İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan narının “dərdləri”: xarici bazar, daha nələr...

1274 15.09.2023 08:00 İqtisadiyyat A A

Emal gücünü artırmaq bir çox problemləri aradan qaldırmağa imkan verər   

Azərbaycanın qeyri-neft sektorunun əsas prioritet istiqaməti olan kənd təsərrüfatının ən ciddi problemlərindən biri ixrac bazarlarının məhdudluğudur. Kənd təsərrüfatı istehsalı artdıqca, bu problem daha da kəskinləşir. Belə ki, aqrar ixracımızın 90 faizdən yuxarısı yalnız bir bazara  - Rusiyaya istiqamətlənib. Uzun illərin təcrübəsində özünü etibarlı tərəfdaş kimi tanıda bilməyən bir ölkənin bazarından asılılıq Azərbaycanın kənd təsərrüfatı üçün ən böyük problem olaraq qalır. Bu problemin aradan qaldırılması, ixrac bazarlarının diversifikasiyası çox ləng gedir, bir sıra məhsullar üzrə, ümumiyyətlə, durğun vəziyyətdədir.

İxracında Rusiyadan asılı olduğumuz məhsullardan biri də nardır. Rusiyanın Ukraynaya hücumu nar istehsalçılarını ikinci böyük bazardan məhrum edib. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşovun “Report”a dediyinə görə, Azərbaycan ötən il 31 milyon 564 min ABŞ dolları dəyərində 24 min ton nar ixrac edib: “İndiyədək bizim ənənəvi ixrac bazarımız Rusiya və Ukrayna olub. Lakin hazırda Ukrayna bazarını tamamilə itirmişik. Ona görə də yerli ixracatçılar Azərbaycan narlarına böyük tələbat olan Rusiya bazarına fokuslanıb. Lakin Rusiya rublunun dəyərdən düşməsi Azərbaycan məhsullarının bu bazarda ucuzlaşmasına gətirib çıxara bilər”.

Fərhad Qaraşov fermerlərə çağırış etdi

F.Qaraşov qeyd edib ki, Azərbaycan şirkətləri hazırda Almaniyaya nar ixrac edir: “Ötən il Almaniya vətəndaşları olan türklər Azərbaycana gəlmişdilər, onları nar bağlarımızla tanış etdik. Nar ixracı ilə bağlı danışıqların aparılması gözlənilir”.

Assosiasiya rəhbərinin sözlərinə görə, bir müddət əvvəl nar ixracı ilə bağlı Çindən gələn iş adamları ilə görüş keçirilib: “Çin təqribən hər il 10 min tona yaxın Azərbaycandan nar idxalını planlaşdırır. Əfsus ki, Çinlə Azərbaycan arasında Qida təhlükəsizliyi haqqında Anlaşma yoxdur. Bu, bizə ixracda problem yaradır. Ölkələr bununla bağlı tez razılıq əldə etsə, Çin bazarına nar ixracına başlaya bilərik”.

O bildirib ki, BƏƏ və Qətərə nar ixracı həyata keçirilib: “Təəssüf ki, ixracatçılarımız böyük ziyanla üzləşirlər, çünki həmin bazarlarda Hindistan öz yerini möhkəmləndirib. Halbuki Azərbaycan narları Hindistan narları ilə müqayisədə daha keyfiyyətlidir. Hindistan narları ucuz olduğu üçün biz həmin ölkələrə nar ixracını artıra bilmirik. Nar yaş meyvə olduğuna görə müəyyən müddətdən sonra keyfiyyətini itirir”.

F.Qaraşov Azərbaycan narını Qazaxıstan bazarına çıxışı üçün də maraq göstərildiyini vurğulayıb: “Qazaxıstanla müəyyən danışıqlar aparılır. Bu ölkəyə iki il əvvəl tədarük həyata keçirilib. Hazırda Qazaxıstan bazarında daha çox Özbəkistan narları yer tutub”.

Qeyd edək ki, F.Qaraşov ötən ilin payızından Ukraynaya ixracın dayanma təhlükəsi barədə danışaraq, ixracatçılara dövlət səviyyəsində dəstək verilməsinin zəruri olduğunu bildirmişdi. Bu ilin martında Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi (AZPROMO) agentliklərinin, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə ixracın şaxələndirilməsi məqsədilə narın yeni ixrac bazarlarına çıxarılması üçün tələb olunan keyfiyyət standartları, agentlik tərəfindən göstərilən dəstək tədbirləri, xüsusilə sertifikatlaşma və korporativləşmə ilə bağlı məlumat verilib, fermerlərin sualları cavablandırılıb. Lakin reallıq göstərir ki, bu görüşün heç bir faydası olmayıb və nar ixracatçıları Ukrayna bazarını tam itiriblər. Bunu 2023-cü ilin birinci yarısındakı ixracdan da görmək mümkündür. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 6 ayında 8 milyon 81,44  min dollarlıq 6208,39 ton nar ixrac olunub. Orta ixrac qiyməti 1 ton üçün 1302 dollar təşkil edib. Bunun 7 milyon 683,84 min dollarlıq 5509,55 tonu Rusiyaya satılıb. Şima qonşuya ixracın 1 tonu 1394,6 dollara reallaşıb. Ötən il narın 1 tonunun ixrac qiyməti 1352,6 dollara bərabər olub. Bu isə cari ildə Rusiyadan kənara ixracın kəskin aşağı qiymətə reallaşması deməkdir.

Hazırda Azərbaycan hökuməti intensiv və sığortalanmış nar bağlarına görə fermerlərə subsidiya verir. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1 hektara minimum 450 ədəd tingin əkildiyi damcı suvarma sistemi ilə təmin olunmuş nar bağına 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salındığı halda hər hektara 3000 manat, 2020-ci ildən bəri salınan bağlar üzrə 730 manat, 2020-ci ildən əvvəl salınmış bağlar üzrə 250 manat subsidiya ödənilir. Göründüyü kimi, dövlət intensiv suvarma sisteminin tətbiqini stimullaşdırmaq üçün subsidiyalaşmada diferensial yanaşma tətbiq edir. Yeri gəlmişkən, damcı suvarma sisteminin alınıb quraşdırılmasına də dövlət dəstəyi nəzərdə tutulur. Belə sistemlərin dəyərinin 40 faizi dövlət tərəfindən qarşılanır, qalan 60 faiz üçünsə güzəştli kredit ayrılır. Lakin bir çox kiçik istehsalçılar bu dəstəkdən yararlana bilmirlər.

İxrac coğrafiyasının genişlənməsi yolunda əsas problemlərdən biri Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq sazişinin olmaması, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün baş tutmamasıdır. Eyni zamanda potensial ixrac bazarları olan ölkələrə ixracı asanlaşdırılan dövlətlərarası sənədlərin qəbulunda da ciddi ləngimə var. F.Qaraşovun dediklərindən aydın olur ki, əsas potensial bazarlardan biri olan Çinə ixrac məhz bu səbəbdən baş tutmur. Belə bir vəziyyətdə əsas çıxış yolu narın emalını artırmaq və emal məhsullarının ixracına köklənməkdir. Hazırda Azərbaycanda nardan emal yolu ilə müxtəlif məhsullar əldə edilir: nar şirəsi, nar konsentratı, narşərab, nar turşusu, nar çaxırı, limonad, kompot, nar yağı və s. Bu məhsulların bir çoxunun Avropa, ABŞ, Körfəz ölkələrinə ixracı kiçik həcmlərlə də olsa həyata keçirilir.

Azərbaycanda nar məhsullarının istehsalı ilə məşğul olan 3 böyük müəssisə fəaliyyət göstərir. Bunlardan birincisi “Aznar”dır. Sovet dövründən Göyçayda fəaliyyət göstərən zavodun bazasında yaradılan müəssisənin 2 min hektardan yuxarı nar bağı var. “Aznar” “Grante” adı altında məhsullar istehsal edir. Müəssisənin məhsulları orqanik hesab olunur. 2016-cı ildə Almaniyanın “Agreco” sertifikatlaşdırma şirkətinin müvafiq sertifikatını alıb.

Ağsu rayonunda yerləşən “Az-Granata” MMC-nin ixracatında əsas yeri nar şirəsi və nar konsentratı tutur. MMC öz məhsullarının dünyanın 20-dən artıq ölkəsinə ixrac edildiyini bildirir.

Biləsuvar rayonunda yerləşən “Azərsun Kənd Təsərüffatı Məhsulları” MMC 2012-cü ildən “Saville” nar şirəsi məhsullarının istehsalına başlayıb. Fabrikin 310 hektar sahədə salınmış nar bağları var. MMC bəyan edir ki, “Saville” nar şirələri NFC şirə kateqoriyasına aid olaraq, soyuq sıxma üsulu ilə istehsal olunaraq artıq 40-dan çox ölkədə istehlakçıların etibarını qazanıb.

Dövlət Statistika Komitəsinin xarici ticarət statistikasında nar məhsullarının ixracı ayrılıqda göstərilmədiyinə görə ixracın coğrafiyası və dəyəri barədə hansısa məlumat əldə etmək mümkün olmadı. Lakin təcrübə göstərir ki, hər hansı məhsulun xammal deyil, emal olunaraq satılması daha çox gəlir əldə etməyə imkan verir.

Onu da qeyd edək ki, 1 litr nar şirəsi istehsal etmək üçün 2,20 kq təzə nardan istifadə olunur. Bir litr narşərab almaq üçün isə 15 kq nar lazımdır.

Ölkədə istehsal olunan 185 min ton civarında narın ən yaxşı halda 30 min tonu ixrac olunur. Qalan həcmlərin emalı üçün güclər yaradılarsa, bu, nar istehsalının və istehsalçıların qazancının daha da artmasına, həmçinin ixrac gəlirlərinin çoxalmasına gətirib çıxarar...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR