İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Fransaya CİDDİ MESAJLAR verildi

2043 16.06.2023 13:21 Siyasət A A

Deputat, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Soltan Məmmədov Milli Məclisin iclasında Fransaya son səfəri barədə həmkarlarını məlumatlandırıb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, bu günlərdə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Avropa Parlamentində müzakirələr zamanı Azərbaycanla bağlı növbəti dəfə əsassız mülahizələrlə çıxış edib:

“Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı əssasız fikirlər səsləndirib. Bu, bir daha göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində obyektiv və tərəfsiz mövqe tutmur. Əksinə, vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir”.

SOLTAN.jpg (65 KB)

Soltan Məmmədov qeyd edib ki, Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatan və qrupun üzvləri ilə görüşüblər: “Görüşdə iki ölkə arasında münasibətlərə dair bir çox məsələlər ətrafında müzakirəmiz oldu. Fransalı həmkarlarımız da son illərdə ölkələrimizin qarşılıqlı münasibətlərində yaranan anlaşılmazlıqlardan narahatdır. Fransanın Cənubi Qafqazla bağlı siyasətini, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyi heç də Fransadakı bütün siyasətçilər dəstəkləmir”.

Deputat vurğulayıb ki, Azərbaycanın münasibətlərdə yaranmış böhranın səbəbkarı olmadığını və Milli Assambleyadakı Dostluq Qrupundan daha aktiv fəaliyyət gözlədiklərini də bildiriblər: “Xüsusilə son dövrlərdə Fransanın Ermənistanı silahlandırmaq təşəbbüsləri ilə bağlı yayılan məlumatlar ətrafında fikir mübadiləmiz oldu. Fransa Senatının Beynəlxalq əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Kristian Kambon ilə görüşdə Azərbaycanı narahat edən məsələlər barədə məlumat vermək imkanımız oldu. 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh təşəbbüslərinə Ermənistanın qeyri-konstruktiv yanaşması ilə bağlı fikirlərimizi bildirdik. Bütün görüşlər zamanı bir daha vurğuladıq ki, əlaqələrdə mövcud böhranın aradan qaldırılması üçün ilk növbədə Fransa tərəfinin öz siyasətinə yenidən baxmasına ehtiyac var. Fransa parlamentinin hər iki palatasında Azərbaycanın haqlı, ədalətli mövqeyini anlayışla qarşılayan həmkarlarımız hökumətlərinin yürütdüyü siyasətin yanlış olduğunu cəmiyyətə çatdırmaq üçün daha fəal iş aparmalıdır. Biz də bu məsələdə səlahiyyətlərimiz çərçivəsində zəruri dəstəyi verməyə hazır olduğumuzu bildirdik”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR