İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ilin birinci yarısını yüksək göstəricilərlə başa vurdu

835 16.07.2022 18:47 İqtisadiyyat A A

Prezident İlham Əliyevin rəhbərliyi altında yaxınmüddətli dövr üçün nəhəng planlar cızılır

Koronavirus pandemiyası və Ukrayna müharibəsi dünyanın yeni bir iqtisadi böhrana sürükləməkdədir. Qlobal iqtisadiyyatın lokomotivləri olan iqtisadiyyatlar içərisində olduqları ciddi problemlərdən çıxmaq üçün pul-kredit siyasətinin sərtləşdirilməsini yeganə çıxış yolu kimi görürlər. Bu isə həmin iqtisadiyyatlar üçün iqtisadi artım sürətinin azalması, hətta resessiya təhlükəsini yaradır.

Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci il üçün ABŞ-ın ÜDM artımı ilə bağlı proqnozunu 2,3 faizə endirib, 2023-cü ildə isə artım tempinin 1 faiz səviyyəsində olacağı gözlənilir. Beləliklə, qurum ABŞ-ın ÜDM-in artımı ilə bağlı proqnozunu apreldəki məruzəsinə nisbətən bu il və gələn il üçün 1,4 faiz və 1,3 faiz aşağı salıb. IMF-in İdarə Heyətinin üzvləri belə qənaətə gəliblər ki, ABŞ-da tənəzzüldən qaçmaq getdikcə çətin bir işə çevrilir və Rusiyanın Ukraynaya müdaxiləsi, uzun sürən COVID-19 pandemiyası və təchizat məhdudiyyətləri əlavə problemlər yaradır.

Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində cari ilin ikinci rübündə iqtisadi artımın kəskin zəifləməsi qeydə alınıb. Çin Dövlət Statistika İdarəsinin məlumatına əsasən ikinci rübdə iqtisadi artım ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,4 faiz təşkil edib. Ölkədə koronavirusun yeni dalğasına görə yenidən qapanmalara gedilməsi üçüncü rübdə iqtisadi daralmanın daha yüksək olması təhlükəsi yaradır.

56t.jpg (114 KB)

Avropa Birliyində də iqtisadi artım proqnozları mənfiyə doğru dəyişib. Avropa Komissiyası 2022-ci il üçün iqtisadi artımı maydakı 2,7 faizdən 2,6 faizə, 2023-cü il üçünsə 2,3 faizdən 1,4 faizə azaldıb.

Beləliklə, dünyanın ən böyük iqtisadiyyatları ciddi problemlər, iqtisadi artım sürətinin kəskin azalması prosesini yaşadığı bir dönəmdə Azərbaycan 2022-ci ilin birinci yarısını mühüm iqtisadi uğurlarla başa vurub. Bu barədə birinci yarımilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin verdiyi məlumata görə, 2022-ci ilin yanvar-iyun ayında Azərbaycan iqtisadiyyatı 6,2 faiz, o cümlədən qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb.

Birinci yarımildə ölkədə orta əməkhaqqı 14 faiz, pensiya 10 faizdən çox artıb. Dövr ərzində əhalinin gəlirləri təxminən 20 faiz artıb.

Dövlət başçısı qeyd edib ki, altı ayda xarici ticarətimiz də böyük dərəcədə artıb - haradasa 70 faizdən çox: “İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər”.

xttt.jpg (100 KB)

Enerjidaşıyıcılarının kəskin bahalaşması, qlobal daşıma zəncirindəki qırılmalar bütün dünyada inflyasiya prosesini sürətləndirib. Azərbaycanda da yanvar-iyunda illin inflyasiya 12 faizdən bir qədər çoxdur. Bu inflyasiyanın 60 faizdən çoxu məhz idxal inflyasiyasıdır. Nəzərə alsaq ki, ərzaq inflyasiya altı ayda 19 faiz olub, bu o deməkdir ki, biz əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsini təhlükəsiz həddə çatdırmalıyıq: “Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir”.

Azərbaycanın üstünlüklərindən biri də xarici dövlət borcunun təhlükəsiz həddən aşağı olmasıdır: “Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biridir. Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın görün, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq”.

dd.jpg (242 KB)

Xarici dövlət borcunun az olması, eyni zamanda Azərbaycanın öz xərclərinin böyük əksəriyyətini özü qarşılaması dövlətimizin müstəqilliyini qorumasının əsas amillərindədir: “İqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var. İqtisadi müstəqillik siyasi müstəqilliyi təmin edir.

Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz”.

Məlumdur ki, ölkənin əldə etdiyi gəlirlər dövlət büdcəsinin gəlir və xərclərinin artımını şərtləndirib. Və bu artım yalnız neft-qaz sektoru hesabına təmin edilməyib: “Büdcə təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Büdcənin böyüməsi dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. İqtisadi sahədə altı ayda görülmüş işlər aparılan islahatların nəticəsidir. İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal reyslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. - Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə də narahat edən məsələlər var. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir - uçot, nəzarət və kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır”.

bayraq.jpg (92 KB)

Azərbaycan etibarlı tərəfdaş olduğunu bütün dünyaya sübut edib: “Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır. Bu sahədə də işlər planlı şəkildə aparılır. Uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik. Avropa tərəfindən Azərbaycana yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu sahədə çox böyük perspektivlər var. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir”.

Prezident qeyd edib ki, Azərbaycanın perspektivli yataqlarından çıxarılacaq qaz həm daxili tələbatı ödəmək üçün, həm ixrac üçün də nəzərdə tutulub: “Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir”.

tr.jpg (72 KB)

Ukraynadakı müharibə qlobal yükdaşıma marşrutlarında kəskin dəyişikliklərə gətirib çıxarıb. Bu dəyişikliklər Azərbaycanın əsas məqsədlərindən birinə nail olmasını sürətləndirib. Söhbət Avropa ilə Asiya arasında tranzit habına çevrilmək planından gedir. Prezident qeyd edib ki, altı ayda tranzit yüklərin həcmi təxminən 30 faiz artıb: “Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. Gəmiqayırma zavodu tam gücü ilə işləməlidir. Zavod lazımi qədər gəmi, tanker, bərə istehsal etməlidir. İldə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik”.

Dövlət başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır: “Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Bütün tender prosedurları keçir, şəffaflıq tam təmin olunur, heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulur. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək. İçməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var”.

pop.jpg (84 KB)

Prezident İ.Əliyevin sözlərinə görə, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaqdır: “Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq. Hərbçilərin sosial müdafiəsi məsələləri Azərbaycanda yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur və s.

Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.

Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR