İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan hərbi xərcləri artırdı - Dünyanın düşmənə göz dağı 57-ci ordusu

3596 23.09.2023 12:20 Gündəm A A

Arzu Nağıyev: “Ordumuzun Türkiyə ordu modelinə keçidi uğurla davam edir”

2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manat olması nəzərdə tutulur. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6 % çoxdur.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılıb. Lakin qeyd olunub ki, Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır.

“Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur”, - nazirlikdən bildirilib.

Azərbaycanın öz hərbi xərclərini arıtması təbiidir. Nə qədər ki, Ermənistan sülh müqaviləsi imzalamaqdan yayınır və revanşist hisslərdən qurtulmayıb, ordumuzun daha da güclənməsi prioritet olacaq. Bu mənada artan xərclər eyni zamanda İrəvana özünü yığışdırmaq üçün növbəti siqnaldır.

Xatırladaq ki, Ermənistanın bu il üçün hərbi büdcəsi rekord həcmdə - 1 milyard dollar həcmində müəyyənləşib. Bu isə Azərbaycanla müqayisədə dəfələrlə azdır. İrəvan silahlanma yarışında Bakı ilə ayaqlaşması, sadəcə, mümkünsüz. Dünyanın 57-ci ordusuna malik Azərbaycan qardaş Türkiyə başda olmaqla dost-tərəfdaş dövlətlər hesabına öz hərbi qüdrətini daha da artıracaq.

Bəs hazırda silahlı qüvvələrimizdə ən çox diqqət yetirməli və islahat aparmalı olduğumuz sferalar hansılardır və NATO tipli orduya keçid nə vaxt tamamlanacaq?

Deputat Arzu Nağıyev təltif edildi | 1news.az | Xəbərlər

Arzu Nağıyev 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Türkiyə ilə hərbi müttəfiqliyimizin ən yüksək səviyyəyə qalxması Azərbaycanın peşəkar orduya, NATO və ya Türkiyə tipli orduya keçidini sürətləndirib: “Möhtərəm cənab Prezident İlham Əliyev də çıxışlarında Türkiyə ordusunun kiçik modelini quracağımızla bağlı fikirlər səsləndirib. Şuşa Bəyannaməsi ilə bu yöndə əlavə fürsətlər açıldı. Çünki bəyannaməyə görə, ölkəmizə qarşı hər hansı üçüncü dövlətin hərbi təhdidi, müdaxiləsi olarsa Azərbaycan və Türkiyə birgə mübarizə apara bilərlər. Bu da özlüyündə iki ordunun mütəmadi birgə hərbi təlimlər keçməsini, Azərbaycanın NATO-da ikinci güclü ordu olan türk silahlı qüvvələrinin təcrübəsinə yiyələnmək imkanlarını genişləndirib. Bu baxımdan Azərbaycanın NATO standartlarına uyğun ordu quruculuğu işi bundan sonra daha intensiv, sistemli və kompleks şəkil alıb. Artıq sovet ordu sisteminin yanaşmalarından tədricən imtina olunur. Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyini tamamilə təmin etmək qüdrətindədir və bunu döyüş meydanında sübut edib. Azərbaycan ordusu qarşısına qoyulan tapşırıqları dəqiq yerinə yetirmək məharətini 44 günlük müharibədə də, 1 sutkadan az davam edən antiterror əməliyyatı zamanı da göstərdi. Bununla belə bundan sonra da ordunun daha da təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Silahlı qüvvələrimizdə müsbət dəyişikliklər olacaq və bu yenilik Türkiyə modeli ilə yaxın olmalıdır”.

Deputat bildirib ki, bu gün eyni zamanda müdafiə sahəsində və müdafiə sənayesi sahəsində də Azərbaycanla Türkiyə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur: “Şanlı Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin tərkibində dağ komando birləşmələri yaradılıb, Türkiyə modeli ilə bağlı bir çox işlər görülüb. Bəllidir ki, həm taktiki, həm silahlanma, həm döyüş qabiliyyətinə görə, ümumiyyətlə, bütün parametrlər üzrə Türkiyə ordusu dünyanın ən mükəmməl ordularından sayılır. Türk ordusu NATO-da güc baxımdan 2-ci ən güclü ordudur. Son illərdə isə Türkiyənin hərbi sənayesinin sürətlə inkişafı Türk ordusunu daha da gücləndirib. Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidi üçün artıq bir sıra addımlar atılıb və proses davam edir. Təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birliklər, komando briqadaları yaradılıb. Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat  hərbi hissələri yaradılıb. Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib”.

Deputat bildirib ki, Azərbaycan Ordusunda yeni yaradılan qurum - əməliyyat komando briqadaları istənilən tapşırıqları yüksək səviyyədə yerinə yetirə biləcək hərbi qulluqçulardan ibarətdir: “Onlar istənilən zaman kəsiyində və şəraitdə - quruda, dənizdə və havada döyüşmək üçün mütəmadi təlimlər keçirlər. Azərbaycan Ordusunun təkmilləşdirilməsi üçün gərəkən bütün addımlar atılır. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçidi uğurla davam edir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR