İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bu işi silahla bitirəcək! - müharibə Ermənistanın içinə “sürünür”

1395 15.04.2023 09:02 Gündəm A A

Kapitulyant ölkənin və separatçı qalıqlarının ram ediləcəyi gün uzaqda deyil; Qarabağda antiterror əməliyyatı artıq an məsələsidir...

Ermənistanın baş naziri Nikol Paşinyanın hər ayda bir dəfə “sülh damarı” tutur. Əzik-üzük ordusu aprelin 11-də növbəti şapalağı alandan az sonra o, yenə “sülh göyərçini” rolunda idi. “Azərbaycanla dinc yanaşı yaşamağın yolunu tapmağın vacibliyi”ndən dəm vururdu. Halbuki bundan ötrü dağa-daşa çıxmağa, şərti sərhəddə vaxtaşırı təxribatlar törətməyə lüzum yox! 

Azərbaycanla dinc yanaşı, sülh və əməkdaşlıq içində yaşamaq üçün Paşinyan öncə gərək özünün təxribatçılar ordusuna yiyə dursun; Qarabağdakı silahlı dəstələrini ərazimizdən çıxarsın; yolunu azıb Ermənistana keçən hərbçilərimizə vəhşi qəbilə təki işgəncə verib insanlığı ələ salmasın, onları dərhal Azərbaycana geri versin; Zəngəzur dəhlizinin açılmasını əngəlləməsin; nəhayət, vaxt itirmədən məlum 5 prinsip əsasında Bakı ilə sülh müqaviləsi imzalayıb Azərbaycana qarşı ərazi iddiasından həmişəlik əl çəksin, riyakar siyasətə son qoysun.

Bunlar olmayınca, Paşinyanın sülh nağıllarına sadəlövh soydaşlarından savayı heç kim inanmayacaq. Deməli, erməni anaları sink tabutlar almağa davam edəcək. Ermənistana nə Rusiya və İran, nə də ABŞ və Fransa yardımçı ola biləcək. Bir də kapitulyant ölkənin rəhbərliyi, ümumən erməni siyasi elitası və cəmiyyəti unutmasın ki, Azərbaycanın səbri sonsuz deyil və günün birində o, bezib də işi silahla bitirə bilər - 44 günlük müharibədəki kimi.

Bu xüsusda İrəvan 30 illik danışıqlar dövründəki acı “təcrübəni”, sülh oyunu oynamağın nə ilə bitdiyini unutmamalıdır. 11 aprel sərhəd toqquşmasının günahını İrəvan harada axtarır-axtarsın, səbəbkar ən əvvəl özüdür - 2-ci Qarabağ müharibəsindən sonra apardığı avantürist siyasəti nəticəsində vəziyyəti təzədən dramatik həddə çatdırdığı üçün.

“Ermənistan müxtəlif yollarla Qarabağa silah göndərməyə çalışdı və təəssüf ki, yenidən gərginlik yarandı”.

Bu sözləri dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində deyib.

“Bu gərginliyi aradan qaldırmaq və hərtərəfli sülh sazişi imzalayıb yolların (Zəngəzur dəhlizinin) bərpasına və inşasına başlamaq lazımdır. Bu, Ermənistanın özünün xeyrinədir”, - deyə Türkiyə baş diplomatı qeyd edib.

Artıq neçənci dəfədir ki, İrəvana, erməni toplumuna bu cür müdrik çağırışlar edilir, kapitulyant ölkə və xalqı ağıla, məntiqə, haqqa dəvət edilir. Əfsus ki nəticə yoxdur. O zaman sülh çağırışları da bir gün dayanacaq... 

*****

Antiterror əməliyyatı başladı - Şəhidimizin qisası alındı

“Mən əminəm ki, Azərbaycan bir gün Ermənistanı dilə tutmaqdan bezəcək və münaqişəyə hərbi yolla nöqtə qoyacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Caliber.az-a millətlərarası münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov söyləyib.

“Sərhəd təxribatları dəf edildi, onlara layiqli cavab verildi və indi belə bir fikir formalaşmaqdadır ki, Azərbaycan Ermənistanın daim təkrarlanan təcavüzü səbəbindən yəqin ki, tezliklə İrəvanı sülhə inandırmaqdan əl çəkəcək və münaqişəyə hərbi yolla son qoymaq qərarına gələcək”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, söhbət hələ ki şərti sərhəddən gedir: “On görə şərti ki, İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Hesab edirəm ki, münaqişə və birbaşa hərbi toqquşmalar olmadan bu vəziyyət çətin ki, həllini tapsın. İrəvanın bacardığı tək şey künc-bucaqdan təxribat təşkil eləməkdir, çünki Azərbaycanla üz-üzə gəlməyə əsla hazır deyil”.

Öz növbəsində israilli politoloq və jurnalist Roman Qureviç hesab edir ki, Nikol Paşinyan artıq neçə vaxtdır “tavada” qovurulur: “Zahirən o, sülh müqaviləsinin imzalanmasının faydalarını dərk edir, lakin güclü erməni lobbisinin, münaqişənin davam etməsində və insanların həlak olmasında maraqlı olan erməni diasporunun təzyiqi altındadır”.

Azərbaycan XİN: “Ermənistan silahlı qüvvələrinin qalıqlarını çıxarsın” -  Avtosfer.az

Siyasi şərhçiyə görə, bunu həm də Ermənistandakı ekstremist qüvvələr və Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı silahlı erməni birləşmələrinin qalıqları istəyir. “Təbii ki, bu da nəzərə alınmalıdır. Lakin qeyd etmək lazımdır ki, indi Azərbaycana qarşı destruktiv siyasət yürüdən Tehran tərəfindən Ermənistana ciddi təzyiq, zəhərli təsir göstərilir. Konkret halda, İran Ermənistandan regionda sabitliyi pozmaq üçün alət kimi istifadə edir. Əminəm ki, Tehrandan göstəriş olmasaydı, ermənilər Azərbaycana qarşı belə təxribata cəsarət etməzdilər”, - deyə politoloq vurğulayıb.

*****

Ancaq Azərbaycanın mövqeyi və əli güclüdür. Ordusu da artıq yetərincə döyüş təcrübəsinə malik, qardaş Türkiyə modelinə yaxın bir ordudur. Odur ki, həm sərhəddəki təxribatçı ünsürlərin və onların arxasında duranların, həm də Qarabağ anklavındakı separatçıların dərsi, heç şübhəsiz, bundan sonra misli ilə veriləcək.

“Azərbaycan Ordusunun vəzifəsi öz torpaqlarını qorumaq, hər hansı təxribata və ya sərhədlərimizə olan müdaxiləyə layiqli cavab verməkdir”.

Şair Ramaldanov: “Əmr gəlsə ki, döyüşləri davam etdirmək lazımdır davam  edəcək”

Şair Ramaldanov

Bunu azərbaycanlı hərbi ekspert, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, düşmən tərəfindən Azərbaycanın maraqlarına və torpaqlarına hər hansı təhlükə yaranarsa, adekvat cavab veriləcək: “Azərbaycan ərazisində hələ də terrorçular qalır. Üçtərəfli bəyannamənin 4-cü bəndi yerinə yetirilmir və hələ də qanunsuz silahlı dəstələr ərazimizdədir. Azərbaycan hər an antiterror əməliyyatı keçirə və bununla da terrorçuları tərk-silah edə bilər. Mövcud vəziyyəti nəzərə alsaq, Qarabağ iqtisadi zonasından qanunsuz silahlıların çıxarılma əməliyyatı olacaq. Əgər sərhədlərimizə düşmən tərəfdən hər hansı istiqamətdən təxribatlar olarsa, qətiyyətli cavab veriləcək”.

Buna gərək kimsədə şübhə olmasın. Azərbaycan dövləti və ordusunun səbrini, gücünü təzədən yoxlamağı düşmən tərəfə məsləhət görməzdik. Amma seçim yenə özlərinindir... 

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR