İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan neftinin qiymətində təlatümlər - yaxın aylarda...

2319 18.08.2023 08:25 İqtisadiyyat A A

İqtisadçı ekspert: “Noyabrda tələbatın azalması ilə əlaqədar ucuzlaşma ola bilər, dekabrda isə...”

Xəbər verildiyi kimi, həftənin ilk günü dünya bazarında neft qiymətlərinin ciddi ucuzlaşması ilə başlayıb. Belə ki, Londonun ICE birjasında Brent neftinin oktyabr fyuçerslərinin qiyməti 2 faizədək ucuzlaşaraq 85.74 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI  neftinin sentyabr fyuçersləri üzrə qiymət isə 82.12 dollara ticarət olunmağa başlayıb.

Analitiklər hesab edirlər ki, bu azalma bazarın Çin və Avropa İttifaqı iqtisadiyyatlarındakı təhlükəli tendensiyalara reaksiyasıdır. Belə ki, son 6 həftə ərzində ABŞ iqtisadiyyatına köklənən investorlar OPEK+ ölkələrinin hasilatı azaltmaları fonunda pozitiv ruhda köklənmişdilər. Lakin ötən həftə ərzində Çinin daşınmaz əmlak bazarında yaşanan çöküş, ölkə iqtisadiyyatında ciddi problemlərin olduğunu göstərən rəqəmlər, həmçinin Avropa İttifaqı ölkələrində iqtisadi artımın minimuma düşməsi, xüsusilə sənaye sektorunda geriləməyə dair məlumatlar bazarda neqativ əhvala səbəb olub. Həmçinin ABŞ-da inflyasiyanın iyul ayında 0,5 faiz bəndi sürətlənməsi uçot dərəcəsinin yenidən artırılacağı ehtimalını gücləndirib.

Bəs yaxın aylarda Azərbaycan neftinin qiymətində kəskin təlatümlər mümkünmü? Proqnozlar nə deyir?

Ekspert: “Azad ticarət zonası Azərbaycanın ixrac həcminin artmasını  şərtləndirə bilər” - 03.05.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı Rəşad Həsənov “Yeni Müsavat” a bildirdi ki, neft qiymətlərinin qlobal iqtisadi indiqatorlara reaksiya verməsi aydındır.

Ekspert Avropa iqtisadiyyatı, Çinlə əlaqəli makroiqtisadi göstəricilərə diqqət çəkdi: “Bu amillər həftənin əvvəlində bazara təsirini göstərdi - qiymətlərdə 4 faiz ucuzlaşma müşahidə edildi. Bugünlərdə müəyyən bərpa prosesi gedir, neft qiymətləri artım istiqamətli dinamika göstərir. Hesab edirəm ki, həftənin əvvəlində qiymətlərin ucuzlaşması həm də ötən bir ay ərzində qiymətlərdə müşahidə edilən 10 faizdən artıq artımın korreksiyası prosesidir, çünki bir ay ərzində "Brent" markalı neftin bir barelinin qiyməti 77 dollardan 88 dollara qalxdı.

Buna səbəb OPEK+ ölkələrinin hasilatı azaltmaları, eyni zamanda avqust ayında enerji bazarlarında tələbin kəskin artması idi. Adətən bazarlarda belə kəskin qiymət artımından sonra müəyyən korreksiya prosesi gedir. Hazırda Beynəlxalq Enerji Agentliyinin proqnozları avqust ayı üçün neftin qiymətinin yüksək olacağı istiqamətindədir. Bu həm enerji ehtiyatlarının həcmində müşahidə olunan azalma, həm turizm mövsümü ilə əlaqədar xüsusilə aviasiya sənayesində neftə, həmçinin xam neftin istehsalında tələbatın artması kimi səbəblərlə izah olunur.

Qiymət həftənin əvvəlində azalmasına baxmayaraq, son bir aylıq minimum qiymətlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. “Brent” markalı neftin bir bareli üçün qiymət ayın əvvəli ilə müqayisədə 6 dollar bahadır. Düşünürəm ki, bu, bazarla əlaqədar böyük volatillik olsa da, dərinlik olmayacaq. Ümumiyyətlə, enerji qiymətləri volatil qiymətlərdir, ciddi şəkildə oynamalar müşahidə edilir. “Brent” markalı neftin bir barelinin qiyməti 80 ABŞ dolları, WTI markalı neft üçün isə 77 dollar civarında olacağı ehtimalı çox yüksəkdir.

Qlobal iqtisadiyyatla bağlı hər hansı şoklar gözlənilmir. Rusiya-Ukrayna  müharibəsinə baxmayaraq, OPEK+ formatı pozulmadı. Bu format çərçivəsində bazara təklif olunan neftin həcminin tənzimlənməsinə çevik reaksiya verilir. Bu şərtlər daxilində Azərbaycan neftinin qiyməti ilə bağlı növbəti aylarda ortaya ciddi risklərin çıxacağını düşünmürəm. Növbəti aylarda Azərbaycan neftinin qiyməti orta hesabla 82 ABŞ dolları ətrafında dinamika göstərəcək. Noyabrda tələbatın azalması ilə əlaqədar ucuzlaşma müşahidə edilə bilər. Dekabrda isə orta göstəricinin 82 ABŞ dolları olacağı proqnozları gücləndirir. Azərbaycan iqtisadiyyatı üçün böyük risk ehtimalı azdır". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR