İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 2 ayda 40 narkobanda tutulub – RƏSMİ

1228 14.03.2024 12:27 Ölkə A A

 

 

Azərbaycanda 2024-cü ilin ilk 2 ayı ərzində qanunsuz  dövriyyədən 1 ton 212 kiloqram 963,32 qram narkotik  vasitə və psixotrop maddə götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitə və psixotrop maddələr satışa qədər gedib çıxsaydı, ümumilikdə 34 milyon 344 min manat vəsait əldə oluna bilərdi.

Musavat.com xəbər verir ki,  Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı bu ilin 2 ayını əhatə edən məlumatında bu və digər məqamlar yer alıb.

 

2 aya 1980 cinayət faktı aşkarlanıb

 İşçi qrupu yanvar-fevral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrini müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirib.

Məlumatda qeyd olunur ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı aşkarlanıb. Cinayətlərin 566-sı narkotik vasitələrin qanunsuz satışı, 1411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə  bağlı olub.

Heroin, həşiş, tiryək, metadon, çətənə…

 Faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 212 kiloqram 963,32 qram narkotik vasitələrin və psixotrop maddələrin 156 kiloqram 764,35 qramı heroin, 956 kiloqram 069,646 qramı marixuana, 22 kiloqram 542,606 qramı tiryək, 22 kiloqram 849,45 qramı həşiş, 53 kiloqram 320,665 qramı psixotrop maddələr, 1 kiloqram 416,6 qramı digər narkotik vasitələr təşkil edib. 2 ay ərzində 690 ədəd həb metadon, 186,3 qram  güclü təsir edən maddə  və 6 ədəd çətənə kolu qanunsuz dövriyyədən götürülüb.

932 nəfər narkotacir və narkoman ələ keçib

Qanunsuz  dövriyyədən çıxarılmış 1 ton 212 kiloqram 963,32 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri  34 milyon 344 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 932 nəfər cəlb olunub. Tutulanlardan 17 nəfər xarici ölkə vətəndaşıdır. Xaricilərdən 96 kiloqram 387,564 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Narkoqaçaqmalçılıq…

Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik və psixotrop maddələrin gətirilməsi ilə bağlı 43 fakt aşkar olunub. 43 fakt üzrə çəkisi 500 kiloqram 432,751 qram narkotik vasitə və 690 ədəd həb metadon  qanunsuz dövriyyədən çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 40-ı qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 331 kiloqram 448,9 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 249 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 254 kiloqram 730,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Müqayisəli təhlil göstərir ki…

İşçi qrupun apardığı təhlildən aydın olur ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin ilk 2 ayı ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 55, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 93, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 17, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 7, qrup halında olan cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 262 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 138 kiloqram 741,97 qram azalıb.  Narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı isə 61 fakt artıb.

399 nəfər müayinədən keçdi, 285 nəfəri narkoman çıxdı

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 13 min 892 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 399 nəfərdən 285 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Narkotacirlərin qənimi olan qaynar xətt - “802”

İşçi qrupunun “802” qaynar xətt telefon zəng xidmətinə 84 vətəndaş narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik asılılıqdan müalicə, digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı müraciət edib. İşçi qrup müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 52 məktub ünvanlayıb. Belə ki, 802 qaynar xətt - zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin olunub. Vətəndaşlar tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri başlanıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Narkotik istifadəçilərinin könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR