İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan düşməni yüksək vəzifədən gedir - Bakının gözləntisi

517 19.07.2024 10:21 Siyasət A A

Rusiyanı qəzəbləndirən Kallasın Aİ-də post tutması hansı perspektivlər vəd edir? Ermənilər üçün “yas quran” Borreli əvəzləyən eston xanımla bağlı ekspert rəyləri

Estoniyanın baş naziri Kaya Kallas və ölkə hökumətinin istefası barədə artıq xəbərlər yayılıb. Bu barədə yerli KİV-in yaydığı məlumatda deyilir ki, o, hökumətin iyulun 15-də keçirilən növbədənkənar iclasından sonra istefa ərizəsini prezident Alar Karisə təqdim edib.

Kaya Kallas Jozep Borrelin yerinə Aİ diplomatiyasına (Avropa İttifaqının xarici işlər naziri postu - red.) rəhbərlik edəcək. Bu, az öncə Avropa Parlamentinə keçirilən seçkilərdən sonra mümkün olub.

Qeyd edək ki, K.Kallasın adı vaxtaşırı müxtəlif rezonans doğuran hadisələrdə hallanmışdı. Onun Ukraynaya səfəri, Qərbi Rusiyanı durdurmaq üçün hərəkətə keçməyə çağırması, Buça və Borodiankada olması, Rusiya qoşunları tərəfindən güllələnmiş Taras Şevçenkonun abidəsini ziyarəti, Buçada kütləvi məzarlıqlar yerinə baş çəkməsi də Rusiyada qəzəb doğurmuşdu.  

Hətta Estoniyanın baş prokuroru Andres Parmas demişdi ki, Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş Estoniyanın baş naziri Kaya Kallas hansısa dövlət tərəfindən Rusiyaya ekstradisiya oluna bilər. Onun sözlərinə görə, bu, bir siyasətçi üçün əsas risklərdən biridir. “Əgər hər hansı ölkə öz öhdəliklərindən imtina etmək qərarına gəlsə və məsələn, Rusiya ilə bağlanmış ekstradisiya müqaviləsinə istinad etsə, o zaman bizə ancaq qanuna etiraz etmək qalacaq”, - deyə Parmas bildirmişdi. 

Prokurorun sözlərinə görə, Kaya Kallas beynəlxalq diplomatik hüquqla qorunmalıdır, lakin Tallin üçüncü ölkələrdən belə müdafiəni tələb edə və ya gözləyə bilməz. Parmas əlavə edib ki, Kallas vəzifəsini tərk edərsə və qeyri-siyasi fiqur kimi səyahət edərsə, risk artacaq.

Xatırladaq ki, Estoniyanın baş naziri Kaya Kallas və dövlət katibi Taymar Peterkop Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi üzrə axtarışa verilib. Bu səbəbdən Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan yazılı izahat tələb olunmuşdu. İndi onun Avropa İttifaqının xarici işlər naziri postuna gəlməsi şübhəsiz ki, Kreml üçün əlavə başağrısıdır.

Lakin bu xanım Azərbaycanın düşmənini əvəzləyib. Məlumdur ki, Borrel Azərbaycana münasibətdə neqativ, hətta düşmən mövqeyi ilə seçilib. Daim erməni separatizminə dəstək verib, Bakıda saxlanılan separatçı-quldurların müdafiəsinə qalxıb. Hətta ermənidən çox erməni olmağa çalışıb. Məsələn, bir ara Qarabağdan könüllü gedən erməni əhalinin sayını şişirdərək, 150 min göstərmişdi... 

Bəs onun xanım xələfi Kaya müsbət mənada fərqlənə biləcəkmi? Azərbaycana münasibətin yaxşıya dəyişməsi gözləniləndimi? 

Ekspertlərimizin mövzu ilə bağlı fərqli yanaşmaları var.

“Estoniyanın baş naziri Kaya Kallasın əlindən Avropa İttifaqının bütün tərəfdaşları ilə münasibətlərini korlamaqdan başqa bir iş gəlməyən qəzəbli qoca Josep Borreli əvəzləməsi ilk növbədə Aİ-nin özü üçün faydalıdır”.

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli

Siyasi şərhçi, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Elçin Mirzəbəyli bunu “Yeni Müsavat”a açıqlamasında söylədi. 

Analitik şübhə etmir ki, Kallas Aİ-nin xarici siyasət kursunu ittifaq ölkələrinin xarici işlər nazirlərindən ibarət Avropa İttifaqı Şurasının müəyyənləşdirdiyi istiqamətdə həyata keçirəcək: “Bu məsələdə onun sələfindən, xüsusilə də Rusiyaya münasibətdə tamamilə fərqli bir siyasət yürüdəcəyini gözləmək doğru olmazdı. Amma xanım Kallasın Aİ ilə normal işgüzar, qarşılıqlı faydalı əməkdaşlıq ölkələrə münasibətdə Borrel kimi uğursuz bir istiqamət seçəcəyini gözləmirəm. Qənaətimə görə, yaxın 5 ildə biz Aİ-nin xarici siyasətində daha dəqiq, emosiyadan uzaq, praqmatik əsaslı yanaşmaların ön plana çıxacağını görəcəyik... Azərbaycanla əlaqələrdə işgüzar münasibətlərin ön plana çıxacağını, daha çox enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri istiqamətlərini əhatə edəcəyini gözləyirəm”. 

E.Mirzəbəyli qeyd etdi ki, qarşıdakı dönəmdə Azərbaycana və Ermənistana münasibətdə müəyyən qədər balanslı siyasət yürüdülə bilər: “Ən azı ritorikada tərəflərdən hər hansı birinə xüsusi üstünlük veriləcəyini və yaxud sərt ifadələrdən istifadə olunacağını gözləmirəm”.

Akif Nağı namizədliyini irəli sürüb

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı Avropa Birliyinin Azərbaycana münasibətinin dəyişəcəyini inandırıcı saymır: “Orada hansısa vəzifədə kimin oturacağının fərqi yoxdur. Xanım Kallasın görəvə gəlməsi heç nəyi dəyişməyəcək. Bir tərəfdən, Aİ-ni regionun aparıcı dövlətləri idarə edir, təlimatlar isə Vaşinqtondan gəlir. Estoniya kimi balaca bir dövlətin nümayəndəsinin sərbəst siyasət yürüdəcəyi mümkün deyil. Ona nə desələr, onu da yerinə yetirəcək. Digər tərəfdən, Estoniya Azərbaycana isti münasibəti ilə seçilməyib, əksinə, imkan düşdükcə ziyan verməyə çalışıb. 

Bugünlərdə Estoniyanın keçmiş xarici işlər naziri Marina Kaljurandın mətbuat üçün açıqlaması oldu. Məlum oldu ki, bu xanım son beş ildə Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri olub, Azərbaycana qarşı qərəzli sənədlərin hazırlanmasına rəhbərlik edib. Görəvdən getməsi ilə bağlı açıqlamasında yenidən sırf ermənipərəst olduğunu göstərib". 

A.Nağı hesab edir ki, yeni gələn xanımın da mövqeyi fərqli olmayacaq: “Bu balaca dövlətlər var gücləri ilə avropalı olduqlarını göstərməyə çalışırlar, bunun üçün isə əsas vasitələrdən biri Azərbaycan və Türkiyəyə hücumdur. Bu məsələdə nə qədər aqressiv olsalar, o qədər avrointeqrasiyada irəli getdiklərini göstərmiş olurlar. Qorxuram bu xanımın əməllərini gördükcə, Borrelə şükür etməli olaq. Hər halda, hansısa estoniyalının bizi "danlaması"na imkan verməməliyik. Bunu təhqir mənasında başa düşməsinlər. Amma balaca estoniyalı evində oturub, öz problemləri ilə məşğul olsa, daha yaxşı olar".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu qənaətdədir ki, Avropa Parlamentinə keçirilən seçkilərdən sonra Avropa İttifaqının strukturlarında yerdəyişmələr baş verib, bəziləri vəzifəsində qalıb, digərləri yerlərini başqalarına təhvil verib: “Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalıb, erməni separatizminə simpatiyasını gizlətməyib. Maraqlıdır ki, Avropa İttifaqı rəhbərliyində təmsil olunanlar Şarl Mişel və Ursula Fon der Lyayen Azərbaycanla Ermənistan arasında balansı qoruyarkən, onlara tabe olan Borrel Ermənistanın tərəfini tutub. Borrelin yerinə keçən Estoniyanın baş naziri Kaya Kallasın fərqli siyasət yürüdəcəyinə ümid etmək istərdik. Doğrudur, Baltik ölkələrindən Litva ilə Estoniyanın Cənubi Qafqaza baxışlarında da müəyyən suallar mövcud olub. Misal üçün, Latviya daha balanslı mövqedən çıxış edib. Buna baxmayaraq, Kaya Kallasın, hər halda, Borrel qədər Ermənistanın xeyrinə balansı pozmayacağına ümid var”. 

E.Şahinoğlu rəsmi Bakının mesajını faydalı sayır: “Bakının Brüsselə mesajı o olmalıdır ki, Avropa İttifaqının rəhbərliyi bölgə ölkələri arasında balansı qorumağa çalışarkən, Azərbaycanın bölgədə oynadığı rolu qiymətləndirərkən, eyni mövqenin onlara tabe olan komissarların da göstərməsi vacibdir. 

Bu arada Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləməsi də diqqəti cəlb edir. O, bu vəzifədə Toivo Klaarı əvəz edəcək. Maqdalena Qrono Çexiyadandır. Maqdalena Qrono Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin baş müşaviri vəzifəsində çalışıb. Toivo Klaar Şarl Mişelin tapşırıqlarını yerinə yetirir, Bakı ilə İrəvana səfərləri sırasında Brüsselin təkliflərini çatdırırdı. Onun açıqlamaları bəzən ziddiyyətli olurdu". 

Politoloqun sözlərinə görə, ədalət naminə demək lazımdır ki, Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün çox çalışdı, ancaq onun planlarını Fransa prezidenti Emmanuel Makron pozdu: “Makron "mən də masada oturmalıyam" deməsəydi, Şarl Mişelin Bakı ilə İrəvan arasında moderatorluğu davam edəcəkdi. Rəsmi Bakı Makronun iştirakı ilə Brüsselin moderatorluğunu qəbul etmədi. Bununla Brüssel Berlinin və Vaşinqtonun arxasında qaldı, indi əsas moderatorlar bu iki dövlətdir. Odur ki, Fransa masadan çəkilmədiyi müddətdə Maqdalena Qrononun Bakı və İrəvana səfərləri nəticə verməyəcək".

İstənilən halda gözləyək. Hər halda, Azərbaycanla münasibətlərdə gərginlik yaratmağa çalışan, diktə mövqeyindən çıxış edən diplomatların sonunu görmüşük...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR