İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın 6 aylıq alış-verişi: ixrac azalır, idxal artır...

805 19.07.2024 08:25 İqtisadiyyat A A

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 21 milyard 768 milyon  dollara bərabər olub. “Yeni Müsavat” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz azalıb. Bu azalma bilavasitə ixrac həcmlərinin düşməsindən qaynaqlanır. 

Belə ki, son bir ildə ölkə üzrə ixrac 28 faiz azalaraq 12 milyard 900 milyon ABŞ dolları təşkil edib. İdxal isə ötən ilin ilk yarısı ilə müqayisədə 8,5 faiz artmaqla 8 milyard 867 milyon ABŞ dollarına bərabər olub.

İxracın idxalı üstələməsi nəticəsində bu ilin birinci yarısında xarici ticarət dövriyyəsində 4 milyard 34 milyon dollarlıq müsbət saldo yaranıb. Bu isə 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,4 dəfə azdır.

Altı ayda ixracdakı azalmanın əsasında isə neft-qaz sektorundan ixracın azalması dayanır. Belə ki, hesabat dövründə ölkədən 11 milyard 305 milyon dollarlıq neft-qaz sektoru məhsulu ixrac olunub. Bu, ötən ilin eyni dövrünə nəzərən 30 faiz azalma deməkdir: həmin dövrdə neft-qaz ixracımız 16 milyard 195 milyon dollar olub. 

Neft-qaz sektoru üzrə ixracdan əldə olunan gəlirlərdən ən böyük azalma qaz ixracında qeydə alınıb. Belə ki, cari ilin ilk yarısında Azərbaycan xaricə 11 milyard 826 milyon kubmetr qaz ixrac olunub, 4 milyard 69 milyon dollar əldə olunub. Bu, illik ifadədə həcm baxımından 8 faiz artım, dəyər baxımından isə 49,2 faiz azalma deməkdir.

Xam neft ixracında illik azalma həcm ifadəsində 1.7 milyon tondan yuxarıdır. Bu ixracdan əldə olunan gəlirdə isə 800 milyon dollara yaxın  azalma var. Cari ilin yanvar-iyun aylarında Azərbaycandan ən çox nefti İtaliya alıb -  4 273 815.04 min ABŞ dolları dəyərində 4 273 815.04 ton . Bu dövrdə Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 989 074.03 min dollar dəyərində 1 583 289.20 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-mart aylarında bu ölkəyə 567 774.74 min dollar dəyərində 891 896.27 ton neft ixrac edilib. Ümumilikdə bu ilin altı ayında Azərbaycan neftinin 20 ölkədən alıcısı olub. 

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 1 milyard 596 milyon dollar  təşkil edib. Bu, illik ifadədə 10 faiz azalma deməkdir: ötən ilin eyni dövründə qeyri-neft ixracımız 1 milyard 773 milyon dollara bərabər olmuşdu. Bu azalmada əsas pay elektrik enerjisinə məxsusdur: ötən ilin birinci yarısında enerji ixracımız 2,8 milyard kVt/saatdan çox olmaqla 314 milyon dollardan yuxarı gəlir gətirmişdi. Bu ilin eyni dövründə xaricə cəmi 925 milyon kVt/saat enerji sataraq cəmi 51 milyon dollar gəlir əldə etmişik.

Altı ayda qeyri-neft ixracımızın 335 milyon dollarını meyvə-tərəvəz təşkil edib. Ötən ilin eyni dövründə xaricə 350 milyon dollarlıq meyvə-tərəvəz satıldığını nəzərə alsaq, bu sahədə 15 milyon dollar, yaxud 4,3 faiz azalma olduğunu görərik. Burada əsas azalma kartof ixracında qeydə alınıb. Əgər ötən ilin birinci yarısında 71 min ton kartof ixracından 31 milyon dollar gəlir əldə olunmuşdusa, bu il ixrac 48,2 min tona, gəlir isə 20,5 milyon dollara qədər azalıb. 

İxracında azalma olan digər məhsul meşə fındığıdır. 2024-cü ilin yanvar-iyun ayında Azərbaycandan 51 milyon 900 min dollar dəyərində 8 min 425 ton fındıq ixrac olunub. Fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 milyon 719 min dollar və ya 14 faiz, miqdar ifadəsində isə 3 min 804 ton və ya 31 faiz azalıb. Xatırladaq ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycandan 60 milyon 619 min dollar dəyərində 12 min 229 ton fındıq ixrac olunmuşdu.

Bu ilin ötən dövründə Azərbaycanın ixrac etdiyi fındığın 1 tonunun orta ixrac qiyməti 6160,2 dollar olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 4957 dollar idi. Bu da illik müqayisədə fındığın 1 tonunun qiymətində 24,3 faiz artım olması deməkdir. 

Cari ilin ötən dövründə bir sıra məhsulların ixracında artım olub. Belə ki, hesabat dövründə 136 milyon 950 min dollar dəyərində 114 247 ton pomidor ixrac olunub. Bu isə o deməkdir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13.4 faiz, miqdar ifadəsində 6 faiz artıb.

2023-cü ilin ilk 6 ayında Azərbaycandan 120 milyon 730 min dollar dəyərində 108 118 ton pomidor ixrac olunmuşdu.

Hesabat dövründə ixracında artım olan daha bir məhsul xurmadır: 28 milyon dəyərində 35,4 min ton. Ötən ilin eyni dövründə xurma ixracı 14,8 milyon dollar dəyərlə 20,3 min ton təşkil etmişdi. Bu isə o deməkdir ki, xurma ixracı həcm baxımından 74,4 faiz, dəyər baxımından isə 89,2 faiz artıb.

İdxala gəlincə,  maraqlı mənzərə avtomobil idxalında müşahidə olunur: ümumi idxalda azalma olsa da, hibrid və elektromobil idxalında artım var. Bu ilin yanvar-iyun aylarında xaricdən Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd avtomobil gətirilib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd və ya 13 faiz azalıb, dəyəri  baxımından 26 milyon 60 min dollar və ya 4 faiz artıb. Xatırladaq ki, 2023-cü ilin müvafiq dövründə Azərbaycana 753 milyon 305  min dollar dəyərində 48 min 373 ədəd avtomobil idxal edilmişdi. Bu ilin altı ayında 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar (31 min 296 manat), ötən ilin eyni dövründə isə 15 min 573 dollar (26 min 474 manat) olub. İdxal qiyməti son bir il ərzində 2  min 837 dollar (4 min 822 manat), yəni 20 faiz artıb. Bu artım Azərbaycana 10 ildən artıq yaşı olan avtomobillərin idxalının qadağan olunması ilə bağlıdır. 10 ildən az yaşı olan avtomobillər ondan yaşlılarla müqayisədə daha baha başa gəlir.

Hesabat dövründə idxal olunan avtomobillərin 6 milyon 400 min dollar dəyərində 103 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 683 milyon 191 min dollar dəyərində 38 min 8 ədədi minik avtomobilləri, 266 milyon 126 min dollar dəyərində 8 min 959 ədədi hibrid, 62 milyon 214 min dollar dəyərində 1 505 ədədi elektromobillər, 68 milyon 337 min dollar dəyərində 4 min 3 ədədi yük, 21 milyon 436 min dollar dəyərində 221 ədədi isə xüsusi təyinatlı avtomobillər olub.

Gömrük statistikasına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycana 266 milyon 126 min dollar dəyərində 8 959 ədəd hibrid avtomobil idxal olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 106 milyon 544 min dollar və ya 66,8 faiz, miqdar ifadəsi ilə 1 630 ədəd və ya 22,2 faiz artıb. Beləliklə, 1 ədəd hibrid avtomobiln orta idxal qiyməti 2024-cü ilin altı ayında orta hesabla  29 min 705 dollar (50 min 498 manat) olub ki, bu da son  bir ildə  7 min 931 dollar (13 min 482 manat) və ya 36,4 faiz bahalaşma deməkdir. 2023-cü ilin yanvar-iyun aylarında isə 1 ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 21 min 774 dollar (37 min 16 manat) olub. 

Yeri gəlmişkən, Azərbaycan hökuməti elektrik mühərriklə hərəkətə gətirilən avtobusların idxalını 15 faiz gömrük rüsumundan azad edib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədədir.

Qeyd edək ki, hazırda məxsusi olaraq hava limanlarında istifadə üçün elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar idxal gömrük rüsumundan azaddır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR