Milli Məclisin bu gün Avropa Parlamenti ilə bütün istiqamətlərdə əlaqələrin dayandırılması və Avronest Parlament Assambleyası çərçivəsində üzvlüyə xitam verilməsi, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi ilə əməkdaşlığın dayandırılması barədə təşəbbüslə çıxış etməsi siyasi gündəmi bir anda dəyişdirdi.
Heç şübhəsiz ki, bu qərar münasibətlərin hansı nöqtəyə gəlib çatdığını açıq şəkildə göstərməklə yanaşı, bir sıra suallar da yaratmamış deyil.
Azərbaycan-Avropa münasibətlərində körpülər tamamilə yanır?
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva parlamentin bu təşəbbüsünü təsadüfi addım saymır. O, Musavat.com-a açıqlamasında qarşı tərəfin qərəzli davranışları ilə Azərbaycanı buna məcbur etdiyini söylədi:
“Bu, qısa müddətli diplomatik narazılıqdan daha çox uzun müddətdir formalaşan siyasi mövqenin açıq ifadəsidir. Məsələyə sadəcə inciklik prizmasından baxmaq və ya mövcud addımı tam strateji qırılma kimi qiymətləndirmək doğru deyil. Reallıq ondan ibarətdir ki, Azərbaycan artıq münasibətləri əvvəlki formatda davam etdirməyin mümkün olmadığını nümayiş etdirir. Xüsusilə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi ilə əməkdaşlığın dayandırılması göstərir ki, problem epizodik deyil, sistemlidir. Lakin Azərbaycan uzun illər balanslaşdırılmış xarici siyasət yürüdüb və bu xəttin birdən-birə tam tərk edilməsi ehtimalı da aşağıdır. Görünür, rəsmi Bakı Brüsselə qarşı siyasi təzyiq alətini aktivləşdirir və münasibətləri yeni şərtlər əsasında təzədən qurmağa çalışır. Rəsmi Bakının belə bir qərarının arxasında bir neçə motiv dayanır.
Birincisi, siyasi suverenlik məsələsidir. Avropa institutlarının son illərdə qəbul etdiyi bəzi qərar və qətnamələr Bakıda tərəfdaşlıq çərçivəsindən kənara çıxan yanaşma kimi qiymətləndirilir. Azərbaycan açıq şəkildə mesaj verir ki, daxili siyasi məsələlər üzərindən təzyiq dili artıq qəbul olunmur. İkincisi, regional reallıqlardır. Cənubi Qafqazda yeni təhlükəsizlik konfiqurasiyası formalaşır və bu prosesdə xarici aktorların selektiv yanaşması Bakının mövqeyini sərtləşdirir. Azərbaycan bu fonda özünü passiv tərəf kimi deyil, qaydaları müəyyən edən aktorlardan biri kimi təqdim etməyə çalışır. Üçüncüsü isə enerji və iqtisadiyyat faktorudur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu siyasi münasibətlərdə də balans yaradan əsas rıçaqlardan birinə çevrilib. Bu reallıq Bakıya daha sərbəst davranmaq imkanı verir.
Düşünürəm ki, hazırkı qərarı “körpülərin yandırılması” kimi təqdim etmək doğru deyil. Daha dəqiq ifadə etsək, bu, münasibətlərin yenidən formalaşdırılması cəhdidir. Yəqin ki, tərəflər arasında əməkdaşlıq tam dayandırılmayacaq, sadəcə siyasi və parlament platformaları zəifləyəcək, əlaqələr isə daha çox praqmatik bir şəkildə enerji, nəqliyyat və təhlükəsizlik sahələrinə fokuslanacaq. Bu qərardan sonra müvafiq risklərin də olduğunu göz ardı etmək olmaz. Güman ki, Avropa Parlamenti səviyyəsində Azərbaycana qarşı sanksiya ritorikasının güclənməsini müşahidə edəciyik. Bu isə münasibətləri daha gərgin mərhələyə keçirə bilər.
Bütün hallarda bir məqam aydındır. Azərbaycan artıq klassik “balanslaşdırma” modelindən daha sərt və selektiv əməkdaşlıq mərhələsinə keçid siqnalı verir. Bu, qopma deyil, yeni geosiyasi reallıqda şərtlərin dəyişdirilməsidir”.
Cavanşir ABBASLI
Musavat.com






