İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanda piylənmə sayındakı artım narahatlıq doğurur”

663 10.05.2022 22:07 Gündəm A A

“Uşaqlara şirin çay, şəkərli, qazlı içkilər, hətta enerji içkiləri verirlər, bununla da...” 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Avropa Regional Piylənmə 2022” adlı hesabatla çıxış edib. 

Hesabata görə, Azərbaycanda yetkin yaşlı əhalinin azı 53.6 faizi artıq çəkidən, o cümlədən piylənmədən əziyyət çəkir. Sırf piylənmə əhalinin 19.9 faizi arasında yayılıb. Kişilər üzrə göstərici 15.8, qadınlar üzrə 23.6 faizdir. Son dövrlər uşaqlar arasında piylənmədən əziyyət çəkənlərin sayı getdikcə çoxalır? Bunun səbəbi nədir, qarşısı necə alınır? 

Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, uşaq endokrinoloqu Azad Əkbərzadə  Musavat.com-un mövzu ilə bağlı suallarını cavablandırıb: 

- Doktor, Azərbaycanda köklük problemi təhlükəli həddədirmi? Səbəblər nədir?

- Bir çox müəlliflər hesab edir ki, piylənmə epidemiyası xərçəngdən daha ciddi vəziyyət alıb. Köklük problemi dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da aktual problemdir. Hazırda ölkəmizdə təhlükəli hədd deyə bilməsək də, piylənmədən əziyyət çəkənlərin sayındakı artım tendensiyası ürəkaçan deyil. Yaş, cins, hormonal-metabolik xüsusiyyətlər və sairə ilə yanaşı bu artımın ən əsas səbəbləri yanlış yemək vərdişləri, həddən artıq, yüksək kalorili və keyfiyyətsiz qidalanma, azhərəkətli həyat tərzidir. Əminliklə deyə bilərik ki, insanların piylənməni real bir təhlükə kimi görməməsidir.

- Piylənmədən əziyyət çəkənlər COVID-19-u daha ağır keçirmə riskiylə üzləşdilər. Belə xəstələr post-COVİD dönəmində daha çox nələrə diqqət etməlidirlər?

-Piylənmə sadəcə, COVİD-19 infeksiyası zamanı deyil, bütün həyat boyu ciddi ağırlaşmaları özüylə bərabər gətirir. Belə ki, şəkərli diabet xəstəliyi, insulin müqaviməti, təzyiq xəstəliyi, ürək-damar xəstəlikləri, hiperlipidemiya (qanda yağ miqdarının yüksəlməsi), metabolik sindrom, qaraciyər piylənməsi, tüklənmə, menstural pozğunluqlar, sümük əriməsi, öd xəstəlikləri, tənəffüs problemləri, yuxu apnoe xəstəliyi (yuxuda tənəffüs problemləri), psixiatrik problemlər, onkoloji xəstəliklərdə artım və sairə  kimi ağırlaşmalar piylənmənin nə dərəcədə real təhlükə olduğunu deməyə əsas verir.

- Getdikcə piylənmənin daha çox azyaşlı uşaqlarda yaranmasının şahidi oluruq, səbəbi nədir? Qarşısı necə alınmalıdır?

-Təəssüflər olsun ki, piylənməyə şərait yaradan həyat tərzi böyüklərdən uşaqlara da sirayət etmiş vəziyyətdədir. Hələ yeni doğulmuş dövrdən başlayaraq uşaqlara lazımsız şəkərin verilməsi bu problemin yaranmasına səbəb olur. Kiçik yaşlardan şirin çay, şirniyyat, şəkərli qazlı içkilər, “paker” qidalar, hətta enerji içkilərinin verilməsi, yüksək kalorili “fast food” məhsullarının gündəlik istifadəsinin nə dərəcədə zərərli olmasından valideynlərin xəbəri yoxdur. Eləcə də hərəkətsiz həyat tərzi, ailənin yanlış qidalanma vərdişlərindən uşaqların da təsirlənməsi, irsi xüsusiyyətlərlə yanaşı, valideynlərin düşüncəsinə görə “kök uşaq sağlam olar” fikri bu gün piylənmənin uşaqlar arasında da artmasının təkzibedilməz səbəbləridir.

-Piylənmə və şəkərli diabet. Bildirilir ki, həddən artıq kökəlmək diabet xəstəliyi yaradır... 

-Şəkərli diabetin bir çox növü var. Amma ən çox rast gəlinən formaları Tip 1 və Tip 2 şəkərli diabetdir. Xüsusilə, 2-ci tip şəkərli diabet insulin müqaviməti və piylənmə ilə əlaqədardır. ÜST-ün açıqlamasına görə Avropada olan 2-ci tip şəkərli diabet xəstəliyinin 80%-i piylənmə və artıq çəki nəticəsində əmələ gəlib. Belə ki, 2-ci tip şəkərli diabet insulin müqaviməti nəticəsində əmələ gəlir. İnsulin müqaviməti isə piylənmə ilə birbaşa əlaqədardır. İnsulin müqaviməti və piylənmə qüsurlu dövran ilə bir-birini daha da dərinləşdirir və nəticədə şəkərli diabet xəstəliyi formalaşmış olur. Elə məhz buna görə də 2-ci tip şəkərli diabetin müalicəsində ilk növbədə artıq çəkinin verilməsi çox ciddi əhəmiyyət kəsb edir.

-Piylənmənin yaranmasına daha hansı amillər təsir edir? Hansı qidalar piylənmənin qarşısını alır?

-Əvvəldə qeyd etdiyim kimi, sadəcə qidalanma deyil, bir çox faktor piylənməyə gətirib çıxarır. Amma irsi faktorlar və hormonal-metabolik xüsusiyyətlər çox önəmli faktorlardır. Bəzi araşdırmalara görə cəmiyyətdə hər 3 nəfərdən birində genetik olaraq insulin müqaviməti mövcuddur. Yəni, bu genetik meylliliyə bizim müasir həyat tərzimiz də əlavə olunarsa, piylənmə qaçılmaz vəziyyət olur. Əvvəldə piylənməyə səbəb olan qidalardan da bəhs etdik. Bəs bu zərərli qidaları nə ilə əvəz etsək sağlamlığımıza ziyan vurmarıq? Zülal tərkibli qidalar (az yağlı süd məhsulları, paxlalı bitkilər, piysiz qırmızı ət, toyuq, balıq və sairə), heyvani yağlar əvəzinə bitki yağlarının istifadəsi, meyvə-tərəvəz porsiyalarının artırılması (xüsusilə mayonez, xama və s. qatılmamış salatlar yemək porsiyasının yarısını təşkil etməlidir), kəpəkli (qara, əsmər) un məmulatları, gündəlik normal miqdarda su qəbulunu rasionumuza əlavə etsək, həm sağlam qidalanar, həm də özümüzü piylənmədən qorumuş olarıq. Bununla birlikdə hərəkət etmək, fəaliyyətimizin artması, əlbəttə, bizə bu yolda dəstək olacaqdır.

Afaq MİRAYİQ,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR