İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistanı kim barışdıracaq - son iki ayın intriqalı gözləntisi

701 31.10.2023 12:13 Siyasət A A

Nikol Paşinyan növbəti dəfə “sülh nağılı” uydurdu, ancaq rəsmi İrəvan sülhə doğru addım atmır; Arzu Nağıyev: “Şərti olaraq bu saziş Türkiyənin fəal iştirakı ilə Tiflisdə imzalana bilər, amma...”

Ermənistan hakimiyyəti Azərbaycanla sülhə hazır olduğunu davamlı şəkildə bəyan etsə də, irəliyə doğru addım atmağa tələsmir. Baş nazir Nikol Paşinyan oktyabrın 30-da Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı növbəti dəfə bu mövzuda danışıb.

O bildirib ki, Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırılıb. Paşinyanın sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq. “Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Üstəlik, Ermənistan Respublikasının ərazisinin 29,8 min kvadratmetr, Azərbaycanın isə 86,6 min kv.km olduğunu başa düşməklə” - Paşinyan bildirib. Onun sözlərinə görə, ikinci prinsip ondan ibarətdir ki, Almatı Bəyannaməsi, plana görə, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır. Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır. Baş nazirin fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.

“Sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”, - deyə ümumi, mücərrəd fikir ifadə edən N.Paşinyan qonşu Türkiyə ilə münasibətlərdən də bəhs edib.  “Ermənistan və Türkiyə nümayəndələri arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsinə ümid edirik”, - baş nazir qeyd edib. O xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik olan şəxslər üçün sərhədlərin açılmasına aiddir. “Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz "Marqara" keçid məntəqəsini yenidən təchiz etmişik və artıq belə proseslərə hazırıq", - N.Paşinyan əlavə edib.

N.Paşinyanın bu sözlərini Ankaradan son zamanlar İrəvana davamlı şəkildə ünvanlanan çağırışlara cavab da saymaq olar. Amma burada da qeyri-müəyyənlik var. Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası əks olunan, ərazisində terrorçulara aid abidələr qoyulan, üstəlik, qondarma “soyqırım”la bağlı cəfəngiyyatlardan əl çəkməyən Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh imzalaması real deyil.

Beləliklə, N.Paşinyan ötən il olduğu kimi, bu il də sülh nağılları ilə, sadəcə, vaxt qazanmağa çalışır. Sülh anlaşması ili kimi ümid bəslənilən 2023-ün bitməsinə düz iki ay qalıb. Maraqlıdır ki, bu ərəfədə istər Azərbaycandan, istərsə də Ermənistandan və vasitəçiliyə iddialı paytaxtlardan nikbin açıqlama və bəyanatların sayı artıb. Bəllidir ki, keçən həftəsonu Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı ilin axırınadək sülh prosesini yekunlaşdırmağa çağırış edib. Həmin mesaj Aİ Şurasının iki günlük sammitinin sonunda qəbul olunan yekun sənəddə əksini tapıb. “Avropa İttifaqı Şurası suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə davamlı dəstəyini bildirir. Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri xoş niyyətlə hərəkət etməyə və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır”, - sənəddə deyilir. Sənəddə eyni zamanda Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi də vurğulanır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə sammitdən sonra bəyan edib ki, Aİ Ermənistan-Azərbaycan normallaşması üzrə vasitəçiliyi davam etdirmək əzmindədir. Onun sözlərinə görə, qurum liderləri ölkələrin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etməyə sadiqdirlər. Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan son həftə ərzində bir neçə dəfə sülh sənədinin tezliklə imzalana biləcəyini söyləyib. Həmçinin Rusiya tərəfi həm xarici işlər nazirləri, həm də liderlər səviyyəsində üçlü görüşü təşkil edib sülh sənədinin imzalanmasına, paralel surətdə sərhədlərin delimitasiyası və demarkasiyasına yardım etməyə hazır olduğunu bəyan edib. Analoji çağırış “İpək Yolu” beynəlxalq forum çərçivəsində Gürcüstan rəhbərliyindən gəlib. Bundan əlavə, ABŞ Dövlət Departamenti keçən həftəsonu iki ölkə arasında tezliklə sülh anlaşmasının vacibliyi və bu yöndə Vaşinqtonun öz dəstəyini davam etdirəcəyini bildirib.

Oktyabrın 8-də Tiflisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış edərkən bu mövzuya da toxunmuşdular. Azərbaycan Prezidenti Gürcüstan tərəfin sülh təşəbbüsünə açıq və konkret mövqe ifadə etmişdi. Sitat: “Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”.

Amma Ermənistan bu günədək Bakı və Tiflisin təşəbbüsünə cavab verməyib. Hətta N.Paşinyan Gürcüstan səfərində və baş nazirlərlə görüşündə də bu mövzuya toxunmadı. Görünür, havadarları hələ də konkret tapşırıq verməyiblər.

Bəs ekspertlər necə düşünür, Azərbaycan və Ermənistanı barışdıracaq ölkə və ya paytaxt hara olacaq? Qarşıdakı iki ayda suala cavab tapıla bilərmi?

Millət vəkili Arzu Nağıyev: “Sumqayıt Dövlət Universiteti bütövlükdə  yerləşdiyi region üçün əhəmiyyətə malikdir” – SumqayitXeber.Com

Arzu Nağıyev

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a təsdiqlədi ki, əsas danışıq predmeti sülh müqaviləsinin imzalanmasıdır və bunun hansı müstəvidə keçiriləcəyi də önəm kəsb edən məsələdir: “Ən əsası isə sülhün bərqərar olmasını Azərbaycan və Ermənistan istəməlidir. Məlumdur ki, istər Avropa, istərsə Vaşinqton, Rusiya və ya Gürcüstan öncə öz maraqlarından çıxış edir, nüfuz savaşının iştirakçıları olmağa cəhd göstərirlər. Məlumdur ki, Avropada irəli sürülən təklifdə eyni zamanda Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi də vurğulanır. Bu isə o deməkdir ki, yenə də bizə hansısa şərtləri diktə etməyə çalışırlar. Dəfələrlə biz bəyan etmişik ki, bu şəxslər Azərbaycan vətəndaşı olmaq istəyirlərsə, heç bir problemləri olmayacaq və zəmanətli şəkildə öz yaşadıqları yerə köçə bilərlər.Təbii ki, Avropa bununla manipulyasiya etmək istəyir. Digər məsələ Paşinyanın 30 oktyabrda verdiyi açıqlamadır. O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var və bunlar icra edilsə, sülh müqaviləsi imzalana bilər”.

A.Nağıyev qeyd etdi ki, Azərbaycanla belə şərtlər qoymaqla danışmaq alınan deyil: “Sülh ilk növbədə ermənilərin özlərinə daha çox lazımdır. Çünki irəli sürdükləri o prinsiplər - qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Almaatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, regional kommunikasiyaların qarşılıqlı şəkildə açılması dəfələrlə təkrarlanan məsələlərdir və müzakirə obyekti olub. Bu prinsiplərin hər birində də Ermənistan siyasi və ərazi baxımından müəyyən manipulyasiyalar edir. Ermənilər və onların havadarları bir şeyi dərk etməlidirlər... Prezident İlham Əliyev bildirdi ki, "İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra baxaq görək bunun axırı nə olacaq?!" Bunu düşünsünlər. Eyni zamanda Azərbaycan üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasının mütləqliyi də yoxdur. Yəni sülhün bərqərər olmasını Azərbaycan təbii ki, istəyir, ancaq bütün detallar danışıq predmeti olmalıdır..."

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, yaxın vaxtlarda, xüsusilə də bu ilin sonuna qədər sülh müqaviləsinin inzalanması real görünmür: “Hər kəs sülhə dəstək verməyə, kömək etməyə hazır olduğunu bildirir. Amma heç kəs sözdən işə keçmək istəmir. Buradan demək olar ki, bəzi xüsusi statuslu dövlətlər məsələnin həllində maraqlı deyil. Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması onları o qədər də maraqlandırmır. Rusiya da Ermənistandakı hadisələri diqqətə izləyir, münasibətlərin normallaşmasında maraqlı olmadığını nümayiş etdirir. Ermənistandakı daxili vəziyyət də sülh bağlanacağına dair proqnozlara yer qoymur. Ermənilər şahmat oyununda olduğu kimi, siyasi rəqiblərinin səhv edəcəyini gözləyir. Belə vəziyyətdə sülhün imzalanması iki şərtə bağlı ola bilər: ya Paşinyan və ətrafı sülhdən başqa yol olmadığını dərk edəcək və o istiqamətdə gərəkən addımı atacaq, ya da güc mərkəzlərindən hər hansı biri erməniləri sülhə məcbur edəcək. Əlbəttə, razılaşdırılmamış məqam çoxdur, məsələn, Zəngəzur dəhlizi, gedən "qaçqınlar"ın geri qaytarılması və sair. Bu məsələlərin fonunda hansısa ölkə və ya şəhərdə sülhün bağlanacağına ümid etmək əbəsdir. Şərti olaraq bu saziş Türkiyənin fəal iştirakı ilə Tiflisdə imzalana bilər. Amma bu variant hələlik hipotetik versiya olaraq qalır".

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR