İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı hədələyən Tolstoy Bakıda - üzr istəməlidirmi...

1583 24.02.2024 10:57 Gündəm A A

Elman Nəsirov: “İstərdik ki, o, paytaxt Bakıda bütün həqiqətləri dərk etsin və...”

Rusiyalı qalmaqallı deputat, Dövlət Dumasının sədr müavini Pyotr Tosltoy Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün Azərbaycandadır.

“Azərbaycanın sədrlik etdiyi Asiya Parlament Assambleyası (APA) regional və qlobal problemlərin həlli istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək”.

Bunu o, plenar iclasında çıxışı zamanı deyib.

“Səmimi qəbula və qonaqpərvər Bakıda işimiz üçün gözəl şərait yaratdığına görə Azərbaycan parlamentinə təşəkkür etmək istərdim. Kifayət qədər çətin dövrə düşən Asiya Parlament Assambleyasına sədrliyi dövründə türkiyəli həmkarlarımızın və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun dəyərli töhfəsini də qeyd etmək istərdim. Əminəm ki, Azərbaycanın sədrliyi ilə assambleya regional və qlobal problemlərin həlli istiqamətində səmərəli fəaliyyətini və ölkələrimizin parlamentlərinin səylərinin əlaqələndirilməsini davam etdirəcək”.

Lakin bu həmin Tolstoydur ki, əvvəllər dəfələrlə ölkəmizin ünvanına təxribat xarakterli bəyanatlar səsləndirib. Məsələn, keçən il o, “Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Dağlıq Qarabağ olmayacaq”, 2021-ci ildə isə “Qarabağda müharibəni Rusiya və Rusiya sülhməramlıları qazandı” demişdi. Siyasətçi habelə daha əvvəl də hədələyici tonda danışaraq iddia etmişdi ki, “Azərbaycan nə vaxtsa özünü hansısa "başqa geosiyasi vektor"a yönləndirmək imkanına malik olduğuna qərar verib, lakin geosiyasi, coğrafi və tarixi baxımdan Bakının başqa oriyentasiya seçimi yoxdur".

Bəs nədən bu adamdan üzr tələb edilmir? Rusiya niyə məhz bu qalmaqallı deputatı Azərbaycana göndərib?

Elman Nəsirov: “Şarl de Qoll dirilib görsəydi ki…” Pravda.az

Mövzu ilə bağlı YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a danışıb. Deputat qeyd edib ki, Tolstoyun Bakıya dəvət edilməsi heç də təsadüfi deyil: “Azərbaycan  paytaxtında Asiya Parlament Assambleyasının (APA) sayca 14-cü plenar sessiyası təşkil olunub və bu tədbirdə Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy da iştirak edir. Bu məsələnin üzərində xüsusi dayanmağımız təsadüfi deyil. Məlum olduğu kimi, bu tədbirə bir çox ölkələrdən deputatlar gəlib, lakin Tolstoyla bağlı məsələyə xüsusi diqqət ayırırıq. 

Bunun da səbəbi onunla bağlıdır ki, bu siyasətçi öz qalmaqallı bəyanatları ilə kifayət qədər özü ilə bağlı mənfi rəy formalaşdırıb. Bir çox hallarda onun səsləndirdiyi fikirlər əslində Rusiyanın da regionla bağlı strateji dövlət maraqlarına uyğun gəlmir. Onun vaxtilə bir fikri var idi ki, guya “Rusiya olmadan nə Rusiya, nə Azərbaycan, nə də "Dağlıq Qarabağ" olmayacaq". Əvvəla “Dağlıq Qarabağ” sözü yoxdur, Qarabağ iqtisadi rayonu var və Azərbaycanın tərkib hissəsidir. Yəni “Dağlıq Qarabağ” deyib, ərazini əlahiddə bir ərazi vahidi kimi təqdim etmək onun siyasi savadsızlığı və yaxud bilərəkdən siyasi qarşıdurma mühiti formalaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər. 

O qeyd edir ki, Rusiya və Rusiya sülhməramlıları Qarabağdakı müharibənin taleyini həll edib. Guya ki, onlar müharibəni qazanıb və elə bir  təqdimat aparır ki, Rusiya sülhməramlıları olmasa idi vəziyyət tamamilə başqa cür inkişaf edərdi. Yəni bu cür əsassız bir iddia irəli sürür. 

Başqa bir iddiasında bildirir ki, Azərbaycanın mövcud olduğu coğrafi şərait vadar edir ki, Azərbaycan öz konkret siyasi oriyentasiyasını müəyyən  etsin, yəni bizim bu sahədə manevr imkanlarımız heç bir halda  yoxdur kimi özünün əsassız iddialarını və fikirlərini beynəlxalq ictimai fikrə sırımaq istəyir.

Biz çox ümid etmək istərdik ki, Tolstoy Azərbaycan paytaxtında həqiqətin gözünə dik baxa biləcək və görəcək ki, Qarabağdakı müharibədə qələbə qazanan Azərbaycan dövlətidir, onun Ali Baş Komandanıdır, onun formalaşdırdığı yenilməz ordudur, dəmir yumruğa çevrilmiş Azərbaycan xalqıdır. Başqa səbəblər axtarmasın.

Azərbaycanın paytaxtında olmuşkən istərdik ki, o bir həqiqəti də dərk etsin ki, Azərbaycan qalib gələn dövlətdir, amma biz regionda davamlı uzunmüddətli sülhün olmasında maraqlıyıq. Bu məqsədlə də cənab Prezidentimizin dediyi kimi, beş  baza prinsipi irəli sürmüşük, onun müəllifiyik. Eyni zamanda sülh müqaviləsinin mətnini də biz hazırlamışıq  və qarşı tərəfə təqdim etmişik. Biz sülh, sərhədlərimizin  delimitasiyasını, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının  bərpa edilməsini, Zəngəzur dəhlizinin açılmasını istəyirik. Yəni biz o şeyləri istəyirik ki, bu, təkcə bizim milli maraqlarımıza xidmət etmir, eyni zamanda Ermənistanın düşdüyü iqtisadi ağır vəziyyətdən çıxmaq üçün hava-su kimi lazımdır".

Elman Nəsirov vurğulayıb ki, Azərbaycanın atdığı addımlar regionda sülhə, əmin-amanlığa xidmət edir: “Azərbaycanın yeritdiyi xarici siyasətin fəlsəfəsini də bu təşkil edir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı regional sabitliyə xidmət edir. Amma Ermənistan-Fransa dostluğu və "bacılığı" isə regionda sülh mühitinin, sabitliyin pozulmasına və əslində revanşizmin gücləndirilməsinə, nəticə etibarı ilə 3-cü Qarabağ müharibəsinin başlamasına rəvac verə bilər.

Beləliklə, istərdik ki, Azərbaycanın paytaxtında Tolstoy bütün bu həqiqətləri dərk etsin və bir daha belə əsassız  iddialarla çıxış etməsin və bundan sonrakı mövqeyində həqiqətə söykənib, reallıqları təqdim etsin. Belə olan təqdirdə onun son dərəcə aşağı  səviyyədə olan reytinqində bu və digər dəyişiklik ola bilər. Azərbaycan xalqının ürəyi böyükdür, ictimaiyyətimiz bu halda onun sərsəm fikirlərini unuda bilər". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR