İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qərbin müttəfiqinə çevrilir, “demokratik” Ermənistan “ofsayt”da - mühüm gəlişmə

766 28.02.2023 09:03 Siyasət A A

“Qərb üçün Cənubi Qafqaz regionunda əsas problem İrandır”.

Bu sözləri erməni mediasına açıqlamasında yəhudi əsilli tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“İran-Ərəb ölkələri, İran-İsrail, İran-ABŞ, İran-AB arasında qarşıdurma getdikcə güclənir. İndi proseslər böyük regional qarşıdurmaya, İrana qarşı müharibəyə doğru gedir ki, bu da Cənubi Qafqaza yayıla bilər. Amma olmaya da bilər. Hazırda bu, ən vacib məsələdir və Qarabağda və digər yerlərdə baş verənlər artıq daha az əhəmiyyət kəsb edir”, - ekspert bildirib.

Ekspertə görə, İran ətrafında qarşıdurmaların artması müşahidə olunur: “Nüvə sazişini fəal şəkildə uzatmağa çalışan AB başa düşür ki, bundan heç nə əldə etməyəcək, ona görə də Tehrana əlavə sanksiyalar tətbiq edəcək”.

Felgenhauerin fikrincə, Ukrayna savaşı, Avropanın enerjiyə ehtiyacı və anti-İran məsələsində Bakı hazırda Qərbin əsas müttəfiqidir: “Buna görə də Qərb Ermənistana görə Azərbaycana qarşı addım atmayacaq. Ermənistanda isə vəziyyət fərqlidir. Onun ən yaxın müttəfiqlərindən biri Rusiya, digəri İrandır. Bu, o deməkdir ki, Ermənistan ağır vəziyyətdədir və əlaqələri şaxələndirməyə çalışır. İrəvanın Moskva və Tehranla birbaşa qarşıdurmaya getməsi də mümkün deyil. Əgər sənin belə bir dostların varsa, demək, həddən artıq çox düşmənin var”.

Azərbaycan gerçəkdənmi hazırda Ermənistanla müqayisədə Qərbə daha yaxındır və bu, Moskvanı qıcıqlandırmaz ki?

Elşən Musayev: “Səs vermirsiniz, verməyin…” – Seçicilərə hörmətsizlik  (VİDEO) - Günün Səsi

Elşən Musayev: “Ermənistan hazırda özünü az qala İranın forpostu kimi aparır”

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın hər zaman dürüst siyasət yürütdüyünü qeyd etdi: “Azərbaycan xarici siyasət zonasında hər zaman balanslı istiqamət götürüb. Eyni zamanda dövlətimizə olan hörmət bir tək enerji resursları ilə bağlı deyil, həm də daim haqlı və ədalətli mövqe sərgiləməmizlə əlaqədardır. Biz Ermənistandan, İrandan və özü üçün neqativ xarici siyasət kursu seçən dövlətlərdən fərqli olaraq kimsəyə namərdlik etməmişik, kimsənin ayağını tapdalamamışıq, kimsənin maraqlarına toxunmamışıq. Yəni hörmət edib, hörmət gözləmişik. Bəli, zaman-zaman Qərblə də, Avropanın müəyyən ölkələri ilə də sərt ritorikalarımız olub. Amma yenə də bizim ucbatımızdan deyil, qarşı tərəfin ucbatından.

44 günlük müharibədən sonra isə həm regiondakı proseslərin ahəngində, həm də ümumən geosiyası siyasətdə ciddi fərqlənmələr, dəyişikliklər nəzərə çarpır. Azərbaycan artıq qalib ölkədir, özü də güclü və perspektivli. Buna uyğun olaraq da mövqe yüksəlişi var və ölkəmizə münasibətdə hər kəs hörmət və etibar şkalasını daha da artırıb. Eyni zamanda Ermənistanın nə qədər quzğun, işğalçı və haqsız olduğunu bütün dünya bilir və ona görə də Qərb və Avropanın seçimi Azərbaycandan yanadır. Yəni burada faktor təkcə istək deyil, həm də məntiqdir, qlobal düzəndəki yerdir, özünü necə təqdim etmək və tanıtmaq məsələsidir.

Avropa İttifaqının və Qərbin İrana münasibəti aydındır. Ermənistan isə hazırda özünü az qala İranın forpostu kimi aparır. Üstəlik, bütün göstəriciləri ilə də İranın yolunu gedir, İrana transfer olur. Belə olan halda Qərbdən hansı mövqe gözlənilməli idi ki? Təbii, Qərb də, Avropa da Ermənistanı “iqnor” edəcək, ona yerini göstərəcək. Paşinyanın ağlı olsaydı, vaxtında praqmatik siyasət yürüdərdi, kimsənin sözü ilə oturub-durmadan imzaladığı sazişlərə, həmin sazişlərdəki öhdəliklərə riayət, əməl edərdi. Amma o, tərs yol seçdi, işıq gələn tərəfə deyil, qaranlığa, bataqlığa doğru qaçdı, İrana və irankimilərə meyl göstərdi. Ona görə də indi fiaskonun bir addımlığındadır. Çabalaya-çabalaya qalıb. Yapışmağa saman çöpü axtarır".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “İranı daxildən qarışdırmaq planları cızıla bilər, amma...”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu müharibənin olacağına heç zaman inanmır: “Əvvəla onu deyim ki, heç vaxt İranla ABŞ, Britaniya,İsrail və ümumilikdə Qərbin müharibəsinə, açıq müstəvidə qarşıdurmasına inanmamışam, yenə də inanmıram. Buna inanmadığımın tarixi nədənləri var. İran müsəlman şərqində həmişə Türkiyə, Turana qarşı Qərb, xristian ölkələrinə lazım olub. Bu siyasət indi də davam edir. Ona görə heç bir halda ABŞ-İran müharibəsini gözləmirəm. Kapitoliy təpəsində İranı daxildən qarışdırmaq planları cızıla bilər, amma bu ölkə ilə açıq müstəvidə qarşıdurmaya gedilməz. Həm də İranla böyük müharibə ABŞ-a lazım da deyil. O ki qaldı bununla əlaqədar Azərbaycan-Qərb münasibətlərinə, ələlxüsus da Ukrayna-Rusiya müharibəsi Bakını Avropanın ən önəmli enerji tərəfdaşına çevirdi. Ümumiyyətlə, rəsmi Bakı həmişə Qərb dünyası ilə çalışıb ki, yaxşı münasibətlər qursun. 30 ilə yaxın Qarabağın işğalı dövründə bu təbii və anlayışla qəbul edilən siyasətdir. Əsasən də Azərbaycan Britaniya və ABŞ-la neft-qaz lobbi əməkdaşlığını yüksək səviyyədə qura bilib, İsrail və dünya yəhudiliyi ilə rəsmi Bakının xüsusi münasibətləri də öz yerində. Şərqi Avropada artıq bir ildən çox gedən müharibə kontinental köhnə qitə ölkələrini də qaz-enerji müstəvisində Azərbaycanla yaxınlaşmağa sövq etdi. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Bakı səfəri, prezident Əliyevlə görüşü bunun əyani sübutu idi. Lakin unutmayaq ki, erməni lobbisi, ələlxüsus da Fransa və ABŞ-da çox güclüdür. Avropanın Almaniya, Niderland, Belçika kimi ölkələri də son Azərbaycan-Ermənistan müharibəsində açıq-aşkar aqressorun yanında oldular. Qərbin erməni tərəfkeşliyinin də tarixi nədənləri var. Bunun arxasında ilk öncə xristian təəssübkeşliyi, davamında isə antitürk siyasəti durur. Düzdür, Avropanın erməni sevdası nə qədər çox olursa-olsun, öz dəriləri təbii ki, özlərinə daha yaxındır. Bütün bunları əsas götürərək Azərbaycan həm ehtiyatı əldən verməməlidir, həm də Avropa və Amerika ilə şərtlər və reallıqlardan irəli gələrək münasibətlər qurmağı bacarmalıdır”.

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır

Kənan Novruzov: “Azərbaycan çoxvektorlu xarici siyasət kursunu uğurla davam etdirir”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə rəsmi Bakının uğurlu xarici siyasətinə toxundu: “Sözsüz ki, Azərbaycan Qərb üçün mühüm tərəfdaşdır. Amma öncə onu deyək ki, kollektiv Qərbin Bakıya münasibəti müsbət olsa da, ayrı-ayrı Qərb dövlətlərinin yanaşması heç də eyni səviyyədə deyil. Məsələn, Fransa və ABŞ-ın Azərbaycanla bağlı məqsəd və hədəfləri fərqlidir. Vaşinqton Parisdən fərqli olaraq Bakı ilə münasibətlərdə daha səmimidir. Hərçənd Ağ Evi də düşündürən ancaq öz maraqlarıdır.

Azərbaycanın Qərb üçün əhəmiyyəti daha da artıb. Əvvəllər Qərbin Bakı ilə bağlı maraqları daha çox iqtisadi yönümlü idi. İkinci Qarabağ müharibəsindən sonra isə vəziyyət dəyişdi. Qərb başa düşür ki, Azərbaycan Cənubi Qafqazın əsas siyasi aktorudur. Deməli, xüsusilə ABŞ regiondakı mövqelərini qorumaq üçün Azərbaycanla “dil tapmalıdır”.

Qərb həmçinin Rusiya və İrana qarşı mübarizədə də Azərbaycanı özünə mühüm tərəfdaş hesab edə bilər. ABŞ Azərbaycanı Rusiyadan mümkün qədər uzaqlaşdırmaqda maraqlıdır. Həmçinin Tehran-Bakı münasibətlərindəki gərginlik də Qərbin maraqlarına uyğundur. Ancaq şübhəsiz ki, Azərbaycan balanslı siyasət yürütməklə ehtimal olunan təhdidlərin qarşısını ala bilir və hansısa dövlətin yox, öz maraqlarını nəzərə alır.

Yuxarıdakı məqamları nəzərə alsaq, Azərbaycanın Ermənistana nisbətən Qərb üçün daha vacib dövlət olduğunu deyə bilərik. Qərb Azərbaycana tərəfdaş, Ermənistana isə alət gözü ilə baxır. Üstəgəl, nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistana təsir gücü daha çoxdur. Belə bir vaxtda Qərb İrəvana arxayın ola bilməz.

Rusiyanın proseslərə münasibətinə gəldikdə isə, söyləməliyik ki, indi Moskva Bakı ilə münasibətləri korlamaq istəməz. Düzdür, tərəflər arasında “soyuq küləklər əsə bilər”. Rusiya xüsusilə “Qarabağ kartı”ndan istifadə edərək “mən də buradayam” ritorikası ilə çıxış edə bilər. Amma bunun tərəflər arasındakı münasibətə ciddi təsir edəcəyinə inanmıram. Xüsusilə ona görə ki, Azərbaycan çoxvektorlu xarici siyasət kursunu uğurla davam etdirir".      

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR