İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın haqlı mövqeyi...

403 24.02.2023 14:55 Siyasət A A

Azərbaycan müharibə cinayətlərinə görə Ermənistanın beynəlxalq platformalarda cəzalandırılmasını, bu ölkə barəsində hüquqi ölçülər götürülməsini tələb edir. Bu məqsədlə ölkəmiz əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. 22 fevral 2022-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi müvafiq qərar qəbul edib. Həmin qərarda respublikamızın yuxarıda bəhs etdiyimiz beynəlxalq konvensiya üzrə iddiaları əsasən təmin olunub. Eyni zamanda, qurum Ermənistanın ölkəmizə qarşı bir sıra əsassız iddialarını rədd edib.

Dəhşət saçan faktlar

Azərbaycanın müxtəlif instansiyalara, o cümlədən də Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Bu sənəd özündə Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir. Vurğulandığı kimi, Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məntəqələri yaratmaq olub.

Vətən müharibəsindən sonra Azərbaycanın müvafiq qurumları işğaldan azad edilmiş ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Aşkarlanan faktlar, necə deyərlər, dəhşət saçır. Ermənistanın müharibə cinayətlərinin miqyası çox böyükdür. Bu ölkənin etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub. Bu günədək yüz minlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir. İşğal dövründə və 2020-ci ildə müharibədən sonra erməni silahlı birləşmələri ərazilərimizdən geri çəkilərkən Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər tamamilə dağıdılıb. Bütövlükdə, işğal dövründə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan edilib. Ərazilərimizdə basdırılan minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır.

Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb.

Azərbaycan tərəfinin müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb.

Azərbaycan XİN alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı mətbuat məlumatı yayıb. Sənəddə İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarının qeydə alındığı bildirilir. Vurğulanıb ki, məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfindən bir daha təsdiq edilməsini alqışlayırıq. XİN-in yaydığı mətbuat məlumatında oxuyuruq: “Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.

Həmçinin, Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəklənməsinin dayandırılması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini alqışlayırıq”.

Ölkəmiz öhdəliyinə sadiqdir

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Laçın yolu ilə bağlı ədalətli yanaşmasını və mövqeyini təqdim edib. Ermənistanın qurum qarşısında irəli sürdüyü məsələlərdən biri də bütün şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin tam dayanıqlı və azad şəkildə Laçın yolundan keçməsi ilə bağlı Azərbaycanın öhdəliyin müəyyən edilməsinə dair olub. Azərbaycan üçtərəfli Bəyanatda təsbit olunan öhdəliklərinə sadiqdir. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunda nəzarət Rusiya sülhməramlılarına aiddir və Azərbaycanın öhdəliyi humanitar məqsədlə keçidlərin təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycanın bu günə qədər olduğu kimi, bundan sonra da öz öhdəliklərinə sadiq olduğu məhkəmə dinləmələrində səsləndirilib. Zəmanət verilib ki, məhz humanitar məqsədlər üçün hərəkətlərin təhlükəsizliyi təmin ediləcək. Məhkəmə qərarını açıqlayanda Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb.

Erməni əhalinin yaşadığı bölgənin təchizatına Azərbaycan tərəfindən heç bir müdaxilə olunmur

Beynəlxalq Ədalət Məhkəməsinin qərarında Ermənistanın guya erməni əhalinin yaşadığı bölgənin təchizatına Azərbaycan tərəfindən müdaxilələr olunduğu barədə vəsatət də rədd olunub. Qeyd edək ki, Ermənistan tərəfi ilk dəfə deyil ki, belə bir absurd iddia ilə çıxış edir. Halbuki bu iddianın hər hansı bir əsası yoxdur. İşğal dövründə və postmüharibə mərhələsində hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan tərəfi öz öhdəsinə düşə biləcək bu və ya digər hərəkətlərin təmin edilməsi, öz ərazisindən keçən qaz boru xəttinin təmiri ilə bağlı əgər Ermənistan tərəfindən müraciət edilərsə, bu əməkdaşlığa hazır olduğunu bildirməsi barədə dəlil və sübutlarını məhkəməyə təqdim edib. Ermənistanın bu vəsatəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də açıqladığı qərarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bununla bağlı məhkəmənin gəldiyi rəy və qənaət ondan ibarət olub ki, Azərbaycan tərəfi təbii qaz, elektrik enerjisi təchizatı və internet xidmətləri ilə bağlı həmin bölgənin təchizatında heç bir müdaxilə etmir və belə iddiaların heç bir əsası yoxdur. Bununla da Ermənistan tərəfinin məlum məsələ ilə bağlı vəsatəti rədd edilib.

Mina terroru ifşa olunur

Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi iddia sənədində yer alan mühüm vəsatətlərdən biri Ermənistanın ölkəmizə qarşı apardığı mina terroru ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandıqdan sonra xoş məram nümayiş etdirərək ermənilərin ərazilərimizdən çıxmaları üçün möhlət verdi. Erməni hərbi birləşmələri isə bundan sui-istifadə etməklə yollara, meşələrə, qəbiristanlıqlara, əkin sahələrinə, ümumiyyətlə ən ağlagəlməz yerlərə çoxlu sayda minalar basdırdılar. Ermənilər mina terrorunu postmüharibə dövründə də davam etdirirlər. Onlar ərazilərimizə 2021-ci ildə Ermənistanda istehsal olunan minalar daşıyaraq basdırıblar. Son iki ildə həmin minalardan 300-dək vətəndaşımız xəsarət alıb- ya həyatlarını itiriblər, ya da ağır yaralanıblar. Azərbaycan vəsatətində Ermənistan tərəfindən minalanmış ərazilərin səhih xəritəsinin ölkəmizə təqdim olunmasını, həmçinin bu ölkənin mina terroruna görə cəzalandırılmasını tələb edib. Ermənistan isə 2021-ci ildə istehsal edilmiş minaların işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanması haqqında respublikamız tərəfindən ortaya qoyulan faktların heç birini məhkəmə prosesi zamanı təkzib edə bilməyib. Ermənistanda 2021-ci ildə istehsal olunan bu minalar ərazilərimizə ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi. Bu da onu göstərdi ki, son iki ildə Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozur.

Ekofəalların aksiyası ilə bağlı Ermənistanın iddiası rədd edilib

Beynəlxalq ədalət Məhkəməsinin çıxartdığı son qərarını “Yeni Azərbaycan”a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu sənədin Azərbaycan həqiqətlərinin, ölkəmizin ədalətli yanaşmasının və prinsipial mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyətə malik olduğunu bildirib.

Çingiz Qənizadənin də vurğuladığı kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Xankəndi-Laçın yolunda aksiyaların Azərbaycan hakimiyyəti tərəfindən dəstəklənməsi və dayandırılması iddiasını rədd edib. Bu aksiyalar ermənilərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində yerləşən təbii ehtiyatlar yataqlarının qeyri-qanuni istismarı, sərvətlərimizin talanması, ekologiyaya ziyan vurulması ilə əlaqədar keçirilir. Aksiya iştirakçıları vətəndaş mövqeyi ortaya qoyaraq qeyri-qanuni fəaliyyətlərin dayandırılmasını tələb edirlər. Ermənistan tərəfinin ekofəalların aksiyası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə iddia ünvanlamasının isə heç bir məntiqi əsası yoxdur. Yeri gəlmişkən, Azərbaycan tərəfi yanvarın 30-da dinləmələr zamanı həmin etiraz aksiyalarını həqiqətən də ekofəallar tərəfindən təşkil olunduğunu, həmin etirazlarda iştirak edən QHT-lərin siyahılarını, ekofəalların adlarını, ümumilikdə, etiraz aksiyalarının nə ilə bağlı həyata keçirildiyini, bununla əlaqədar təfsilatlı məlumatı məhkəməyə təqdim edib. Həmin dinləmələr də açıq şəraitdə keçirilib, canlı yayımda göstərilib. Beləliklə də, Ermənistanın iddialarının tam əsassız olduğu sübuta yetirilib.

Çingiz Qənizadə Xankəndi-Laçın yolunda aksiyaların Azərbaycan hökumətinin siyasi qərarı əsasında təşkil edildiyinə dair Ermənistanın vəsatətinin rədd olunduğunu təqdir etdiyini bildirsə də, müəyyən narahatlıqlarını da dilə gətirib: “Qeyd etmək istəyirəm ki, 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistana qarşı bir vəsatət təmin olunmuşdu. Azərbaycan tərəfindən irəli sürülən həmin vəsatət Ermənistanda azərbaycanlılara qarşı etnik nifrəti təşviq edən qruplaşmaların fəaliyyətinin dayandırılması ilə bağlı idi Azərbaycanın istəyi ilə bu vəsatət təmin edilmişdi. Ermənistan tərəfi bu günədək həmin qərarı yerinə yetirməyib. Ədalət Məhkəməsinin qərarını yerinə yetirməyən bir dövlətin yenidən bu quruma iddia təqdim etməsi və ondan ədalət umması hansı məntiqə sığır? Bu ölkə özü Beynəlxalq Ədalət Məhkəməsinin qərarına hörmətsiz yanaşır, ancaq qurumdan ədalət gözləyir?!”

Ermənistanın aksiyaların guya dövlət tərəfindən dəstəklənməsi və dayandırılması tələbi ilə bağlı iddialarının heç bir hüquqi və faktoloji əsasının olmadığını deyən Çingiz Qənizadə sual edib: Ermənistanın məsuliyyətsizliyinin müqabilində Azərbaycanlı ekoloqlar niyə aksiyanı dayandırmalıdırlar? “Mən hesab edirəm ki, ekoloqlarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaları axıradək davam etdirməkdə haqlı olacaqlar. Aksiyaların dayandırılmasına Azərbaycan hökuməti deyil, onu başlayan vətəndaş cəmiyyəti institutlarının özləri qərar verməlidirlər. Ümid edirəm ki, bu qərar o vaxt qəbul olunacaq ki, Azərbaycanın müvafiq qurumları Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yerləşən ərazilərimizdəki yataqlarda normal monitorinqlər keçirəcəklər və orada yeraltı və yerüstü sərvətlərimizin talan edilməsi ilə bağlı fəaliyyətlərin qarşısı alınacaq. Yalnız bundan sonra aksiyaların dayandırılması gündəmə gələ bilər”,- deyə Çingiz Qənizadə vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR