İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan AŞPA-dan tamamilə çıxarsa… –Millət vəkili DETALLARI AÇIQLADI

1373 29.02.2024 13:58 Gündəm A A

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini Bakıda qəbul edərkən Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi məsələsinə toxunub. Dövlət başçısı təəssüflə qeyd edib ki, bu qərar Almaniya Kansleri Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvünün təşəbbüsü ilə qəbul olunub. Həmin avropalı deputat AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına, məqsədyönlü şəkildə edir. Prezident İlham Əliyev bəyan edib ki, əgər bir il ərzində ölkəmizi AŞPA-da təmsil edən nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, Azərbaycan bu qurumdan tamamilə çıxmaq barədə məsələyə ciddi şəkildə baxacaq.

Maraqlıdır, Azərbaycanın AŞPA-nı birdəfəlik tərk etməsi həm bu quruma, həm də ölkəmizə necə təsir edə bilər? Belə bir qəti qərarın verilməsi Azərbaycana fayda verər, yoxsa zərər? Azərbaycanın AŞPA-nı tərk etməsi Avropanın bu təsisatı üçün nə demək olacaq? Azərbaycanın olmadığı bir məkanda düşmənlərimiz bizə qarşı fəallıqlarını artırmazlarmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan ilə AŞPA arasındakı münasibətlərinin indiki səviyyədə olmasının səbəbkarı məhz bu qurumdur.

Millət vəkilinin sözlərinə görə, təşkilatın qərəzi ölkəmizə qarşı təzyiq kampaniyasına çevrilib: “Onlar məhz Ermənistanın yanında yer alaraq bizə qarşı mövqe nümayiş etdirdilər. Bununla yanaşı, Azərbaycanın AŞPA-da səsvermə hüququ ləğv edildi. Bütün bunlar ikitərəfli münasibətlərdə böyük sarsıntı yaratdı. Problemi aradan qaldırmaq da AŞPA-dan asılıdır. Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edəndə ciddi xəbərdarlıqlar etdi. Ölkə rəhbəri bildirdi ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin dayandırılmasına ilk təşəbbüs Almaniya Kansleri Olaf Şoltsun partiyasının nümayəndəsindən gəlib. Burada maraqlı bir fakt ortaya çıxır. Necə olur ki, Olaf Şolts və onun nümayəndəsi bir-biri ilə tam fərqli yanaşma ortaya qoyurlar? Bu, Azərbaycan-AŞPA münasibətlərinin pozulmasında Olaf Şoltsun əlinin olduğunu da göstərir və o, birbaşa məsuliyyət daşıyır. Almaniya Fransadan müəmmalı asılılıq nümayiş etdirir. Almaniya hökuməti Fransa prezidenti Emmanuel Makronun təklifi, diktəsi altında bu və ya digər addımlarını atır. Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın nümayəndəsinin Azərbaycana qarşı çıxmasından onun və Makronun xəbərinin olmaması mümkün deyil. Prezidentin rəsmi görüşlərdəki sərt və qətiyyətli çıxışları da buna hesablanmışdı. Ölkə rəhbəri bildirdi ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti bir il ərzində təmin edilməsə, ölkəmiz birdəfəlik AŞPA-dan çıxmaq məsələsini gündəmə gətirəcək. Belə bir halda məsuliyyət qarşı tərəfə düşür”.

E.Nəsirovun qənaətincə, Azərbaycanın AŞPA-dan həmişəlik çıxması ilə ölkəmizdə nə isə dəyişməyəcək: “Azərbaycan 2001-ci ildən bu təşkilata üzv idi. Ölkəmiz o vaxtdan AŞPA-nın missiyasının Avropadakı vətəndaşların hüquqlarının müdafiəsi olduğunu başa düşürdü. Biz, sözügedən təşkilatın ölkəmizdəki 1 milyondan çox qaçqına kömək edəcəyini və haqq işimizin bərpa olunmasına dəstək verəcəyini düşünürdük. AŞPA Ermənistanın etnik təmizləmə siyasətinə də qiymət verməli və erməni nümayəndə heyətinə qarşı sərt tədbirlər işə salmalı idi. Sözügedən təşkilatda Ermənistan nümayəndə heyətinin fəaliyyətinin dayandırılması da gözlənilən idi. Amma, biz, tamamilə, əksini gördük. AŞPA Ermənistanın xətrinə dəyəcək addım atmadı. Bizi etnik təmizləmə, soyqırımı və terror siyasəti aparan dövlət kimi qələmə verdilər. Bunu təşkil edən isə Ermənistan hökuməti idi”.

Deputat söyləyib ki, AŞPA Azərbaycan-Ermənistan münaqişəsi məsələsini hər zaman ATƏT-in Minsk qrupuna bağlayıb: “Azərbaycan AŞPA-da Ermənistan özbaşınalıqlarından söz açanda, bununla bağlı məsələlərin səlahiyyətlərinə zidd olduğunu deyərək, başlarından edir, məsuliyyəti üzərlərindən atırdılar. Onlar deyirdilər ki, belə mövzularla ATƏT məşğul olur. O zaman necə olur ki, Azərbaycanın antiterror tədbirlərində ölkəmizi günahkar bilirlər? AŞPA-nın ölkəmizə qarşı belə münasibətləri elə təşkilatın özünə ziyan vuracaq. AŞPA-da yaranan vəziyyət onu xristian blokuna çevirəcək. AŞPA-da cəmi iki müsəlman ölkəsi var idi. Bizim də gedişimizlə ora xristian klubuna çevriləcək. AŞPA və Avropa Şurasının bir xristian klubu olması artıq rəsmiləşdirilməlidir. Azərbaycanın AŞPA-nı tərk etməsindən sonra ölkəmizin əleyhinə çıxanların təşkilatın tribunasından gen-bol istifadə etməsi məsələsinə gəlincə, onsuz da biz AŞPA-da olarkən belə, sözümüzə əhəmiyyət verən olmadı. Biz bu tribunadan Ermənistanın aqressiv siyasətini nə qədər ifşa etsək belə, xeyri olmaz və AŞPA heç nə etməz. Çünki, bu bir xristian blokudur. Bütün dünya artıq biləcək ki, bu təşkilat böyük dövlətlərin əlində alətə çevrilib. AŞPA o qədər ucuzlaşıb ki, Makron bu təşkilatı barmağına dolayıb və istədiyini edir. Dünyanın güc mərkəzlərindən olan Almaniyanın Fransanın əlində alətə çevrilməsi də absurddur. Şarl De Qoll dirilib Fransaya kimin rəhbərlik etdiyini görsə idi, yenidən əbədi dünyasına qayıdardı. Təəssüf ki, günümüzün acı reallıqları bunu deyir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR