İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyəni silkələməyə çalışan ŞOK HESABATLAR - “İlham Əliyev dəfələrlə deyib ki...”

3032 17.05.2023 12:25 Siyasət A A

ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə Beynəlxalq Dini Azadlıqla bağlı hesabatda Azərbaycan barədə bir sıra iddialar səslənir. Dövlət Departamentinin sözügedən hesabatında Azərbaycan ilə bağlı iddiaların yeganə mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Aragats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən 3 radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir.

Gün kimi aydındır ki, Azərbaycanda dini azadlıqlar təmin olunur, ekstremist qrup kimi fəaliyyət göstərən və xarici ölkələrdən maliyyələşdirilən şəxslərin dini inancla heç bir bağlılığı yoxdur. ABŞ-ın özündə milli, dini, irqi ayrıseçkilik, qaradərililərin diskriminasiyası və s. faktlar var.

Bu faktları malalamağa çalışan ABŞ-ın Azərbaycanla bağlı oxşar hesabatlarının ənənəvi hal alması nədən qaynaqlanır?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ABŞ-ın ənənəvi hesabatına başqa bir istiqamətdən keçid edib.

semed.jpg (77 KB)

Komitə sədri Musavat.com-a açıqlamasında ilk olaraq Avropa Şurasının Türkiyədə keçirilən seçkilərlə bağlı hesabatını xatırladıb:

“Çox yüksək rəqabətli, ən böyük faizlə əhalinin iştirakı, sözün əsl mənasında demokratik seçkilərin təşkil olunması göz qabağında idi. Bunu heç kim inkar edə bilməz. Hər bir faizi, yüksəlişi, yaxud əksinə, hansısa bir namizədin faizlərinin azalmasını hamı canlı yayım vasitəsilə izlədi. Seçkilərin birinci mərhələsi ilə bağlı hesabatın ümumi rəyi ilə tanış olmağı məsləhət görürəm. Orada yazılıb ki, Türkiyədə seçkilər o dərəcədə demokratik şəkildə keçirilməyib. Biz bunun şahidiyik ki, bu, belə deyil. Ən yüksək demokratik standartlara uyğun olan seçkilər təşkil olunmuşdu.

Təəssüflər olsun ki, bu, artıq bir tendensiyadır. Qərbdə hansısa bir reallığı sanki ehtiyat edib başqa cür təqdim etmək tendensiyaya çevrilib. Bu, yalnız Türkiyəyə deyil, Azərbaycana da aiddir. Biz hansısa məsələləri ən yüksək səviyyədə təşkil etsək belə, reallıq göz qabağında olduğu halda, hamı üçün su, hava kimi aydın olan məsələlər belə bəzən tamamilə başqa cür yönəldilir, təşkil olunur. Yaxud da təqdim olunur. Ona görə burada iki məsələni bir-birindən ayırmaq lazımdır.

Azərbaycana və Türkiyəyə olan ümumi yanaşmanı biz Qərb tərəfdən daim görmüşük. İkincisi, ABŞ-ın strateji nöqteyi-nəzərdən Azərbaycanın yanında olması. Bu, paradoksal durumdur. Bizi də narahat edən budur. Biz axı bilirik ki, danışıqlar prosesində, Azərbaycanın enerji daşıyıcıları ilə bağlı, Azərbaycanla əməkdaşlıqla bağlı, Azərbaycanın Qərb istiqamətində inteqrasiyası ilə bağlı ABŞ-ın mövqeyi birmənalıdır. O cümlədən biz görürük ki, həmin ABŞ-dan sanki şablon formada, öncədən hazırlanmış formada elə hesabatlar üzə çıxır ki, təəccüblənirik. Cənab Prezident dəfələrlə deyib, bunun içərisində ikili standartlar var. İkili standartlar məsələsi isə Azərbaycanda bu reallıqları qəbul etməmək, onların hansısa maraqlara, məsələlərə xidmət etməsi kimi nəzərdə tutulur ki, biz tam şəkildə reallığı qəbul etsək, maraqlarımıza o qədər də uyğun gəlməz. Hesab edirəm ki, bu, yanlış bir yanaşmadır. Biz həmişə açıq şəkildə öz münasibətlərimizi qurmuşuq. Yeri gəlmişkən, bir neçə müddətdən sonra bizim ABŞ-a böyük bir səfərimiz olacaq, orada ən yüksək səviyyədə görüşlərimiz baş tutacaq.

Biz bu reallığı başa düşməliyik ki, ikili yanaşma mövcuddur. Qlobal Qərb bundan hələ ki, əl çəkə bilmir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR