İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan uğrunda savaş bitir - Kreml son rıçaqlarını işə saldı

1918 20.06.2023 09:44 Siyasət A A

Qərbi, Bakını və İrəvanı birləşdirən yeganə maraq; “Qarabağ Azərbaycandır” etirafı kağız üzərinə köçürülən kimi...; erməni mediası: “ABŞ və AB Bakını qane edən sülhün reallaşmasına çalışır, çünki...”

Ermənistan rəhbərliyinin sülh ritorikası hələ də söz olaraq qalır. Ta ki, Azərbaycanla sülh müqaviləsi və ya hansısa çərçivə anlaşması imzalayanadək. Hansı sənəddə ki, iki ölkə bir-birinin ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz, qarşılıqlı şəkildə tanıyacaq.

Ermənistan buna məhkumdur. Çünki ayrı çıxış yolu mövcud deyil. Elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi saymasın və ya onu “mübahisəli ərazi” hesab eləsin. Odur ki, kapitulyant ölkə bu məsələdə tam təklənmiş durumdadır. Demək, vaxt itkisi yalnız Ermənistanın və onu xalqının durumunu qəlizləşdirəcək.

*****

44 günlük müharibənin yaratdığı bu yeni status-kvonun dərki və qəbulu zərurəti sonuncu dəfə rəsmi İrəvanın diqqətinə Berlində çatdırılıb - Avropa Birliyinin (AB) iki aparıcı dövlətlərindən biri, artıq nizamlama prosesinə aktiv şəkildə qoşulmuş Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer səviyyəsində.

Almaniya Prezidenti Xaçaturyanla görüşündə Azərbaycanın ərazi bütövlüyünün  Ermənistan tərəfindən tanındığını vurğulayıb

Belə ki, Berlində erməni həmkarı Vaaqn Xaçaturyanla görüşdə Ştaynmayer deyib ki, Almaniya Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatına xüsusi önəm verir. “Bu, münasibətlərin daha da normallaşması istiqamətində mühüm addımdır”, - deyə Ştaynmayer vurğulayıb və əlavə edib ki, rəsmi Berlin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına da töhfə verməkdədir.

Öz növbəsində V.Xaçaturyan bildirib ki, İrəvan ilkin şərt olmadan öz qonşuları ilə münasibətləri normallaşdırmağa hazırdır. Eyni fikri o, Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşdə də söyləyib.  

Çox gözəl. Qalır bəyan ediləni praktikada isbatlamaq. Bundan ötrü çox şey tələb olunmur: Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, “Qarabağ Azərbaycandır” etirafını kağız üzərinə köçürmək kifayətdir. Əks halda, erməni xalqı gərək yeni faciələrə hazırlaşsın. Ona görə ki, istənilən sülhün (pis olsun, ya yaxşı) alternativi hərbdir, savaşdır. Ermənistanın daha bir müharibəyə gücü-potensialı, demoqrafik və iqtisadi resursu varmı, çatarmı? Düşünmürük.

*****

 

Bu gerçəyi getdikcə daha aydın dərk edən, situasiyanı emosiyasız təhlil edən erməni ekspertlər yox deyil. Hətta dünənin radikal erməni revanşist şərhçiləri belə, situasiyanın Ermənistan üçün geridönməz şəkil aldığını anlayaraq, praqmatik yanaşma ortaya qoymağa başlayıblar.

“Ermənistan prezidentinin Berlindəki bəyanatı çox düzgün və yerində idi”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Romella Mnatsakanyan Armenianreport.com-dakı “Niyə Türkiyə və Azərbaycanla sülh qaçılmazdır?” başlıqlı məqaləsində yazır. 

"Bu olmasa, Ankara-İrəvan arasında əlaqələrin normallaşması baş tutmayacaq”

Müəllif ardınca Bakı və Ankara ilə barışıq əleyhdarlarını hədəf alaraq bildirir: “Bəli, biz Türkiyə və Azərbaycanla düşmənçiliyi davam etdirməyi təbliğ edən qüvvələrin ardınca gedə bilərik. Ancaq bu nəyə gətirib çıxaracaq? Türkiyə erməni "soyqırımı"nı tanıyacaqmı və təzminat ödəyəcəkmi, tarixi torpaqlarımızı qaytaracaqmı? Aydındır ki, yox. Türkiyə indi çox güclüdür və ona elə bir təzyiq yoxdur. Azərbaycana gəlincə, biz görürük ki, ABŞ və Avropa İttifaqı da Bakıdan yalnızca “Artsax” xalqının hüquqlarına hörmət etməyi tələb edir. Azərbaycan bunu etməyə hazırdır, bölgəni özününkü adlandırır və “Artsax” erməniləri ilə bütün digər vətəndaşları kimi rəftar edəcəyinə söz verir. Başqa heç nə. ABŞ və Avropa İttifaqı məhz Azərbaycanı qane edən sülhü istəyir".

Mnatsakanya görə, Ermənistan rəhbərliyi bu reallıqları anladığı üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. “Açıq etiraf edək: bu, məcburi addımdır və Ermənistanı indiki sərhədləri daxilində saxlamağa və müharibədən qaçmağa imkan verəcək. Səmimi olaq, yeni müharibədə Azərbaycan-Türkiyə tandeminə müqavimət göstərməyə gücümüz yoxdur. Dünyanın heç bir dövləti də yeni müharibədə Ermənistan tərəfdə vuruşmağa hazır deyil. Təəssüf ki, biz ABŞ və Avropanın gözündə Ukrayna deyilik. Onlar üçün biz Rusiyanın caynağından qurtulması vacib olan ölkəyik. Və bu məsələdə Qərb, Azərbaycan və Ermənistanın planları üst-üstə düşür. Təbii ki, yalnız Rusiya bunun əleyhinədir. Hansı ki, artıq bütün cəbhələrdə məğlubiyyət yaşayır”, - deyə erməni təhlilçi vurğulayıb.

*****

Bakıya “yaşıl işıq”: görün nələr olacaq – Mnatsakanyan – AzerTimes

Rusiyanın isə böyük sülh planını pozmaq üçün ənənəvi iki ciddi rıçaqı var: 1. Ermənistanda Moskvaya və Gümrüdəki 102 saylı hərbi hissəyə bağlı “5-ci kolon”; 2. Qarabağdakı separatçı “kart”.

İstisna deyil ki, Kreml onların hər ikisindən eyni vaxtda istifadə eləməyə çalışsın. Və artıq edir də. Təsadüfi deyil ki, iyunun 15-də Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulmasında ən çox Moskvanın, daha dəqiqi, Ermənistan ordusundakı Rusiyaya sadiq qüvvələrin adı hallanır. Çünki Bakının “Laçın yolu”na nəzarəti bütünlüklə ələ alması şimal qonşumuzun ürəyincə deyil, ola bilməz(di).

Əsas da o səbəbə ki, ərazimizdəki separatçı-quldurların Rusiya hesabına silah və başqa təminatı aprelin 23-dən - Laçın postu qurulandan sıfırlanıb. Halbuki Laçın dəhlizi ilə bağlı 10 noyabr (2020) sənədinə istinadən edən Rusiya hərbi kontingenti (6-cı bənd) elə həmin sənədin 4-cü bəndinə əsasən qanunsuz hərbi birləşmələri çoxdan Qarabağdan çıxarmalı idi. Çıxarmayıb. Əksinə, onlara daha da güclənmək, özlərini daha sərbəst və azğın hiss eləmək üçün mümkün bütün köməklikləri göstərib, maksimum şərait yaradıb.

Odur ki, özlərindən küssünlər. Yaxud öncə öz gözlərindəki yekə tiri götürsünlər. Görünən həm də budur ki, Qərb Azərbaycan və Ermənistanı barışdırmaqdan ötrü bütün səylərini ortaya qoyduğu halda, Moskva tərsinə, bu dinc prosesi pozmaq üçün əlindən gələni edir, özünün sonuncu rıçaqlarını işə salır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR