İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “Fil”ə çevrilməsi-Yaqub Məmmədov 30 il əvvəl deyəndə ki...

11534 23.09.2023 14:05 Yazarlar A A

1992-ci ci ilin 5 martından 18 mayınadək Ali Sovetin sədri olan və prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun parlamentdəki son çıxışında “biz böyük oyunların peşkalarıyıq” deməsi nə o zaman tutduğu yüksək posta, nə özünə “siyasətçiyəm” deyən şəxsə yaraşardı.

Bunu dağılmaq həddinə gələn dövlət, yoxsa məsələn, onu bu posta oturmağa özünün ifadəsiylə desək, məcbur etmiş AXC hakimiyyətinə aid etdiyi artıq müzakirə mövzusu deyil, çünki o zamandan çox sular axıb. Amma Yaqub Məmmədovun bu sözləri nədənsə, arada yenə ən müxtəlif kontekslərdə xatırlanır. Elə bu günlərdə həmkarlardan biri Azərbaycanın artan gücünə və regional roluna işarə edərək, “görəsən, Yaqub Məmmədov indiki Azərbaycana nə deyərdi” replikası verdi. Sərlövhə hər şeyi deyir, amma cavabımı yenə sonda yazacağam... 

yakub.jpg (244 KB)

Dövlətin yenicə müstəqillik dövründə üzləşdiyi çətinliklərin içərisində ən çətini əlbəttə ki, erməni təcavüzü idi. Digər bütün çətinliklərin bəlkə də öhdəsindən gəlmək olardı, amma gənc ölkənin ərazisinə təcavüz hər şeyi alt-üst etdi. Hərc-mərclik, hakimiyyət uğrunda mənasız mübarizə, daxili gərginlik, ordunun qurulmaması ölkəni elə vəziyyətə gətirdi ki, Yaqub Məmmədovun niyə dövlətin gücsüzlüyünü (və ya onun hər hansı strukturunun, hakimiyyətinin) ən uğursuz, daha dəqiqi aşağılayıcı ifadəni seçərək dilə gətirdiyinə bəlkə də təəccüblənmirsən. 

Köhnə palan içi tökməyə gərək yoxdur, bu işğal bizim tariximizə qara səhifə kimi düşdü və onun günahını məsələn, AXC-yə və ya ayrı-ayrı şəxslərinin üzərinə yükləməkdən uzağam. Azərbaycan həm də o gərgin, qarışıq dövrün qurbanı oldu. Geri çevrilib o Azərbaycana baxanda -halbuki o tarixdən bizi çəmi 30 il ayırır-nə qədər zəif, nə qədər dişsiz ölkə durumunda olduğmuzu fərq edirsən. Bu nə rəhmətlik Elçibəyin günahı idi, nə onun həqiqətən də təcrübəsiz komandasının. Bu, həm də bizi bu regionda əzmək, öz vassalına çevirmək istəyən İran və Rusiyanın tarixi düşmənlərimiz olan ermənilərlə, onların lobbiləri ilə birgə işləyib hazırladığı dövləti parçalamaq, fürsət olsa hətta torpaqlarını bölüşdürmək planı idi. Bizə indi fantastika kimi gəlir, amma 30 il əvvələdək belə gücsüz vəziyyətdə idik. Düzdür, böyük güclər bu planlarından təcrübəli dövlət adamı rəhmətlik Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə də əl çəkmədilər, torpaqlarımızın işğalı dayanmadı, hakimiyyət çevrilişi cəhdləri yenə oldu.

khojaly_frederique_lengaigne2.jpg (717 KB)

Ta 1994-cü ilin atəşkəsi gətirən Bişkek protokoluna qədər də səngimədi. Bu, saziş nə qədər ağır olsa da, bizə nəfəs dərmək, çoxsaylı qaçqınları yerləşdirmək, dövlətin belini dikəltmək, “Əsrin müqaviləsi”ni imzalamaq, Bakı-Ceyhanı işə salmaq imkan verdi. Dövlət belini dikəldikcə, onunla hesablaşlamağa da başladılar. Ölkə ordu quruculuğuna xüsusi diqqət ayırdı, bizim sözümüzü eşidən dövlətlərin sayı da artdı. Azərbaycan iki ciddi və məkrli qonşusu-Rusiya və İranla anlaşdı, Gürcüstanla qırılmaz iqtisadi bağlar qurdu, Türkiyə ilə “bir millət iki dövlət”ə doğru yola çıxdı, Qərb ölkələri ilə iqtisadi əlaqələr, diplomatik körpülər atıldı. Biz bilmirik, bəlkə də hansısa güzəştlər də edildi, o səbəbdən ki, Azərbaycanı inkişafdan saxlamasınlar. Çünki dövlətə inkişafa, hamar yola çıxmaq lazım idi. 

Screenshot_1.png (1.13 MB)

Çətin oldu, amma oldu. Biz yardım alan ölkədən, yardım edən dövlətə çevrildik. Bir kəndimizi qorumaq üçün quş tüfənginin ümidinə qalan ölkə indi ən müasir silahlara və ən əsası dövləti qoruya biləcək, hərbdə zəfər qazanmış çox güclü orduya malikik. Bu gün Rusiya mediasında bir yazıda Azərbaycan ordusu, silahları haqda yazılmışdı. Qərəzli məqamlar da çox idi, amma ordumuz haqda o sözləri oxumaq xoş idi, həm də o səbəbdən ki, bu bir gerçəkdir. 

2020-ci ildə işğaldakı torpaqların cəmi 44 günə azad edilməsi Azərbaycanın dünyadakı gücünün təsdiq oldu. Daha doğrusu, möhürü. Bizi sevməyənlər, üzümüzə gülüb, arxamızdan iş çevirənlər də, öz pis xislətlərini aşkar bildirənlər də var, olacaqlar da.

1st_Army_Corps_at_the_Victory_parade.jpg (1.82 MB)

Bundan daha əsla narahat olmağa dəyməz. Güclü dövlətin bədxahları da çox olur. Bunu topraqlarımızın erməni terrorçularından təmizləyəndə də bir daha gördük. Avropa İttifaqı əleyhimizə bəyanat hazırladı, amma bizə dövlət olaraq dost münasibət göstərən Macarıstan sənədin qəbuluna veto qoydu. Getdi 26 ölkənin imzaladığı sənəd tarixin zibilliyinə. Avropa Parlamentində, ABŞ Senatında, Fransa hakimiyyətinin bütün kabinetlərində hələ qeybətlərimiz çox olacaq. Almaniyanın Günəşi güləş kimi başa düşən xarici işlər naziri kimiləri də qarşımıza çıxacaqlar. Amma heç kim bizə əsla daha 30 ill əvvəlki gözlə baxa bilməz... 

şax.jpg (234 KB)

Qayıdıram yazının əvvəlində vəd etdiyim fikrə. Həmkarıma dedim ki, indiki siyasət taxtasında Azərbaycanın yeri şah, vəzir, top və filin yanındadır. Mən Azərbaycana “Fil”dir deyirəm...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR