İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağlıdır Avropa Birliyinin qapısı üzümüzə…

1307 25.06.2022 18:13 Yazarlar A A

 

Ukraynaya verilən yalançı ümid; gürcülərin isə həmişə önə düşüb, amma sona qalmaq şakəri

Ukrayna bu həftə minnətlə Avropa Birliyinə namizəd statusu aldı, baxmayaraq ki, bu ölkənin vətəndaşları hələ 2014-cü ildə “Avromeydan”da bu qurumun bayraqları ilə küçələrdə can veriblər. Gürcüstana ümumiyyətlə, onu da çox gördülər, “namizədliyə namizəd” vədi verdilər. İndi Tiflisdəki aksiyalar məsələn, Rusiyaya qarşı loyal mövqe tutan “Gürcü Arzusu”nu hakimiyyətdən qovsa, Avropa Birliyi mövqeyini yumşaldarmı? Yəqin ki, hə...Gürcülər ayıq millətdirlər, amma həmişə önə düşüb, sona qalmaq kimi bir huyları da var. İndi deyəsən, məhz o haldır...

Avropa Birliyinə üzv olmaq üçün gözləyən namizədlər siyahısı bəllidir. 1999-cu ildə Türkiyə, 2010-cu ildə Monteneqro, 2005-ci ildə Şimali Makedoniya, 2012-ci ildə Serbiya və 2014-cü ildə Albaniya namizəd statusu alıb. Hələ də gözləyirlər...

Müharibə yeni başlayanda Kiyev dərhal Avropa Birliyinə daxil olmaq istəyirdi, amma bu silah deyil ki, anbardan çıxarıb verəsən. Demək, avropalı bürokratlar biz düşündüyümüz qədər gerizakalı deyillər. Ukraynanın namizəd olmasını ayaqüstə alqışlayan Avropa Parlamenti ötən il bu ölkəni Avropada ən korrupsiyalaşmış rejim elan etdiyini əlbəttə ki, unutmayıb.

Zelenski daxil Kiyev hakimiyyətinin bunu “nailiyyət, xalqın ən böyük qələbəsi” kimi qələmə verməsi çox şişirdilmiş qiymətdir, bunu özləri də bilirlər. Zelenskinin vaxtilə Avropa Birliyini ələ salan bir neçə yumoristik səhnəciyi də var, maraqlananlar baxa bilər. Yəni Kiyev bu statusun heç bir hüquqi üstünlüyü olmadığının fərqindədir. Təsadüfi deyil ki, Fransa prezidenti Emmanuel Makron “normal vaxtlarda Ukrayna heç vaxt belə bir zaman çərçivəsində belə status almazdı” dedi. “Bizim Ukraynaya verdiyimiz siqnal simvolik xarakter daşıyır” deyən, Belçikanın baş naziri əlavə edib ki, “Ukrayna üçün bu çox, çox uzun bir yol olacaq”. Avropa Komissiyasının rəhbəri xanım Leyen isə Ukrayna ilə bağlı “istənilən sonrakı qərar nailiyyətlərə əsaslanmalıdır və qaydalara uyğun olaraq qəbul edilməlidir" deyib.  Oxşar bəyanatlar Almaniya, İtaliya, Danimarka, Portuqaliya rəsmilərindən də gəlib.   

Amma yenə vurğulamaq lazımdır ki, Ukrayna nəinki namizəd, indiyədək gərək çoxdan bu qurumun üzvü olmalıydı, həm buna haqqı çatırdı, həm də bu ölkənin iqtisadi potensialı Avropa Birliyinə güc qatardı. Amma korrupsiyanın caynağından heç cür xilas ola bilməməsi Avropanı qorxutdu. İndi isə Ukrayna həm də hərbi poliqondur, Krımdan daha böyük əraziləri de-fakto işğal altındadır. Üstəlik, Ukrayna  konstitusiya islahatlarından tutmuş, korrupsiyaya qarşı mübarizə üzrə xüsusi prokuror seçiminə, media qanunvericiliyinin Avropa qanunlarına uyğunlaşdırılmasından tutmuş, milli azlıqların (hətta seksual azlıqların da- LGBT)  hüquqlarının qorumaq kimi öhdəliklər götürməlidir. Ukraynada isə indi bunun tam əksidir: partiyalar siyasi mövqelərinə görə bağlanır, adamlar tutulur, müstəqil media sıradan çıxarılıb, əgər məsələn, ruslar milli azlıqsa, rus dilinə və adına bağlı nə varsa, hamısı qadağandır. Avropada bu sahələrə indi xüsusi nəzarət olunmur. Onlar da Ukraynanın hələ ki, bu tələblərə əməl etməyə zamanı olmadığının fərqindədirlər, zatən namizəd statusu istənilən vaxt ləğv edilə bilər axı...

Böyük Britaniyanın baş naziri Boris Consonun Zelenskini bu münasibətlə təbrik etməsi isə siyasi riyakarlığın nümunəsidir. Consonun partiyası İngiltərənin Avropa Birliyindən çıxması prosesinə rəhbərlik edib, indi bu adam qalxıb, Ukraynanı təbrik edir. Yaxşıydırsa, niyə çıxırdınız bu qurumdan? Həmin Conson son olaraq deyib ki, Qərb Ukraynaya təzyiq göstərə və onu "pis sülhə məcbur edə" bilər. Consona görə, bu, Avropada iqtisadi vəziyyətin pisləşməsi səbəbindən baş verə bilər. "Buna görə də ukraynalıları pis sülhə sövq etmək, hətta bəlkə də məcbur etmək üçün təzyiq güclənəcək", - deyə baş nazir bildirib.

Ən optimist proqnozlara görə, Ukraynanın tamhüquqlu üzvlüyü yeddi-səkkiz ildən sonra gerçəkləşə bilər. Amma etiraf etmək lazımdır ki,  hətta 7-8 aydan sonra Ukraynanın başına nə gələcəyini heç kim bilmir və deyə bilməz. Avropa Birliyi də həm də bu səbəbdən Ukraynaya namizədlik statusu verdi...

Nazim SABİROĞLU,
Musavat.com

  

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR