İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı ilginc plan - “Rusiya Paşinyanı həm də buna görə devirmək istəyir...”

1907 28.02.2023 13:00 Siyasət A A

 

Murad Sadəddinov: “Güney Qafqazda sabitsizlik Avropaya doğru uzanan neft-qaz kəmərlərinə müəyyən təhlükələr vəd edə bilər”

Avropa Parlamentinin  dünyada, faktiki olaraq, ikinci erməni parlamenti olduğu sirr deyil. Əksər üzvləri zəngin erməni lobbisinə satılan bu üzdəniraq qurum son 2 ildə Azərbaycana qarşı 3 dəfə ədalətsiz və qərəzli qətnamələr qəbul edib. O qətnamələr ki, onların bənzərini heç Ermənistan parlamenti belə özünə rəva bilməyib. Yəni ermənidən çox erməni olmaq məsələsi. Təsadüfi deyil ki, axır vaxtlar Avropa Parlamenti korrupsiya qalmaqalları ilə vaxtaşırı gündəmə gəlir. Bu da növbəti fakt.

“Katarqeyt işi”ndə “məşhur” olan Avropa Parlamentinin keçmiş prezidenti Eva Kaili Azərbaycana qarşı Ermənistanın maraqlarını lobbiçilik etməkdə ittiham olunur".

Bu barədə Qərb nəşri “EU Today” yazıb. Nəşr xəbər verir ki, Avropa Parlamentinin vitse-prezidenti hazırda üçüncü ölkələrlə əlaqələri ilə bağlı ittihamlarla üzləşib.

Qeyd edək ki, yunan mənşəli Kaylinin Avropa İttifaqı-Ermənistan Dostluq Qrupu ilə isti münasibətləri var. O da öz növbəsində Avropanın ən böyük erməni lobbisi olan Avropa Ədalət və Demokratiya Uğrunda Erməni Federasiyası (EAFJD) ilə sıx bağlıdır.

Brüsseldə yerləşən EAFJD-yə Ermənistan və Yunanıstan pasportlarına malik brilyant alverçisi və mediada “qanlı almazlar” alverçisi kimi tanınan Kaspar Karampetyan rəhbərlik edir.

“Avropa Parlamentindəki görüşlərdən əlavə, EAFJD Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrelin ofisində erməni maraqları üçün lobbiçilik edib və Avropa parlamentarilərinin Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgələrinə, Azərbaycanın işğal olunmuş digər ərazilərinə səfərlərinin təşkilində iştirak edib. Halbuki bu ərazilər demək olar ki, bütün dünya ölkələri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınır”, - məqalədə deyilir.

Qarabağda nə baş verir - politoloqdan mühüm AÇIQLAMA

Murad Sadəddinov

2019-cu ilin avqustunda Almaniya parlamentinin deputatı Martin Sonneborn EAFJD-nin təşəbbüsü ilə erməni arvadı ilə o vaxt separatçıların nəzarətində olan Qarabağ ərazisinə səfər edib. Onları Kaspar Karampetyan da müşayiət edib - hansı səfəri ki, sonradan Almaniya Xarici İşlər Nazirliyi qınayıb.

Məqalədə daha sonra deyilir: “Sonneborn Rusiyanı dəstəkləyən deputatlardan biridir. 2022-ci ilin noyabrında o, Ukraynada başlayan müharibə ilə əlaqədar Rusiyanın "terrorun sponsoru" dövləti elan edilməsinə dair qətnamənin əleyhinə səs verən 58 nəfərdən biri olub. Kayli özü Avropa Parlamentində Qarabağın danılmaz Azərbaycan ərazisi olmasına baxmayaraq, Azərbaycanın “Qarabağı işğal etməyə cəhd etdiyini” iddia edərək, Azərbaycan diplomatları üçün Şengen vizasının ləğvini tələb edib. Keçmiş vitse-prezident həmçinin “Ermənistanı işğal edə biləcəyinə” inandığı Türkiyəyə də düşmən münasibət bəsləyir".

Məqalədə qeyd edilir ki, Azərbaycan bərpa olunan enerji sektorunu inkişaf etdirmək üçün çox çalışır, eyni zamanda əsas neft və qaz istehsalçısıdır və Rusiyanın Ukraynaya müdaxiləsi və ardınca Aİ-nin Rusiyaya qarşı sanksiyaları nəticəsində Avropa bazarında yaranan çatışmazlığı doldura bilər. Buna görə də Kremlin Bakı ilə Brüssel arasında sədd yaratmaq istəməsinin səbəbini yaxşı başa düşmək olar. Bu maneə Ermənistandır", - məqalədə deyilir.

Bildirilir ki, bu məqsədlə Rusiya baş nazir Nikol Paşinyanı devirməklə Ermənistanda rejim dəyişikliyinə nail olmağa və bununla da onun Azərbaycanla danışıqlara gedib sülh danışıqlarını uğurla başa çatdırmasını əngəlləməyə çalışır - hansı danışıqlara ki, Moskva mane olmaq istəyir.

“Katarqeyt” böyük ehtimalla aysberqin görünən tərəfidir, çünki şübhəli QHT-lər Avropa Parlamentində cəzasız olaraq fəaliyyətlərini davam etdirirlər və buna görə də Cənubi Qafqazda sülhün mümkünlüyünə mənfi təsir göstərirlər.

Nəşrin yazdıqları bir daha erməni lobbisinin Ermənistanın ambisiyaları naminə həm də Avropanın köklü maraqlarını, o sırada enerji maraqlarını gözardı elədiyi, bu məqsədlə hətta Qərbin düşməni Rusiyanın dəyirmanına su tökdüyü məlum olur. Çünki Güney Qafqazda sabitsizlik Avropaya doğru uzanan neft-qaz kəmərlərinə təhlükədir ki, bu da Rusiyaya əl verir. Azərbaycan buna qarşı nə(lər) edə bilər?

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, uzun müddətdir Rusiya Ermənistanda baş verən hadisələrdən, cərəyan edən proseslərdən, hakimiyyətin addımlarından narazıdır: “Baş nazir Nikol Paşinyanın və komandasının apardığı siyasət Moskvanın Cənubi Qafqazda istəklərinə, maraqlarına maneə törədir, Rusiyanın Ermənistanda təsir imkanlarını zəiflədir, Qərbin isə bölgəyə təsir imkanlarını genişləndirir. Paşinyan baş nazir seçiləndən dərhal sonra KTMT-nin erməni katibinin həbs olunması, KTMT toplantılarının Ermənistanda keçirilməsinə maneələr yaradılması, son zamanlar isə KTMT-nin qəbul etdiyi sənədlərə imza atmaması, dəfələrlə bu təşkilatla bağlı təxribatçı tələblər irəli sürməsi, Avropa İttifaqının müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi və digər hadisələr Rusiya ilə Ermənistan arasında münasibətlərə mənfi təsirini göstərib. Paşinyan hakimiyyəti artıq açıq şəkildə Rusiyanın nəinki Ermənistanda, eləcə də Cənubi Qafqazda maraqlarını təhdid edən amilə çevrilib. Rusiya çalışır və çalışacaq ki, Ermənistana, Cənubi Qafqaza təsir imkanlarını itirməsin. Ona görə də yaxın gələcəkdə variantlardan biri kimi Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq, digər variant isə Qərbi bölgədən sıxışdırmaq üçün Rusiyanın idarə etdiyi gərginlik, qeyri-sabitlik mühiti yaratmaq ola bilər. Ermənistanla bağlı bu cür təcrübələr keçmişdə də olub. Bir zamanlar Levon Ter-Petrosyan Qərbin vasitəçiliyi ilə Azərbaycanla danışıqlara gedib Qarabağ məsələsini həll etmək istəyəndə Rusiyanın dəstəyi ilə Qarabağ klanı olan xunta faktiki olaraq çevriliş etdi, Ter-Petrosyan hakimiyyətdən getdi. Bununla da hakimiyyətə hərbi cinayətkar xunta rejimi gətirildi və Ermənistan tamamilə Moskvanın təsiri altına düşdü, eləcə də Qərblə yaxınlaşma prosesi dayandı. Bu gün də biz görürük ki, Paşinyan Rusiyanın vasitəçiliyi ilə gedən danışıqlardan yayınır, Qərb platformasında danışıqların getməsinə meyllidir, Qərbin bölgədə möhkəmlənməsi xəttinə üstünlük verir. Bu da Nikol Paşinyanın Levon Ter-Petrosyanın taleyini yaşaması ilə yekunlaşa və ya bölgədə yeni gərginliklərin tətiklənməsinə səbəb ola bilər. Güney Qafqazda sabitsizlik həm də Avropaya doğru uzanan neft-qaz kəmərlərinə müəyyən təhlükələr vəd edə bilər”.

Politoloq hesab edir ki, erməni lobbisi bunda maraqlı ola bilər. Ona görə maraqlı ola bilər ki, Azərbaycanın gəlirləri azalsın: “Ermənilər Azərbaycana qarşı planlarını həyata keçirmək, öz maraqlarını təmin etmək üçün nəinki Avropa İttifaqının maraqlarını, istənilən dövlətin maraqlarını qurban verərlər. Onlar qəsdən Rusiyanı da müxtəlif vasitələrlə bu prosesə cəlb etmək istəyə bilərlər. Avropada olan erməni lobbisi Azərbaycanla bağlı öz maraqlarını təmin etmək üçün Rusiya ilə dəfələrlə müxtəlif formada işbirliyinə gedib. İndi də getmələri mümkündür. Azərbaycanın belə vəziyyətdə nə edə biləcəyini, onlara necə mane ola biləcəyinə gəlincə, Azərbaycan Avropa İttifaqı ilə öz əlaqələrini genişləndirməlidir. Nəinki enerji sahəsində, digər sahələrdə, təhlükəsizlik məsələlərində əməkdaşlığını dərinləşdirməlidir. Dünyada yeni düzən formalaşır. Bu siyasi düzəndə Rusiyanın təsir imkanları azalacaq. ABŞ-ın imkanları artacaq. Bu baxımdan, Azərbaycan istər Avropa İttifaqı ilə, istər ABŞ-la əlaqələrini dərinləşdirməlidir,  təhdidlərə qarşı immunitetini gücləndirməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR