İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan prezidenti Macarstanda xristian bayramına qatıldı, ermənilərin “dini zəmində münaqişə” arqumenti sıfırlandı  

660 21.08.2023 11:57 Siyasət A A

 

“Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 20-də Macarıstana səfərində diqqətimi cəlb edən ən mühüm məqam bu ölkənin Milli Günü tədbirlərinə türk və bəzi müsəlman ölkələrin dəvət olunması idi. Çünki Macarıstanın bu milli bayramı əslində, ölkənin xristianlaşdırılmasının rəsmən qeyd olunmasını özündə ehtiva edir. Bu münasibətlə hər il geniş şəkildə qeyd olunan tədbirlərə xüsusilə müsəlman və türk ölkələrinin dəvət edilməsi xüsusi anlam daşıyırdı”.

Musavat.com-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz belə deyib.

Həmsöhbətimiz Macarıstan Milli Gününün haradan gəldiyinə də aydınlıq gətirdi. Onun dediyinə görə, 11 əsrə qədər macarlar müxtəlif dinlərə və məzhəblərə inanırdılar: “Bu da onların vahid bir millət kimi formalaşmasının qarşısını alırdı. 1030-cu illərdə Kral Stefan bütün macarların katolik məzhəbinə keçməsi barədə fərman imzaladı və 1083-cü ilin 20 avqustunda ölümündən xeyli sonra Müqəddəs Roma İmperiyası onu əziz adı ilə təqdis etdi, yəni müqəddəsləşdirdi. Həmin günü macarlar özlərinin millətləşmə günü kimi qeyd etməyə başladılar. 1927-ci ildən bu gün rəsmi dövlət bayramı statusu aldı və indiyə qədər hər il təmtəraqla keçirilir.

Heydər Oğuzun fikrincə, xüsusilə türk və müsəlman liderlərinin tədbirə dəvət almaları Macarıstan üçün üzvü olduğu Avropa İttifaqına və ABŞ-a bir mesaj idi:

“Bununla sanki Viktor Orban üzv olduqları Avropa Birliyinə ölkəsinin potensial oriyentasiyasını göstərir və “mənimlə ehtiyatlı davranın, əks halda yönələ biləcəyim Şərq aləmi var” mesajını verirdi. Üstəlik, Macarıstanın Türk Birliyinin bir araya gətirilməsində göstərə biləcəyi xidməti də ABŞ-ın nəzərinə çatdırmağa çalışırdı. Bilirsiniz ki, Ukrayna savaşı sonucunda Rusiyanın zəifləyəcəyi və Mərkəzi Asiya üzərində öz hegemonluğunu itirəcəyi gözlənilir. Hətta müharibənin getdiyi hazırkı günlərdə belə, bunun açıq işarələri görünür. Bunun ən bariz nümunəsi Putinin yaxın günlərdə “3-lü qaz ittifaqı” təklifi ilə çıxış etməsi, dolayısı ilə Mərkəzi Asiya ölkələrinin Çinə qaz ixracı imkanlarını bölüşdürülməsi ideyasına region dövlətlərindən ciddi əks-reaksiya gəldi. Türkmənistan Özbəkistan və Qazaxıstandan keçərək Çinə uzanan mövcud qaz kəmərlərinin onun pulu ilə inşa edildiyini bildirdi, həmin layihədə özgələrə yer olmadığını Rusiyanın diqqətinə çatdırdı. Eynilə Özbəkistan və Qazaxıstan da Rusiyanın bu təklifinə yumşaq formada rədd cavabını verdi”.

Heydər Oğuzun fikrincə, Mərkəzi Asiya ölkələrinin Putini pəjmürdə edən bu bəyanatları Rusiyanın regionda təsir gücünün artıq qalmadığını göstərir: “Bu vəziyyətdə bölgənin Çin təsir dairəsinə girməsi ehtimalı yaranır. Prinsipcə, Çin də bu istiqamətdə bəzi addımlar atır və öz niyyətini gizlətmir. Belə ki, cəmi 3 ay əvvəl Çin Mərkəzi Asiya ölkə liderlərinin iştirakı ilə bir toplantı keçirdi və toplantıda iqtisadi-siyasi əməkdaşlıqdan tutmuş, ortaq təhlükəsizlik mövzularına qədər bir çox strateji məsələlər masaya yatırıldı. "C+C5" liderləri sammiti adlanan bu zirvə görüşünün bəyannaməsində keçən “ortaq tale bərabərliyi” ideyası ilə rəsmən imperialist niyyət ortaya qoyulur və dünyaya “bundan sonra regionun taleyi məndən sorulur” mesajı verilirdi”.

514517_n2vnf35mug.jpg (26 KB)

Həmsöhbətimizin sözlərinə görə, Çinin bu təşəbbüsünə ABŞ laqeyd qala bilməzdi: “ABŞ üçün bu perspektiv Rusiyanın regional hegemoniyasından daha qorxunc reallıq idi və bunun qarşısını almaq üçün Türk Dünyası layihəsi gərçəkləşdirilməli, Rusiya ilə Çin arasında bufer zona yaradılmalıydı. Amma bu layihənin Türkiyə tərəfindən təkbaşına həyata keçirilməsi mümkün deyildi. Ən azı ona görə ki, Türkiyə iqtisadi cəhətdən Çinlə rəqabətə dayana bilməzdi. Onun maliyyə baxımından güclü müttəfiqlərə ehtiyacı vardı. Məhz bu səbəbdən də Orta Asiya ölkələrini Çinin əlinə buraxmamaq üçün Körfəz ərəb ölkələri dövriyyəyə daxil oldu. Əvvəl Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ərəb ölkələrinə dəvət olundu və qardaş ölkənin böhrandan çıxması üçün müəyyən anlaşmalar imzalandı. Ardınca da Mərkəzi Asiya ölkələrinin liderləri Səudiyyə Ərəbistanının Ciddə şəhərinə çağrıldı və regional investisiya yatırımı məsələsi müzakirə olundu, bəzi mühüm sazişlər imzalandı. Dünən isə ABŞ prezidenti Co Bayden Mərkəzi Asiya ölkə liderlərini Vaşinqtona C5+1 zirvəsinin ilk görüşünə dəvət etdi”.

Heydər Oğuzun fikrincə, sözügedən dəvət təsadüfi deyildi: “Çünki sentyabrın 19-20-də keçiriləcəyi planlaşdırılan sammitdə əsasən təhlükəsizlik və iqtisadi məsələlərin müzakirə olunacağı gözlənilir”.

Siyasi şərhçi hesab edir ki, Macarıstan da Türk Birliyi layihəsində yer alan ölkələrdən biridir: “Macarıstan həm Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü, həm də hər il Turan şöləni keçirərək Türk dünyası arasında birlik və bərabərliyi təbliğ edən ölkə kimi tanınır. Macarıstan gələcək Türk Birliyinə öz ali məktəblərində yetişdirdiyi tələbələrlə töhfə vermək istəyir. Orban hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində bu ölkədə hər il 200 Azərbaycan gəncinə pulsuz təhsil verilir. Digər Türk respublikalarının gəncləri də bu fürsətdən yararlanırlar”.

Prezident İlham Əliyevin Macarıstanın xristianlaşdırılması bayramında iştirak etməsindəki marağına gəlincə, Heydər Oğuz bunu da təsadüfi saymır. Onun fikrincə, ermənilər bizimlə aralarında olan münaqişəyə dini rəng verməyə çalışırlar: “Özlərini müsəlman türklərin soyqırımına məruz qalan xalq kimi göstərib, yalandan göz yaşı tökərək, Qərb ölkələrinin dəstəyini qazanmaq istəyirlər. Halbuki, Azərbaycan dünyəvi dövlətdir və bizim ölkəmizdə hər bir dinin daşıyıcıları bərabər hüquqlu vətəndaş kimi yaşayırlar. Dünyanın bir çox ölkələrindən fərqli olaraq biz həqiqətən də öz yaxın dostlarımızı seçərkən onların hansı dinə mənsub olmasını araşdırmırıq. Qarabağ döyüşlərində şəhid olan yəhudi, xristian qardaşlarımız bizimlə eyni cəbhədə döyüşüblər və torpaqlarımızın vətənləşməsi üçün qanlarını belə əsirgəməyiblər. Bu gün xristian Ukrayna üçün canını fəda edən xeyli sayda azərbaycanlı gənclərimiz var. Bütün bunlar Azərbaycanın daxilən sekulyar və multikultural anlayışa sahib olduğunu göstərir. Bunun tam əksinə, Ermənistan öz ölkəsində başqa dinlərə qarşı dözümsüzlük nümayiş etdirir. Amma yenə də öz adını bizə qoymağa çalışır və nə yazıq ki, bəzən xristian təəssübü ilə yaşayan Qərb ölkələrini buna inandırmağı bacarır. Görünür, İlham Əliyev Macarıstanın xristianlaşdırılması bayramına qoşulmaqla onu isbat etməyə çalışdı ki, bizim üçün din, irq fərqliliyi yoxdur. Biz öz qardaşlarımızın dini tərcihlərinə hörmətlə yanaşır və hətta bu bayramda iştirak da edə bilirik”.

Bundan əlavə, İlham Əliyevin Macarıstana səfərində iqtisadi maraqların da rol oynadığını düşünən Heydər Oğuz fikrini belə əlaqələndirdi: “Budapeşt səfəri İlham Əliyevin bu ölkəyə 5-ci gedişidir. Bundan əvvəlki səfər bu ilin yanvar ayının 29-30-da gerçəkləşmişdi. Həmin səfər çərçivəsində Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə imzalandı. Amma bütün bu yaxınlıqlara və əməkdaşlıq niyyətlərinə baxmayaraq, Azərbaycanla Macarıstan arasında iqtisadi münasibətlər o qədər güclü inkişaf etməyib. Statistik məlumata görə, 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon, 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib. Rəqəmlər onu göstərir ki, iki ölkə arasındakı iqtisadi əməkdaşlıqlar günü-gündən böyüyür və gələcək illərdə daha da artacaq. Çünki Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir, Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqda maraqlıdır”, - deyən Heydər Oğuza görə, bütün bunlar İlham Əliyevin niyə xristian bayramında iştirakının əsl səbəblərini izah edir.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR