İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan iqtisadiyyatı ilə bağlı ilginc proqnozlar - çarpaz rəylər

1544 09.01.2024 14:22 İqtisadiyyat A A

2024-cü ildə ciddi proseslər gedəcək; Mərkəzi Bank, hökumət, beynəlxalq qurumlar, müstəqil ekspertlərin mövqeləri uzlaşmır

2024-cü ilin ilk günləri Azərbaycanda ümumi daxili məhsul artımı ilə bağlı müzakirələrlə zəngin keçdi. Belə ki, 2023-cü ili Azərbaycan 1 faizin altında olan iqtisadi artımla başa vurub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin 11 ayında ölkədə 110,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb. Hesablamalara görə, dekabr ayının nəticələri də daxil, yekunda illik artım 1 faizdən yuxarı olmayacaq.

Əksər ekspertlər Azərbaycanda faktiki durğunluq dövrünün başlandığını bildirirlər. Bu durğunluğun isə əsasən neft-qaz sektorundan qaynaqlandığı bildirilir. Neft-qaz sektorunda isə əsas problem olaraq neft hasilatı və ixracındakı azalma önə çəkilir. Bəzi ekspertlər Azərbaycan ÜDM-dəki durğunluğun neft-qaz qiymətlərindəki azalmadan, digərləri isə daha çox ixrac həcmlərinin düşməsindən irəli gəldiyini vurğulayırlar. 

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının neft-qaz sektorunda formalaşan ÜDM-inin 75 faizi xam neftlə, 25 faizi təbii qazla bağlıdır: “Neft Fondunun təbii resursların satışından formalaşan gəlirlərinin 83 faizi xam neftin, 17 faizi təbii qazın ixracı ilə bağlıdır (2023-cü ilin 11 ayının statistikasına əsasən-red.) On bir aylıq statistikadan o da aydın olur ki, təbii resurs ixracından ölkəyə daxilolmaların 60 faizi xam neft, 40 faizi təbii qazla bağlıdır. 

Hesab edirəm ki, neft-qaz sektorunda ÜDM-in artıb-azalması təbii resursların qiyməti ilə yox, hasilatın həcmi ilə bağlıdır. Milli Hesablar sistemi ilə bağlı məlumatlı olanlar yaxşı bilir, real artım tempini hesablamaq üçün ÜDM-in cari qiymətlərlə hesablanan həcmi baza ilinin qiyməti ilə hesablanan hasilat göstəricisinə faizlə nisbəti götürülür".

Ekspert qeyd edir ki, neft-qazın qiymətinin ÜDM-ə təsiri 2 kanalla baş verir: “Xalis ixracatı artırmaqla, hökumətin genişləndirilmiş fiskal siyasəti vasitəsilə iqtisadiyyata sərmayələrin artımı hesabına. Məsələn, 2022-ci ildə neft-qaz ÜDM-inin real həcmi 2,7 faiz azalıb. Halbuki 2022-də Brent markalı neftin orta illik qiyməti 100 dollar, 2021-ci ildə isə 70 dollar ətrafında olmuşdu. Amma 2021-ci ildə neft hasilatının həcmi 6,1 faiz azalmışdı, əmtəəlik təbii qaz hasilatı isə 7 faiz artmışdı. Sadəcə, neft-qaz ÜDM-inin 75 faizini xam neft formalaşdırdığı üçün 6 faizlik azalmanın artım dinamikasına azaldıcı təsiri dominant olub”.

Onu da bildirək ki, əksər beynəlxalq analitik mərkəzlər yaxın və ortamüddətli dövrdə məhz neft hasilatındakı azalmaya görə Azərbaycanda iqtisadi artımın minimum səviyyədə qalacağını gözləyirlər. Bugünlərdə Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ilə qədər Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb. BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatından aydın olur ki, qurum ekspertləri 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 2,6 faiz, 2025-ci ildə isə 2,8 faiz səviyyəsində proqnozlaşdırıb. Hesabata əsasən, 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım 0,7 faiz təşkil edib.

BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,9 faizədək, 2025-ci ildə isə 3,9 faizədək azalacaq. Təşkilat ötən il üzrə inflyasiya proqnozunu 9,5 faiz müəyyən edib.

BVF-nin IV Maddə üzrə Azərbaycan iqtisadiyyatının icmalının yekunlarına dair bəyanatında isə qeyd olunur ki, 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,4 faiz, 2024-2028-ci illərdə - illik 2,3 faiz səviyyəsində gözlənilir. Xatırladaq ki, BVF-nin missiyası 1-16 noyabr tarixlərində Azəraycanda səfərdə olub. Missiyanın gəldiyi qənaətə görə, Azərbaycanda inflyasiyanın azalması, neft və qazın yüksək qiymətləri ölkənin güclü xarici mövqeyini dəstəkləyib. Bank sektorunda vəziyyət yaxşılaşmaqda davam edir, lakin zəiflik üçün müəyyən risklər qalmaqdadır. 

BVF-nin proqnozlarına görə, Azərbaycanın qeyri-neft ÜDM artımı 2023-cü ildə 4,2 faiz, 2024-cü ildə 3,6 faiz, 2025-2028-ci illərdə ildə orta hesabla 3,5 faiz təşkil edəcək. Neft sektorunda azalma 2023-cü ildə 1,5 faiz, 2024-2028-ci illərdə isə ildə orta hesabla 0,5 faiz olacaq.

BVF ekspertləri hesablayıblar ki, 2023-cü ildə Azərbaycanda ÜDM-in nominal həcmi 76,8 milyard dollar (2022-ci ildə - 78,7 milyard dollar), 2024-cü ildə - 79,7 milyard dollar, 2025-ci ildə - 82,8 milyard dollar, 2026-cı ildə - 86,2 milyard dollara yaxın, 2027-ci ildə - 89,7 milyard dollar, 2028-ci ildə - 93,8 milyard dollar təşkil edəcək.

Standard & Poors  Beynəlxalq Reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Agentliyə görə, ötən il nominal ifadədə Azərbaycanın ÜDM-inin 131 milyard manat (77 milyard ABŞ dolları) olacağı proqnozlaşdırılıb. 2022-ci ildə 134 milyard manat (79 milyard ABŞ dolları) olan bu göstəricinin 2024-cü ildə 137 milyard manata (81 milyard ABŞ dolları), 2025-ci ildə 143 milyard manata (84 milyard ABŞ dolları), 2026-cı ildə isə 148 milyard manata (87 milyard ABŞ dolları) çatacağı gözlənilir: “Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır, neft və qaz ixracın 90 faizini və ÜDM-in təxminən 50 faizini təşkil edir. Hazırda ölkə əlverişli neft qiymətlərindən faydalanır, bu da öz növbəsində Azərbaycanın maliyyə vəziyyətini və tədiyə balansını dəstəkləyi”r.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9 faiz, dünya bazarında neftin orta qiymətinin 60 dollar təşkil etməsi şəraitində 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz səviyyəsində proqnozlaşdırır. Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-inin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz azalacağı, 2027-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə, neft-qaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır.

Azərbaycan Mərkəzi Bankı isə bu il gözlənilən iqtisadi artımla bağlı hökumətdən daha nikbindir. Bankın cari ildəki pul siyasətinə dair bəyanatında qeyd olunur ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artım davam edəcək. Mərkəzi Bankın proqnozlarına görə, 2024-cü ildə real iqtisadi artım tempinin 3-3.5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5.5 faiz civarında olacağı gözlənilir. Bankdan bildirirlər ki, bu ildə də işğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcək: “Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaq. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir”.

R.Ağayev isə Mərkəzi Bankın proqnozunu həddən artıq nikbin hesab edir: “İlin sonunda iqtisadi mövzuda ən çox müzakirə edilən məsələ ölkədə iqtisadi durğunluğun yaşanması oldu. Söhbət illik artımın 1 faizin altında qalmasından gedir (11 ayın yekunları 0,8 faiz artım göstərdi). Əhalini hər nəfərinə düşən göstəriciyə görə hətta artımın 0,5 faiz olduğu görünür. Mərkəzi Bank isə dekabrın 30-da açıqladığı bəyanatında 2024-cü il üçün 3-3,5 faizlik, o cümlədən qeyri-neft sektoru üzrə 5-5,5 faiz iqtisadi böyümə proqnozlaşdırır. Bu nə qədər realdır? İş ondadır ki, hökumət 2024-cü il üçün iqtisadi artımın 2,4 faiz (BVF 2,6 faiz), qeyri-neft sektorunun 4,6 faiz böyüyəcəyini deyir. 

Mərkəzi Bankın proqnozunun reallaşması üçün neft-qaz sektorunda azalma tam dayanmalı (hətta artım olmasa belə), qeyri-neft sektorunda artımın 6 faizdən aşağı olmaması lazımdır. Halbuki gələn il Azərbaycan hökuməti neft-qaz seqmentində 1,8 faizlik azalma gözləyir. Əgər bu baş verərsə, Mərkəzi Bankın qeyri-neft sektoru üzrə 5,5 faizlik artıım proqnozu reallaşsa belə, ümümi artım ən yaxşı halda 2 faiz ətrafında olacaq. Yəni Bankın 3,5 faizlik gözləntisi bu rəqəmlərin fonunda xeyli optimist görünür. 

Xatırladım ki, 2023-cü ildə qeyri-neft sektorunun 3,2 faizlik artımı, neft sektorunun 1,6 faizlik azalması şəraitində iqtisadi artım cəmi 0,8 faiz təşkil edib. Hər 2 sektorun iqtisadiyyatda payı təxminən eyni olduğu üçün artıma (azalmaya) statistik olaraq təsiri eyni səviyyədə baş verir. Sadə desək, biri 3,2 faiz artırsa, ümumi artıma töhfəsi 1,6 faiz olur. Digəri 1,6 faiz kiçilirsə, ümumi iqtisadi tempi 0,8 faiz zəiflədir".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR