İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı vətəndaşlarına sahib çıxmayan İran - Güney Quzeydən kömək gözləyir

506 31.01.2023 11:45 Gündəm A A

İran rejiminin ölkənin azərbaycanlı əhalisinə və onun elementar haqlarına laqeyd yanaşması təzə məsələ deyil. 40 milyona yaxın güney azərbaycanlıların öz ana dilində təhsil almasına imkan verilməməsi, onların yaşadığı bölgələrin iqtisadi inkişafına süni əngəllər yaradılması, həmin ərazilərə başqa regionlarla müqayisədə daha az maliyyə vəsaitlərinin ayrılması bunun bariz təzahürüdür. Urmu gölünün məqsədli şəkildə qurudulması da eyni hədəfə - soydaşlarımızın dağılışıb başqa bölgələrə getməsi və assimilyasiya olmasına hesablanıb.

İndi də zəlzələ olayı. Xəbər verildiyi kimi, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfərə çatıb. Zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri isə təbii fəlakətin baş verdiyi ərazidən 122 nəfərin yaralandığını açıqlayıb. Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir. Zəlzələnin təsiri qonşu kəndlərdə də hiss olunub.

Yada salaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. İran hökuməti isə zəlzələdən zərərçəkən azərbaycanlılara sahib çıxmaq istəmir. Faktiki onları taleyin ümidinə buraxıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, zəlzələdən zərərçəkənlər şaxtalı havada küçədə qalıblar.

GünAz TV-nin rəhbəri, Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından olan Əhməd Obalı da Güney Azərbaycanda dünən gecə baş verən zəlzələdən sonra yaşanan acınacaqlı vəziyyətdən danışıb. Əhməd Obalı bildirib ki, Xoy şəhərinin yaxınlığında hələ 10 gün əvvəl baş verən güclü zəlzələdən sonra onlarla soydaşımız evsiz qalıb: “Onlar bu gün də küçələrdə gecələyir, mənfi 10 dərəcə şaxtada çadırlarda qalmağa məcbur olurlar. Eyni zamanda dünən gecə baş verən zəlzələdən sonra da İran dövlətinin dediyinə görə, 973 nəfər yaralanıb, ölənlər var. 70 kəndin 80 faizi dağılıb. Bundan öncəki statistikaya baxsaq deyə bilərik ki, xəsarət alan və itkilərlə bağlı İran dövlətinin verdiyi rəqəmlər ən azı 3 dəfə azdır. İran dövləti bu gün evsiz qalanların əksəriyyətinə çadır da verməyib...”

Əhməd Obalı: PKK terror təşkilatının əsas kökü İrandadır

Əhməd Obalı 

Əhməd Obalı İran dövlətinin məsələyə olduqca etinasız yanaşdığını bildirərək Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəyib: “İran dövləti düşmən kimi bizi dondurmaqla məşğuldur. Bizə yox, terrorçulara dəstək olur. Şimallı, cənublu həmvətənlərimizi də zəlzələdə zərər görən soydaşlarımıza yardım etməyə dəvət edirəm”.

Onu da qeyd edək ki, İranın Xoy şəhərində 4,5 bal gücündə daha bir zəlzələ olub. Zəlzələ Naxçıvanda da hiss edilib.

Güneydən olan yazıçı-ziyalı Sayman Əruz məsələ ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda vəziyyət  ürəkaçan deyil: “İranda insanlar özü artıq bir-birinə kömək edir. Hələb, Tehran və digər şəhərlərdən artıq xalq özü lazım olan ləvazimatları-çadırlar, isidicilər və digər lazımi əşyaları götürüb Xoya tərəf gedirlər. Orada böyük bir maşın parkinqini isə milli fəal Kərim Boksor hədiyyə edib, bütün ərzaqlar ora toplanır, oradan da Xoya aparılır. Molla hakimiyyətinin diqqəti yoxdur. Heç bir yardım, köməkdən söhbət belə getmir. İnsanlar qışın soyuq vaxtında küçələrdə, çadırlardadır. Hazırda onların ciddi diqqətə, yardıma ehtiyacı var. Belə getsə, o ailələr bu qışı çox ağır vəziyyətdə keçirəcəklər. Haradasa min nəfərə yaxın yaralı var. Evlər dağılıb, yaşamağa yararlı deyil. Ona görə də əhali köçməyə məcburdur. Sadəcə olaraq, bir elan verdik, cəmiyyət də bizim elana əsasən dəstək verdi. Belə ki, Urmiyaya yaxın şəhərlərdə insanlar öz evlərinin qapısını zəlzələdə xəsarət görən ailələrə açdılar. Xalq özü-özünə kömək edir. Dövlət, həmişəki kimi, xalqı tək qoyub”.

Sayman Aruz diplom satması ilə bağlı ittihamlara cavab verdi

Sayman Əruz: “İnsanlar qışın soyuğunda küçələrdə qalıblar, yardıma ehtiyacları var”

S.Əruz əlavə edib ki, hazırda orada çadırlara, adyallara, ərzağa, isidicilərə ehtiyac var: “Faktiki olaraq xalqın yaşaması üçün bir divarı belə yoxdur, soyuqda çöllərdə qalıblar. Azərbaycandan da yardımları toplayıb ora göndərmək lazımdır. Güneylilər illərdir ki, etiraz edirlər, ana dili uğrunda, müstəqillik istəyirlər etiraz edirlər, hökumət illərdir ki, etinasızlıq göstərir. Nə qədər ki, mənfur molla hakimiyyəti oradadır, bizim etirazlarımız bitməyəcək. Müstəqilliyimizi əldə etməyənə qədər biz etirazlara davam edəcəyik. Bilirik ki, dədə-baba yurdumuzda düşmənlə döyüşürük. Bizi öz yurdumuzda əsir saxlayıblar. Biz o əsarət divarını yırtana qədər, azadlığa qovuşana qədər vuruşacağıq”.

Bu arada, yanvarın 28-i gecə saatlarında Xoy şəhərində baş verən zəlzələ nəticəsində evləri xəsarət alan azərbaycanlıların etirazlarına hökumətin sərt müdaxiləsi geniş reaksiyalara səbəb olub. İranın keçmiş şahının oğlu Rza Pəhləvi də hadisəyə münasibət bildirib. “İran hökuməti zəlzələdən zərərçəkənlərə təcili yardım etmək əvəzinə bölgəyə repressiv qüvvələr və texnikalar göndərib. Əlbəttə, cinayətkar və anti-İran rejimdən bundan başqa heç nə gözlənilmirdi”, - Rza Pəhləvi özünün Tvitter səhifəsində yazıb.

Tənzilə Rüstəmxanlı – Rəsmi İnternet Saytı

Tənzilə Rüstəmxanlı: “Türkiyədən, Azərbaycandan soydaşlarımıza nə köməklik lazımdırsa, etməliyik”

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirdi. Onun sözlərinə görə, bir dövlətin ərazisində zəlzələ baş verir, etnik kimliyindən asılı olmayaraq o dövlətin ərazisində yaşayanlar o dövlətin vətəndaşı hesab olunur: “Öz vətəndaşına münasibətdə fars şovinizmi birinci dəfə deyil. Orada yaşayan İran vətəndaşlarına tamamilə fərqli münasibət var, azərbaycanlılara, türkə tam başqa münasibət var. 30 il bundan öncə də orada zəlzələ olmuşdu, biz həmin əraziyə getmişdik, azərbaycanlıların durumunu onda gördük. Halbuki Azərbaycanla İranın münasibətləri bu dərəcədə gərgin deyildi. Onda da onlara yad münasibət var idi. Bu gün də davam edir. Təbii fəlakət olanda dünyanın öndə gedən dövlətləri, millətləri təbii fəlakətin baş verdiyi ölkələrə yardım edir. Türkiyə bu məsələdə çox güclüdür, misal üçün, onların "Qızıl ay", İnsani Yardım Vakfı kimi təşkilatları var ki, dünyanın hansı nöqtəsində təbii fəlakət baş verərsə, onlara yardıma gedirlər. Düşünürəm, Türkiyə də tez bir zamanda ora kömək etməlidir. Əlbəttə, Azərbaycan da öz soydaşlarına hər zaman sahib çıxıb, amma  görək İran buna necə münasibət göstərəcək. Çünki Azərbaycana qarşı düşmən münasibəti var. Baxın, dünyanın heç bir beynəlxalq hüququna sığmayan, bütün beynəlxalq hüququ çeynəyərək Azərbaycanın toxunulmazlığı sayılan səfirliyində terror törədirlər. Şəhidimiz, yaralımız var. İran dövləti nümayişkaranə şəkildə guya bu məsələni araşdıracaq, guya cinayəti törədənlər haqqında tədbir görəcək kimi siyasət aparır. Bu, dövlət siyasətidir. Necə ki, Ermənistan terroru dövlət siyasətinə çevirib, İran da terroru dünyada dəstəkləyən ölkələrdəndir. Biz ürəkağrısı ilə bu prosesləri izləyirik. Mütləq hansısa yolla bu insanlara yardım olunmalıdır, dəstək verilməlidir.  İran bunun qarşısını almamalıdır, çünki bu təbii fəlakətdir. İllərlə qaynayan qazanın ağzını bərk-bərk basdırdıqca o bir gün partlayır. İran partlama ərəfəsindədir. Son bir ildə baş verən proseslər İranın viranə qalacağının göstəricisidir. Biz heç bir dövlətin ərazisində müharibənin olmasını istəmirik. Biz özümüz illərlə müharibədən əziyyət çəkmiş, torpaqları işğal olunmuş millətik. Hər bir müharibə özündən sonra hansı acılar, fəlakətlər buraxır, biz bunu yaşamış millətik. Baxmayaraq ki, mənfur qonşularımız ömrü boyu gözü başqalarının torpağında olub, buna İran da daxildir. Güney Azərbaycandan olan, milli azadlıq üçün çarpışan ürəklərin bir olması çox önəmlidir. Fikrimcə, dövlətimiz soydaşlarımıza dəstək olmaq üçün yollar axtarır, bu istiqamətdə işlər görəcək. Millət olaraq da nə lazımdırsa, bunu etməliyik".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR