İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Rumıniya əlaqələrində yeni səhifənin təməli qoyulur

892 03.02.2023 23:46 Gündəm A A

Azərbaycan Avropa İttifaqı ilə yanaşı, ayrı-ayrı Avropa ölkələri ilə də qarşılıqlı iqtisadi-siyasi əlaqələrini genişləndirir. Son 2 ildə Prezident İlham Əliyevin bir neçə Avropa ölkəsinə rəsmi səfərləri reallaşıb, Avropa ölkələrinin rəhbərləri Bakıda qarşılanıblar.

Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən sonra Avropa ölkələrinin alternativ enerji mənbələrinə ehtiyacı kəskin artıb. Bu isə Azərbaycanın etibarlı təminatçı kimi mövqeyinin güclənməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin verdiyi məlumatdan aydın olur ki, 2022-ci ildə 10-dan çox Avropa ölkəsi Azərbaycandan qaz almaq, yaxud daha çox qaz almaq üçün ölkəmizə müraciət edib. Belə ölkələrdən biri də Rumıniyadır. 5-6 il əvvələdək qaza olan tələbatının 95 faizə qədərini öz istehsalı ilə təmin edən Rumıniyada qaz hasilatı ciddi şəkildə azalıb. Buxarestson 3 ildə 11-12 milyard kubmetrlik illik tələbatın 8-8,5 milyard kubmetrini özü təmin edir, qalanını isə əsasən Rusiyadan alırdı. 2021-ci ildə ölkə Rusiyadan 3 milyard kubmetr qaz alıb. Lakin 2022-ci ildə Rumıniya Ukraynaya hücumundan sonra Rusiya qazının alışını kəskin şəkildə azaldıb. Azalan həcmlərin cüzi bir qismi Qara dənizin Rumıniya sektorundakı “Ana” yatağından 2022-ci ilin iyununda başlayan hasilat hesabına kompensasiya olunub. İyundan dekabra qədər bu yataqdan Rumıniyanın qazpaylayıcı şəbəkəsinə 500 milyon kubmetr qaz çatdırılıb. Növbəti illərdə hasilatın illik 1 milyard kubmetrə çatdırılması planlaşdırılır.

1422701.jpeg (545 KB)

Rumıniya hökuməti ötən il qanunvericiliyə Qara dənizdəki yataqların işlənməsində iştirak edəcək xarici şirkətlər üçün vergi güzəştləri nəzərdə tutan dəyişiklik edib.

Qara dənizin Rumıniya sektorunda təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 170-200 milyard kubmetr həcmində qiymətləndirilir. 2040-cı ilədək bu həcmlərdən ildə 6 milyard kubmetrə qədər qazın ölkənin qazpaylayıcı şəbəkəsinə daxil olunması nəzərdə tutulur. Rumıniyanın “Transqaz” şirkətinin hesablamalarına əsasən həmin dövrə qədər ölkədə qaza olan illik tələbat 8 milyard kubmetr artaraq 20 milyard kubmetrə çatacaq. Bu isə o deməkdir ki, daxili hasilat artsa belə, tələbatı qarşılayacaq həcmdə olmayacaq, Buxarest qaz idxalını davam etdirəcək.

16754068762084763836_1000x669.jpg (302 KB)

Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın “Romgaz S.A.” arasında imzalanmış müqaviləyə əsasən, yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb. Razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur. Bu müqavilə aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetr mavi yanacağın çatdırılmasını nəzərdə tuturdu.

Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR-la “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya ildə bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb. SOCAR-dan verilən məlumata görə, saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.

16754068765039320897_1000x669.jpg (572 KB)

Rumıniya Azərbaycandan və Yunanıstanın LNG terminallarından əldə edəcəyi qazı digər ölkələrə, xüsusilə də Rusiyadan kəskin qaz asılılığında olan Moldovaya ötürməyi hədəfləyir. Hazırda Moldova Avropa İttifaqının qaz təchizatı baxımından ən zəif potensiallı ölkəsi hesab olunur. Eyni zamanda Avropa İttifaqı Moldova üzərindən Ukraynaya da qaz çatdırılmasını təmin etməyə çalışır. Bu baxımdan, Azərbaycan qazının Avropa İttifaqı üçün önəmi daha da artır.

Azərbaycan bu önəmi nəzərə alaraq qaz, həmçinin enerji ixracını artırmaq üçün infrastrukturun genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirir. Rəsmi Bakı Rumıniya ilə əlaqələrin genişləndirilməsində həm də buna görə maraqlıdır.

2022-ci ildə ölkələr arasında ticarətin həcmi 518 milyon 39 6,12 min dollar təşkil edib. Bunun 446 milyon 866.00 min dolları Azərbaycanın, 71 milyon 530.12 min dolları Rumıniyanın ixracının payına düşür. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə ölkələr arasında alış-verişin həcmi 215 milyon 535,53 min dollar olmuşdu. Həmin il Azərbaycan Rumıniyaya 80 milyon 876.89 min dollarlıq 173 min 781.81 ton neft satıb.

2022-ci ildə isə bu ölkəyə neft satışımız 378 milyon 607.28 min dollar dəyərlə 538 min 424.03 tona qədər artıb. Burada Rumıniyanın Avropa İttifaqının üzvü olaraq Rusiyadan neft alışını dayandırması mühüm rol oynayıb.

Rumıniya Prezidenti Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-3-də Azərbaycana səfər edib. Onunla görüşdən sonra mətbuata verdiyi bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir: “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

1675406876857465238_1000x669.jpg (322 KB)

Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər”.

Azərbaycan Prezidenti SOCAR-ın Rumıniyadakı fəaliyyətinin yüksək qiymətləndirib, ölkələr arasında energetika sahəsində əməkdaşlığın yeni mərhələsinin başlandığını deyib: “Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.
İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

depolama.png (850 KB)

Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına”.

İ.Əliyev Azərbaycanın yaşıl enerji ixracı layihəsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır”.

633e804d955a5633e804d955a61665040461633e804d955a1633e804d955a3jpg-1668458557.jpg (320 KB)

Ukraynada başlanan müharibə dünyanın ticarət marşrutlarının yenidən çizilməsini şərtləndirib. Və yeni ticarət xəritəsində Azərbaycanın rolu qat-qat artıb. Ölkəmiz Şərqdən-Qərbə yönələn əsas yükdaşıma marşrutlarından birinin üzərində yerləşir. Bu isə Azərbaycanın nəqliyyat-tranzit potensialının güclənməsi deməkdir. Asiyadan Xəzər dənizi vasitəsilə göndərilən böyük həcmli yüklərin Azərbaycan üzərindən Avropaya, o cümlədən Rumıniyaya çatdırılması istiqamətində işlər sürətlə aparılmaqdadır. Bu isə yaxın perspektivdə Bakı ilə Buxarest arasında nəqliyyat sahəsində də əməkdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaradır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR