İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrinə dəstəyin sirri etirbarlı tərəfdaş olmağındadır FOTO

427 06.06.2024 11:37 Siyasət A A

Azərbaycanda iyunun 4-də başlayan Bakı Enerji Həftəsi işini davam etdirir. Müxtəlif mövzular üzrə keçirilən panel müzakirələrinin iştirakçıları çox maraqlı fikirlər səsləndirir, əhəmiyyətli rəqəmlər açıqlayırlar.

Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin keçirildiyini nəzərə alsaq, Azərbaycanda icrada olan ənənəvi enerji, icrasına yeni başlanan yaşıl enerji layihələrinə marağın nə qədər böyük olduğunu görmək olur.

Azərbaycanda ilk  Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl - 1994-cü ildə keçirilib və ondan bəri 2020-2021-ci il pandemiya dövrü istisna olmaqla, hər il keçirilir. Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayan bu tədbir hər il təşkil olunmasına rəğmən, hər dəfə dünyanın onlarla böyük şirkətini özünə cəlb edib. Bu gün sərgiyə Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq səviyyədə dəstəklənən, ən mühüm investorların diqqətini cəlb edən yaşıl enerji layihələri də əlavə olunub.

0a9a0542-9d32-3c94-a44a-39f26f64-1.jpg (399 KB)

Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Bakının yaşıl enerji layihələri potensial iri investorların reallaşması mümkün olan layihələr kimi böyük marağına səbəb olub. 2022-ci ildə Buxarestdə Azərbaycandan Avropaya bərpa olunan mənbələrdən enerji ixracını nəzərdə tutan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” (Qara dəniz sualtı enerji kabeli) layihəsi imzalandıqdan sonra dünyanın ən nüfuzlu şirkətləri ona maraq göstərməyə başladılar. Hazırda Azərbaycan bu layihənin icrasında kiminlə işləmək qərarını verərkən kifayət qədər geniş seçim imkanına malikdir.

7bc456b8-0658-3965-a17f-624560d4.jpg (572 KB)

Layihəyə belə marağın səbəbini Azərbaycanda bir neçə milyard dollarlıq alternativ enerji layihələrinin icrasına başlayan Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Masdar" şirkətinin Asiya və Afrika regionlarında inkişaf və sərmayələr üzrə direktoru Abdulla Zayed çox obyektiv şəkildə ifadə edib:

"Biz burda ambisiya və güclü istəyin olduğunu görürük. Hökumət verdiyi vədi yerinə yetirir. Bu da bizim burada mövcudluğumuzu davam etdirməyə kömək edir. Biz özümüzü strateji investor kimi görürük. Azərbaycanda qalmaq və davamlı şəkildə inkişaf etmək üçün buradayıq".

“Masdar” artıq Qaradağda ilk GES-i istifadəyə verib, Bakı Enerji Həftəsi çərçivəsində onun iştirakı ilə daha 3 alternativ enerji istehsalı stansiyasının təməli qoyulub.

Alternativ enerji istehsalı sahəsində digər dünya nəhəngi Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti isə Azərbaycanda bərpa olunan enerji layihələrinə 5 milyard dollara yaxın sərmayə yatırmağı planlaşdırır. Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı "Acwa Power" şirkətinin regional direktoru Abid Malik deyib. Onun sözlərinə görə, şirkət Azərbaycanda dənizdə bərpa olunan enerjini inkişaf etdirmək niyyətindədir.

Abid Malik onu da qeyd edib ki, Azərbaycanda həm böyük bərpa olunan enerji potensialı və əlverişli investisiya mühiti var, həm də ki, istehsal edilən elektrik enerjisini Avropaya ixrac etmək perspektivləri mövcuddur. Bu kontekstdə “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihəsinin həyata keçməsi çox vacibdir.

c5739e47-6b24-36da-b016-58bb2583.jpg (432 KB)

Bəli, Azərbaycan 30 ildə özünün etibarlı tərəfdaş olduğunu tam sübut etmiş bir ölkədir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılışı mərasimində qeyd etdiyi kimi, Bakı verdiyi sözü tutduğunu onilliklər ərzində nümayiş etdirib:

“Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.

7478f70c-0d57-315a-b970-b6f84def.jpg (360 KB)

Məhz etibarlı tərəfdaş olduğuna görə Avropa İttifaqı Azərbaycanın bütün enerji layihələrini dəstəkləyir. Bura həm neft-qaz kimi ənənəvi enerji, həm də yaşıl enerji layihələri aiddir. Avropa İttifaqının “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” (Qara dəniz sualtı enerji kabeli) layihəsinə birbaşa dəstək verməsi, onun icrası üçün atılan addımlarda iştirak etməsi də bu etibardan qaynaqlanır:

“Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Qaz təchizatımızın coğrafiyası artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər”.

6fb61f77-7063-3bcd-bafb-40a3951d.jpg (228 KB)

İndi Azərbaycan çoxmilyardlıq yaşıl enerji layihələrinin icrasına başlayıb. Yaxın 3 ildə həyata keçiriləcək alternative enerji layihələri Azərbaycanda bərpaolunan enerji potensialını 2 qiqavata yaxın həddə çatdıracaq:

“Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir;

Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək”.

Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potrensialı 157 giqavatt həcmində qiymətləndirilir. Azərbaycan beynəlxalq şirkətlərlə bu potensialın mənimsənilməsi üzrə işlərə başlayıb. Avropa İttifaqı dənizdə külək enerjisi istehsalı üçün zəruri olan avadanlıqların Azərbaycana təqdim edilməsini real hesab edir, artıq ilkin araşdırmalara başlanıb.

5e64f0a6-c82b-3d9b-ba50-f40e45f5.jpg (334 KB)

Azərbaycan Xəzər dənizinin potensialından yararlanmaqla yanaşı, qlobal iqlim dəyişikliyinin ona vurduğu zərəri də nəzərə alır və onun qarşısının alınması üçün sahil dövlətləri ilə sıx əməkdaşlıq qurmağa çalışır:

“Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil. Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik”.

2b39ccd4-be6f-33b8-bae3-f11bd7f7.jpg (258 KB)

Azərbaycan iqlim dəyişikliyinə qarşı regional səviyyədə deyil, beynəlxalq səviyyədə mübarizənin aktiv iştirakçısıdır:

“İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq”.

2bcaa016-0716-3b2d-a8c1-eccde348.jpg (383 KB)

Azərbaycanın COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliklərinə qarşı mübarizədə daha təsirli addımların atılması baxımından mövqeyini daha da gücləndirir:

“Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR