şərh etmək istəməyib.   

İsrail Azərbaycanı dost ölkə olaraq bu mühüm qərarların veriləcəyi tədbirə ev sahibi kimi təsadüfi seçməyib. Bakı tədbirin əsas müzakirə mövzusu olacaq Rusiya-Ukrayna müharibəsində tərəf deyil, Ukraynanın ərazi bötüvlüyünü tanıyır, bu ölkəyə humanitar yardımlarını davam etdirir. Bundan əvvəl də Bakı Rusiyanın və NATO-nun Baş Qərargah rəislərinin görüşlərinə ev sahibliyi edib ki, bu da Azərbaycan hakimiyyətinin uğurlu və balanslı xarici siyasət kursunun nəticəsi hesab oluna bilər. Dünyada artan gərginlik fonunda ölkəmizin yenidən mühüm qərarların veriləcəyi mərkəzə çevrilməsi, xüsusilə, önəmlidir. Həm də Fransa kimi ermənipərəst dövlətlərin aşkar anti-Azərbaycan mövqeyi sərgilədiyi bir vaxtda...

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak  etmişəm”

Deputat Azər Badamov Bakıda çox ciddi məsələlərin müzakirə olunacağını söylədi: "Ölkəmizdə mövcud siyasi sabitlik və beynəlxalq siyasətdəki  mövqeyimiz Bakını beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli və etibarlı məkana çevirib. Belə ki, dünyanın iki qütbü olan NATO və Rusiyanın Baş Qərargah rəisləri Bakıda görüşlər keçirmiş, mühüm məsələlər ətrafında  müzakirələr aparıblar.  O cümlədən, İsrail  16-18 yanvarda  Avrasiya ölkələrindəki səfirlərini  Bakıya yığacaq və xidməti müşavirə keçiriləcək. Bunu ilk növbədə, İsrailin Azərbaycana göstərdiyi dost münasibəti kimi qeyd etmək olar. Həm də belə bir tədbirin keçirilməsi İsrailin Azərbaycana etibar etməsindən irəli gəlir və bu həm də Azərbaycana qarşı qərarlar qəbul etmək istəyən ölkələrə də bir mesajdır.  44 günlük Vətən müharibəsi dövründə də İsrail    Azərbaycana açıq şəkildə dəstəyini ifadə etdi. Hətta Azərbaycanla müharibə aparan ölkəyə silah satmayacağını da bəyan etmişdi. Bu dəstək bu gün də davam etdirilir. Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrarası münasibətləri yeni mərhələyə çıxarıb. Bakıda keçirilən xidməti müşavirədə çox əhəmiyyətli vacib məsələlərin müzakirə ediləcəyini düşünürəm. Azərbaycan öz ərazi bütövlüyünü iki il əvvəl təmin etməsinə baxmayaraq, bu gün də xarici təhdidlər qalmaqdadır. Bakıda keçiriləcək tədbir İsrailin Azərbaycanın yanında olduğunun ifadə edilməsi deməkdir. Bu gün regionda güclü Azərbaycan var və bütün məsələlər də Azərbaycanın iştirakı ilə icra olunur. Dövlət başçımızın  uğurlu beynəlxalq siyasəti ölkəmizin nüfuzunu artırır. Məhz Bakıda keçirilən beynəlxalq tədbirlər də Azərbaycanın nüfuzunun və dünya üçün əhəmiyyətinin göstəricisidir".

Elçin Mirzəbəyli — Vikipediya

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli çox önəmli  bir məsələyə toxundu. Onun sözlərinə görə, İsrail dövləti Avrasiya məkanı üzrə xarici siyasətinin koordinasiyasını, ən azı yaxın bir neçə il ərzində ölkəmizdəki diplomatik nümayəndəliyi üzərindən həyata keçirəcək: "İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail XİN mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsinin keçirilməsi önəmli faktdır və bu o deməkdir ki, İsrail dövləti Avrasiya məkanı üzrə xarici siyasətinin koordinasiyasını, ən azı yaxın bir neçə il ərzində ölkəmizdəki diplomatik nümayəndəliyi üzərindən həyata keçirəcək. 

Dünyada baş verən geosiyasi dəyişikliklər müstəvisində İsrail dövlətinin Azərbaycanla münasibətlərinin ümumi mənzərəsini ifadə edən bu seçim, həm də Tel-Əvivin yeni strategiyası ilə bağlıdır. Azərbaycan həm İslam Konfransı Təşkilatında, həm də Türk Dövlətləri Təşkilatında mühüm mövqeyə malikdir. Digər tərəfdən, Azərbaycanla Türkiyənin yüksək səviyyəli strateji müttəfiqlik münasibətlərini, hər iki ölkənin ortaq maraqlarını və xarici siyasətlərinin prioritetlərini də nəzərə alsaq, yaxın zaman kəsiyində Azərbaycan-Türkiyə-İsrail geosiyasi oxunun Avrasiya məkanında, xüsusilə də təhlükəsizlik məsələləri müstəvisində mühüm rol oynaya biləcəyini proqnozlaşdıra bilərik. 

Bununla yanaşı, unutmaq lazım deyil ki, İsrail dünyada təhlükəsizlik məsələlərinə ən çox önəm verən ölkələrdən biridir. İsrailin Avrasiya ölkələrindəki səfirlərinin toplantısının Bakıda keçirilməsi isə Azərbaycanın belə mühüm tədbirlərin keçirilməsi üçün təhlükəsiz bir məkan olduğu mesajını verir. Şübhəsiz ki, bu həm də ölkəmizə investisiyaların cəlb edilməsi baxımından da önəmlidir. Çünki müasir dünyada iş adamları üçün ən önəmli məqam investisiya yatıracaqları məkanın sabitliyi və təhlükəsizliyidir.

İsrailin Rusiyaya və bütövlükdə postsovet məkanına baxış bucağındakı fərqliliklərə gəldikdə isə, bu ilk növbədə dünya yəhudilərinin maraqlarından qaynaqlanan bir məsələdir. İsrail, həm də diaspor dövlətidir. Rusiya Yəhudi İcmaları Federasiyasının məlumatına görə, bu ölkədə 1 milyon nəfərə yaxın yəhudi yaşayır və onların 200 min nəfəri yəhudi icmalarının fəal üzvləridir. 1970-ci illərdən etibarən Azərbaycan da daxil olmaqla, postsovet respublikalarından və Şərqi Avropadan İsrailə köçən yəhudilərin sayı 3 milyon nəfərdən çoxdur və bu insanlar İsrail dövlətinin siyasi həyatında fəal iştirak edir, doğulduqları, müəyyən bir zaman kəsiyində yaşadıqları, əqrabalarının, dostlarının yaşadığı ölkələrlə əlaqələrini qoruyub saxlayırlar. Belə ölkələrdən biri də Azərbaycandır. Məsələnin tarixi və etno-sosioloji köklərinə varmaq istəmirəm. Amma türk-yəhudi münasibətləri ilə bağlı dünyada aparılan tədqiqatların əhəmiyyətli hissəsinin gəldiyi qənaət ondan ibarətdir ki, yəhudilərin rahat və təhlükəsiz yaşadığı ən ideal ortam türklərin yaşadığı və sahib olduqları dövlətlərdir".

Erməni separatçılarının növbət təxribata hazırlaşdıqlarını proqnozlaşdırmaq  olar" - ELXAN ŞAHİNOĞLU

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə, çox vacib məqamlara aydınlıq gətirdi: "İsrail Xarici İşlər Nazirliyi Avrasiya ölkələrindəki səfirlərinin toplantı yeri kimi Bakını seçməsi təsadüfi deyil. Birincisi, Azərbaycan Cənubi Qafqazda İsrailin əsas tərəfdaşıdır. İsrail Azərbaycana müasir hərbi texnika satmaqda davam edir. Bu ölkə neftə olan tələbatının 40 fazini Azərbaycan nefti hesabına təmin edir. İkincisi, İsrail İranla Azərbaycan arasındakı gərgin münasibətləri diqqətlə izləyir. İrandakı rejimin həm İsraili, həm də Azərbaycanı hədəf götürməsi istər-istəməz Tel-Əvivlə Bakı arasındakı yaxınlaşmanı sürətləndirib. Üçüncüsü, İsrail Xarici İşlər Nazirliyinin toplantı yeri kimi Bakını seçməsinə Azərbaycanın ötən ilin sonunda İsraildə səfirlik açması qərarı da təsir edib. Dördüncüsü, İsrail şirkətləri Qarabağda yenidənqurma işlərində iştirak etmək istəyirlər. Bu amil də iki dövlət arasında siyasi və iqtisadi əlaqələri gücləndirəcək. 

Azərbaycanın İsraillə əlaqələrini gücləndirməsini vacib edən başqa amillər də var. ABŞ və bir sıra Avropa ölkəsində güclü yəhudi lobbisi mövcuddur. Azərbaycanın İsraillə sıx əlaqələri dünyadakı yəhudi lobbisinin Azərbaycana dəstəyini təmin edəcək. Bu ona görə vacibdir ki, müxtəlif ölkələrdəki erməni lobbisi və onların təsiri altındakı mərkəzlər Azərbaycana qarşı təxribatçı fəaliyyətlərini davam etdirir, Azərbaycana qarşı dezinformasiya müharibəsi aparırlar. Azərbaycanın erməni lobbisinə qarşı mübarizədə yəhudi lobbisinin dəstəyinə ehtiyacı var. Azərbaycanın İsraillə sıx münasibətləri rəsmi Bakının Vaşinqtonla münasibətlərinə də müsbət təsir edəcək. Vaşinqton İsrailin bölgədəki tərəfdaşlarını ABŞ-ın tərəfdaşı kimi də qiymətləndirir. Azərbaycanın isə Ermənistanla dialoqda ABŞ-ın balanslı mövqeyini davam etdirməsinə ehtiyacı var".

Cavanşir ABBASLI 
"Yeni Müsavat "

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR