İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı sevdirən “ASAN”

858 29.12.2022 19:25 Ölkə A A

2020-ci ilin payızından əvvəlki Azərbaycanla 44 günlük Vətən Savaşından sonrakı qalib Azərbaycanın fərqini hər kəs, bütün dünya görür, hiss edir. Siyasi, hərbi, mənəvi baxımdan biz indi tam başqa ölkəyik, dövlətik, xalqıq. İşğalçı Ermənistan üzərində 30 ildən sonra qələbə çalıb, torpaqlarımızı azad edib, xoşbəxt gələcəyə hədəflənmişik...

Azərbaycanın sosial həyatında da oxşar bir mənzərə mövcuddur: Düşmənin dizini yerə gətirən qalib Azərbaycanla 2020-ci ilin sentyabrınadək olan Azərbaycan və reallıqlar arasında kəskin fərq olduğu kimi, 2012-ci il dekabrın 29-dək olan Azərbaycanla ondan sonrakı Azərbaycan arasında da sosial baxımdan böyük fərq var.

“10 il öncə, 2012-ci il dekabrın 29-da ilk – 1 saylı “ASAN xidmət” mərkəzinin açılışı olub” cümləsi ilk baxışda sıradan bir kəlmə kimi görünə bilər. Amma mahiyyət etibarı ilə həmin tarixdə Azərbaycanda korrupsiya və rüşvətxorluğa, bürokratiyaya çox ciddi zərbə vurulub, vətəndaşların məmurların məngənəsindən xilası üçün kifayət qədər böyük addım atılıb. Azərbaycan xalqının, inkişafımızın düşməni olan korrupsiya və rüşvətxorluqla mübarizədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi əvəzsiz rola malikdir.
“ASAN xidmət” həyatımızı gerçəkdən asanlaşdırıb, bu qurum xalqın gözündə qəhrəman obrazındadır. “ASAN” da öz funksiyası üzrə vətəndaş məmnunluğu üçün korrupsiya, rüşvətlə mübarizənin “XTQ”sidir, desək yanılmarıq.

Əgər “ASAN” modeli tətbiq olunmasaydı, vətəndaşların gələcəyə inamı olmayacaqdı, bunu məsuliyyətlə deyə bilərik.
Təsəvvür edin, adicə bir evin qeydiyyat sənədini, çıxarışını almaq üçün vətəndaşlar 2012-ci ilədək hansı məşəqqətləri keçirdilər? “Xarici pasport” almaq üçün gərək günlərlə qapı ağzında növbə gözləyəydik. İşıq, qaz, su çəkilişləri üçün qapı döyəndə hansısa süründürməçi, irişə-irişə üzünə “əlin cibində olsun” deyən kiçik, yerli məmurlar adamların canını boğaza yığmışdı. Bu kimi nümunələri çox sadalamaq olar.
İndi neynirik? Hətta telefonla onlayn növbə götürüb, gedib 10-15 dəqiqəyə, bəzən 3-5 dəqiqəyə lazım olan sənədimizi alırıq, işimizi görürük, bəzi işlərimizi də bizim əvəzimizdən “ASAN” könüllüləri edir - ərizəni yazır, sənədini qovluqlayır və s. Təsəvvür edin, bu gün “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir! Bu təxminən o deməkdir ki, məmur özbaşınalığı azı 360 dəfə azalıb!
"ASAN Kommunal" mərkəzlərində isə Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda “ASAN Kommunal” mərkəzlərində “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.
“ASAN xidmət” birbaşa Prezident İlham Əliyevin təşəbbüsü və ideyasıdır.

24a1fd2ed791b50cb10924f6daa63f9b_108689_67.jpg (275 KB)

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb.
Hazırda ölkəmizdə 24 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda, digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.
Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.
“ASAN xidmət” Azərbaycanın brendidir və xeyli sayda xarici dövlət bu təcrübədən yararlanıb, onu tətbiq edib.
İndiyədək “ASAN xidmət”dən şikayət edən insana rast gəlməmişəm. Təbii, insan amili olan yerdə hansısa texniki problemlər ola bilər. Amma eşitməmişəm, görməmişəm ki, bir vətəndaş burada bürokratiya ilə üzləşsin, yaxud problemi həll olmamış geri dönsün.
Əlbəttə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyinin şəxsi keyfiyyətləri, göstərilən etimadı doğrultması da bu modelin inkişafında mühüm rol oynayıb. Məsələn, o qədər yaxşı ideyaları bacarıqsız məmurlar zay ediblər ki...
Şükürlər olsun, “ASAN”da bunlar baş vermədi, 10 il ərzində bu qurum çox sürətli bir inkişaf yolu keçdi.
Xidmətin şəffaflığının onun inkişafında 1-ci şərt olmasını kimsə inkar edə bilməz. “ASAN”da hansısa bir qeyri-şəffaf işin şahidi olan adam varmı? Yoxdur.
Hətta bəzən yarı-zarafat, yarı gerçək dostlara deyirəm ki, jurnalist qiyafəsinə girmiş, hər kəsi zinhara gətirmiş “reketlər”in yeganə ayaq basa, zəhlə tökə bilmədiyi orqan “ASAN xidmət"dir. Çünki orada kiçik də olsa nöqsan, bəhanə tapa bilmirlər ki, şantaj etsinlər...
Xalqımız ən rahat şəkildə yaşamağa layiqdir. Vətəndaşlar məhz “ASAN xidmət”də hiss edir ki, dövlət ona dəyər verir, qayğısına qalır.
Vətəndaş dövləti həm də ona göstərilən qayğıya, sayğıya görə sevir. Bu sevginin yaradılmasında “ASAN” misilsiz işlər görüb və görür.
Bütün ölkəmizi, bütün idarəetməni “ASAN” modeli üzərində görmək hər birimizin arzusudur.
Və sonda, 10 illik yubileyi münasibətilə bütün “ASAN”çıları təbrik edirəm!

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR