İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyənin möhtəşəm layihəsi - Egey dənizindən Xəzərə kimi...

1625 24.06.2023 17:13 Siyasət A A

Ekspertlər iki qardaş ölkənin ortaq projesini dəyərləndirdilər - “Onu reallaşdıra bilsək...”    

“Türkiyə və Azərbaycan HAKİM hava komandanlığı idarəetmə sisteminin birgə layihəsini həyata keçirir”. 

Bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Gergün qardaş ölkənin birgə hava komandanlığı idarəetmə sisteminin yaradılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, HAKİM hava komandanlığı sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi ən mühüm layihələrdən biridir.

“Bu layihə ilə hər iki ölkənin hərbi hava qüvvələrinin birgə əməliyyatlarını nəzərdə tutmaqla yanaşı, Azərbaycanın hava məkanına nəzarət edə biləcək”, - deyə Gergün vurğulayıb və əlavə edib ki, layihə tam şəkildə həyata keçdikdən sonra birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər olan ərazini əhatə edəcək.

Yada salaq ki, professor Gergün bu yaxınlarda Prezident R.T.Ərdoğanın nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub. Hava məkanımız, strateji obyektlərimiz xüsusən də İranın və sülh müqaviləsi imzalamaq istəməyən Ermənistanın təhdidlərinə qarşı nə dərəcədə etibarlı qorunacaq?

Bəhruz Məhərrəmov: Azərbaycan Brüssel prosesinin davamlılığını təmin edə  bildi

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov prosesin ən vacib mərhələsinə daxil olunduğunu qeyd etdi: “Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi ilə ali səviyyəyə yüksəlmiş müttəfiqlik münasibətləri həyat və fəaliyyətin bütün sahələrini əhatələyir. Əlbəttə ki, əlaqələrimizdə müdafiə və müdafiə sənayesi sferası xüsusi yer tutur və ötən dövr üzrə təhlil aparsaq bu əməkdaşlığın kifayət qədər uğurla davam etdiyini görmək olar. 

Lakin elmi-texniki tərəqqi, xüsusən müasir informasiya texnologiya həmlələri fonunda münasibətlərin yeni situasiyaya uyğunlaşdırılması, yeni imkanlardan səmərəli istifadə zərurətdir. Türkiyə-Azərbaycan HAKİM hava komandanlığı layihəsi özündə məhz bu konsepsiyanı ehtiva edir. Sirr deyil ki, son bir neçə ildə Türkiyə  Şimali Afrikadan Yaxın Şərqə, Qara, Egey və Aralıq dənizləri hövzəsində müstəsna hərbi-siyasi üstünlüyə nail olub. Azərbaycan isə Vətən müharibəsində qələbəsindən sonra regionun önəmli güc mərkəzinə çevrilib. Azərbaycan və Türkiyə arasında mövcud tərəfdaşlıq isə bu reallığı daha da möhkəmləndirir, eyni zamanda regionda sülh və sabitlik mühiti üçün qaranta çevrilib.

Bizim hərbi əməkdaşlığımızda hərbi hava fəaliyyəti xüsusi yer tutur, xüsusən Vətən müharibəsində biz Türkiyə hərbi hava məhsullarının imkanlarına şahid olduq, bu gün də dünyada bir neçə münaqişə ocağında Türk hərb sənayesi öz sözünü deməkdədir. Eyni zamanda Azərbaycanın da digər dövlətlərlə, xüsusən İsraillə əməkdaşlığı bizi bu sahədə güclülər sırasına daxil edib. Bütün bunların fonunda bir millət, iki dövlət və bir yumruğumuza vahid hava məkanı elementinin artırılması, həm dövlətlərimizin, həm də bir millətimizin marağındadır. Qeyd edim ki, bunun üçün ciddi təməllər mövcuddur, ekosistem var, ən əsası isə siyasi iradə var.

Xatırlayırsınızsa, qısa müddət öncə seçkilərdən sonra Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev iyunun 13-də Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak etdilər. Təbii ki, bu, bütövlükdə prosesin vacib mərhələsidir və aidiyyəti tədbirlər davam edəcək".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli çox düzgün addımların atıldığını söylədi: “Müasir müharibələrdə hava məkanının təhlükəsizliyi çox önəmlidir. Biz bunu hazırda gedən Ukrayna-Rusiya müharibəsində də gördük. Hava məkanının müdafiəsi həm PUA-lar, həm qırıcılar, həm də bombardumanlardan qorunması ölkənin təhlükəsizliyinin təminatçısıdır. Bu sahədə də Azərbaycan və Türkiyənin birgə işləməsi çox düzgün və strateji addımdır. Biz quru ərazimizlə bərabər, hava məkanımızı da qorumağı bacarmalıyıq. Düşmən və dost olmayan ölkələrlə əhatələnən Azərbaycan hüdudlarını qorumağı bacarmalıdır. Bunu da qardaş Türkiyə ilə birgə etməyimiz doğru qərardır. Təkcə Ermənistan deyil, Rusiya və İrandan da quru sərhədlərimizlə bərabər hava məkanımızı da müdafiə etməyi bacarmalıyıq. Bunu da ancaq Türkiyə ilə bir yerdə edə bilərik.

Azərbaycan Ordusu Türkiyə Ordusu nümunəsində qurulmalıdır. Bu haqda Prezident İlham Əliyev də deyib. Azərbaycan Ordusunun inkişafı, daha da güclənməsi dövlətin birinci işi olmalıdır. Əvvəl ordu, sonra da digər sahələr inkişaf etməlidir. Çünki ordusuz digər sahələr də etkisiz hala çevriləcək. Unutmayaq ki, düşmən tətikdədir və yadırğamağımızı gözləyir. Biz də dövlət, xalq olaraq düşmənə əsla bu fürsəti verməməliyik".

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov da bildirdi ki, söhbət olduqca mühüm bir layihədən gedir və əgər bu layihəni tətbiq edə bilsək, böyük uğurlar bizimlə olacaq: “Bilirsiniz ki, Xəzər dənizində Qazaxıstan, Türkmənistan, İran, Rusiya kimi ölkələr var. Bu, həmin məkanlara nəzarət etmək deməkdir. Hava hücumundan birgə müdafiə sistemi yaratmaq deməkdir. Bu layihə olduqca ciddi layihədir, dövlətimiz üçün mühümdür. Düşmənlərimizə bir mesajdır, xüsusilə qonşuluqdakı düşmənlərə. Rusiyanın Ermənistanın hava məkanını qoruduğu kimi, Azərbaycan da qardaş ölkə ilə bunu tətbiq etmək istəyir. Amma bu sistem tətbiq olunduqda, təkcə Egey dənizdən Xəzər dənizinə qədər məkan nəzarətə götürülmür, başqa dövlətlərin də hava məkanı həmçinin nəzarətdə olur. Biz biləcəyik ki, nə var, nə yox.

Bu layihə ucuz deyil, çox bahalı layihədir. Layihə həm də onu göstərəcək ki, Azərbaycan tək deyil. Ortada hər kəsə məlum olan Azərbaycanın müttəfiqi Türkiyə dövləti var. Qardaş ölkə kimi daim yanımızdadır. Belə mühüm layihəni başa çatdıra bilsək, hesab edin ki, Azərbaycan bir neçə ilə hava məkanını qorumaq istiqamətində irəli gedəcək. Ümumiyyətlə, hava hücumundan müdafiə sistemi dünya praktikasında göstərir ki, ən vacib məsələlərdən biridir. Son olaraq, biz bunu Vətən müharibəmizdə və hazırda davam edən Rusiya-Ukrayna savaşında gördük. O sistemi artıq Azərbaycan Türkiyə ilə birlikdə həyata keçirə bilsə, çox gözəl bir nəticəsi olacaq. Biz rahat olacağıq ki, hava məkanımız həm dəniz, həm də quru üzərindən mükəmməl qorunur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR