İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 2023-cü ildə 270 milyon manatlıq narkotik tutulub

437 18.01.2024 08:50 Kriminal A A

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7 min 766 nəfər cəlb edilib

4 “narkotik yolu”nun ölkəmizin ərazisindən keçməsi kimsəyə sirr deyil. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı İran-Azərbaycan;  İran-Azərbaycan-Rusiya-Yaponiya;  İran-Azərbaycan- Gürcüstan-Avropa; İran-Azərbaycan-Rusiya-Ukrayna marşrutlarının üstündədir. Artıq ölkə ərazisindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni nəql olunması nəinki Azərbaycanın, hətta regionun çərçivəsindən çıxaraq böyük miqyaslı bir problemə çevrilməkdədir. 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu 2023-cü ilin 11 ayı ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrini ümumiləşdirib. 11 ay ərzində bu qəbildən olan ümumilikdə 9 min 758 cinayət faktı aşkarlanıb. Bu cinayətlərin 3 min 158-i narkotik vasitələrin qanunsuz satışı, 6 min 276-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. 

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı  nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 420,494 hektar sahədən çəkisi 303 ton 122 kiloqram 290,98 qram olan 944.559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib. 2023-cü ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 719 kiloqram 031,413 qram narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda ümumilikdə dəyəri 270 milyon manata yaxındır. 

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7 min 766 nəfər cəlb edilmiş, həmin şəxslərdən 7 min 567-si kişi, 199-u qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 89 xarici ölkə vətəndaşından ümumilikdə 695 kiloqram 092,048 qram və 1990 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 590 ədəd həb güclü təsir edən maddə və 568 ədəd (327 kiloqramı 575 qramı) narkotik tərkibli çətənə bitkisi götürülüb. 

Səhiyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 81 min 668 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2 min 321 nəfərdən 1340 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 379, QİÇS-lə Mübarizə Mərkəzində 446, Sumqayıt Narkoloji Mərkəzində 173 nəfər) 990 xəstə müalicə alır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. İİV-ə 792 nəfər yoluxub. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləridir. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müvafiq istiqamətdə 112 maarifləndirici görüş, 39 təlim, 3 mədəni-kütləvi tədbir, 2 infotur,1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon təşkil edilmişdir. “802" qaynar xətt telefon zəng xidmətinə 1125 vətəndaş müraciəti daxil olub. 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib. Narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR