Jurnalist, teleaparıcı Ülviyyə Hüseynova iki gün öncə maşın sürərkən qarşılaşdığı hadisə ilə bağlı paylaşım edib.
Musavat.com-un xəbərinə əsasən, xanım jurnalist bildirib ki, 8 Noyabr prospektində, avtobus zolağının qüvvədə olmadığı saatda sağ zolaqla 60 km/s sürətlə hərəkət edirmiş.
Bu zaman arxadan gələn və taksi fəaliyyəti ilə məşğul olan bir sürücü dayanmadan işıq siqnalları verərək yol istəməyə başlayıb. Ötmək üçün sol zolaq tamamilə boş olduğu halda, o, ara məsafəsi saxlamadan düz 5 dəqiqə ərzində bu hərəkətini davam etdirib:
"Qarşıdan sağa – Xəqani Rüstəmov küçəsinə dönəcəyim üçün zolağımı dəyişmədim və ona yol vermədim. Nəqliyyat vasitələrimiz paralelləşəndə isə aramızda mübahisə yarandı və həmin şəxs nalayiq ifadələr işlədərək məni təhqir etdi. Mən isə tam bir təmkinlə sadəcə "o sözləri sənə yedirdəcəm" dedim. Və sözümün üstündə durdum.
Daxili İşlər Nazirliyinin 102 xidmətinə, daha sonra isə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Müraciətimə dərhal və operativ şəkildə baxıldı. Həmin sürücü qısa müddətdə bölməyə gətirildi və etdiyi hərəkətdən peşman olaraq dəfələrlə üzr istədi.
Ona cəmi bir sual ünvanladım: "Sol tərəfdə ötmək üçün zolaq boş olduğu halda, nədən dayanmadan mənə işıq siqnalı verirdiniz və ötüb keçmirdiniz?" Cavabı isə təəccüblü oldu: "Maşındakı sərnişinlər ailə idi, uşaqları nadinclik edib əsəblərimlə oynayırdı..." Görünür, sürücü əsəbi olduğu anlarda Azərbaycan Respublikasının qanunlarını və ən əsası, Azərbaycan xanımına qarşı hörmət hissini tamamilə unudubmuş.
Qanunun aliliyini və vətəndaş hüquqlarını qoruyan, müraciətimə operativ reaksiya verən Daxili İşlər Nazirliyinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəhbərliyinə, eləcə də əməyi keçən hər bir polis əməkdaşına operativliyə və peşəkarlığa görə dərin təşəkkürümü bildirirəm. Hər kəs bilsin ki, haqqınızı və hüququnuzu qorumaq öz əlinizdədir. Yollarda təmkinli və hörmətli olaq".
Şahanə Rəhimli
Musavat.com






