İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın artan qlobal uğuru Fransa və Ermənistanın uğursuz təxribatına qarşı

532 19.05.2024 17:03 Siyasət A A

Antiterror əməliyyatından Ermənistan və Fransanın Cənubi Qafqazda postmünaqişə dövründə normallaşma vəziyyətini gərginləşdirmək üçün yeni təxribatlar yaratmaq, Azərbaycanı dünya ölkələrində izolyasiya vəziyyətində saxlamaq cəhdləri gözlənilən nəticəni vermədi.

İlk günlərdən həvəslənməyə başlayan "iki bacı" - Ermənistan və Fransa özləri sonradan uğursuzluğa düçar oldu. Azərbaycanın beynəlxalq arenada artan uğuru onların istək və niyyətlərinin üstündən xətt çəkdi.

Özünü Qərbin aparıcı ölkəsi hesab edən Fransanın indiki hakimiyyəti qoca qitənin digər ölkələrinə xəstə arzularını şaxələndirə bilmədi. Belə ki, Azərbaycan günü-gündən Qərblə yaxınlaşmağa başladı. Prezident İlham Əliyevin bu il Almaniyaya baş tutan iki səfəri sübut etdi ki, Berlin Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlardandır. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var. Çünki Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyət düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.

Ayrıca bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransında Azərbaycan tarixi uğura imza atdı. Dövlət başçısı bu tədbirdə iştirak etməklə Avropada Bakı ilə bağlı dolaşan şayiələrə, suallara cavab verdi, bölgədəki siyasi reallıqları Qərb siyasətçilərinin diqqətinə çatdırdı. Azərbaycan liderinin keçirdiyi görüşlər, səslənən bəyanatlar bu cəfəng iddiaların üstündən birdəfəlik xətt çəkdi.

İtaliya ilə əlaqələr ənənəvi yaxşıdır. Ötən ayın əvvəlində rəsmi Romanın Fransanın Azərbaycan-Ermənistan normallaşması ilə bağlı bəyanatlarını tənqid etməsi İtaliya ilə ölkəmizin normal məcrada olan münasibətlərinə işarədir.

Bu il diplomatik münasibətlərin 32-ci ildönümünü qeyd etdiyimiz Böyük Britaniya ilə çox sıx və dərin əlaqələr var. COP29-a ev sahibliyi edən Azərbaycanın Britaniyanın COP26 kimi təcrübəsindən istifadə edəcəyi ilə bağlı bəyanatlar bunu deməyə əsas verir.

Ümumilikdə Avropa İttifaqı ilə münasibətlər Fransanın və Cozef Borrellin hikkələrinə baxmayaraq uğurla davam edir. Aİ-nin üzv ölkələri ilə strateji tərəfdaşlıq sənədlərinin sayı 10-a çatıb. Bununla yanaşı, Slovakiya və Bolqarıstan liderlərin Bakıya uğurlu səfərlərini xüsusi qeyd etmək lazımdır. Slovakiyanın Baş naziri Robert Fitsonun mayın 7-də Prezident İlham Əliyev ilə mətbuata bəyanatında dövlət başçımız haqqında səsləndirdiyi fikirlər onu göstərir ki, Azərbaycan son illər beynəlxalq hüquqa hörmətlə yanaşaraq, bununla birlikdə özünün siyasi, iqtisadi inkişaf yolunda qətiyyətlə addımlayır. Bolqarıstan Prezidenti Rumen Radevin mayın əvvəlində Azərbaycana səfəri çərçivəsində bir çox sahələrdə əməkdaşlıq barədə sənədlərin imzalanması, rəsmi Sofiyanın COP29-a dəstək bəyanatları da bu qəbildəndir.

Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, Prezidentin köməkçisi Hikmət Haciyevin bu ölkəyə səfəri əlaqələrin gələcək inkişafı üçün vacib mesajların çatdırılmasını ehtiva edir. Artıq ABŞ və Azərbaycan strateji tərəfdaşlıq səviyyəsində münasibətlərdən danışırlar.

Eyni zamanda Azərbaycan və Çin arasında əlaqələr inkişaf edir. Azərbaycandan Çinə, Çindən Azərbaycana olan qarşılıqlı səfərlər ikitərəfli əlaqələrinin de-fakto strateji tərəfdaşlıqdan de-yuri strateji tərəfdaşlığa çatdırılmasını nəzərdə tutur. Yaxın zamanlarda beynəlxalq təşkilatlar çərcivəsində da iki ölkənin liderlərinin görüşü ola bilər.

Rusiya ilə münasibətlər müttəfiqlik xarakteri daşıyır. Prezidentin Moskva səfəri mühüm və xüsusi əhəmiyyət kəsb edir, çünki bu, onun yenidən Azərbaycan Prezidenti seçildikdən sonra Rusiyaya ilk səfəri, eləcə də Rusiya lideri Vladimir Putinin yenidən dövlət başçısı seçilməsindən sonra onunla ilk görüşü idi. Azərbaycan Rusiya üçün doğrudan da şəffaf, məsuliyyətli, etibarlı tərəfdaşdır, digər məsələlərlə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından da vacibdir.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri Minsk və Bakı arasında strateji tərəfdaşlığın səviyyəsini təsdiqləyir. Belarus Azərbaycana iqtisadi inkişafda və geri qaytarılan ərazilərin bərpasında hər cür köməklik göstərməyə çalışır.

İranla olan anlaşılmazlıqlar aradan qalxir. Mayın 19-da dövlət sərhədində Azərbaycan və İran dövlət başçılarının görüşü, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İran Prezidentinin Azərbaycanla əlaqələrin qonşuluq əlaqəsindən daha üstün, yəni qohumluq əlaqəsi səviyyəsində olması barədə bəyanatı gələcək strateji tərəfdaşlığın gücləndirilməsi baxımından faydalıdır.

Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu münasibətlərin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir.

Bununla yanaşı, Azərbaycan COP29-da Qlobal Şimal və Qlobal Cənubu bir araya gətirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq kimi ümumbəşəri hədəflərə nail olmaq üçün səylər göstərir. COP29-a ev sahibliyi ölkəmizin bey­nəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır, baş verən proseslərə müşahidə­çi yox, iştirakçı kimi qoşulduğumuzu dün­yaya bir daha nümayiş etdirir.

Tural Səftərov,
Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR