İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ağırlığında Üzeyir Hacıbəyov heykəli…

1133 05.01.2023 18:48 Gündəm A A

 

Fəzail Ağamalı: “Araşdırmaq lazımdır, bəlkə hansısa bir sifarişi yerinə yetirirlər...”

Afaq Bəşirqızı: “Dəyərlərlə bağlı qanun qəbul etməyin vaxtıdır”

Dahi Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan iki gəncin görüntüləndiyi video neçə gündür ki, müzakirələrə səbəb olub.  Görüntülərdən aydın olur ki, hələlik şəxsiyyəti məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb. Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparıldığı bildirilib. Cəzasının nə olacağından asılı olmayaraq, gənclərin belə bir addım atması hər kəsdə təəssüf hissi yaradıb. Axı müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olan, milli bəstəkarlıq məktəbinin təməlini qoyan, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisi olan Üzeyir Hacıbəyliyə qarşı belə rəftar etmək əsla olmazdı. 

Deputat Fəzail Ağamalının sərvətləri - SİYAHI

Musavat.com-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı baş verən hadisəni kəskin tənqid edib. O, qeyd edib ki, bu yolverilməzdir və belə halların qarşısı alınmalıdır: “Milli-mənəvi dəyərlərimizə, musiqimizə incəsənətimizə, bütövlükdə, mədəni irsimizə təhqirdir. Bunu kim edibsə, çağırılmalıdır, tənbeh olunmalıdır, cəzalanmalıdır ki, bundan nəticə çıxarsınlar. Bu, məndə çox böyük təsir doğurur. Açığı, gəncliyimizdən bunu mən heç gözləmirdim, heç gözləmirəm də. Gəncliyimiz 44 günlük müharibədən sonra Zəfəri millətə təqdim etdi. İndi bunun içində hansısa təsirə məruz qalan, hansısa nadan, gerizəkalılar bu addımı atırsa, bunu ümumiləşdirmək lazım deyil. Deməzdim ki, bütün gənclərimiz belədir. Bizim kifayət qədər vətənpərvər gənclərimiz var və millətimizin gənclərinin mütləq əksəriyyətini təşkil edir. Yüksək təhsilli, zəkalı gənclərimiz var.  Araşdırmaq lazımdır, ola bilsin ki, onlar bəlkə də hansısa bir sifarişi yerinə yetiriblər”. 

Afaq Bəşirqızı: 'Bakıda yaşamaq hamımızın azarı və bezarıdır'

Xalq artisti Afaq Bəşirqızı da hadisədən məyus olduğunu dilə gətirdi. O, Musavat.com-a dedi ki, Üzeyir bəyə ayaqqabı tullamaq, öz valideyninə ayaqqabı tullamaq deməkdir: “Bu heç müzakirəyə sığan məsələ də deyil. Bir insanın ki, dərrakəsi yoxdur, onun gələcəyi yoxdur. Gələcəyi olmayan insanın bu həyatda nə işi var?! Gənclərə pis örnək olan o qədər verilişlər, müsahibələr var ki. Onlar üçün cəza tədbiri çox ağır ola bilər. Ona görə yaxşısı budur susum. Çünki küncə qoymaq, ya da 15 gün həbsdə yatırtmaq məsələlərindən biz artıq çoxdan keçmişik. Bu dəqiqə tərbiyə, əxlaq  elə bir vəziyyətdədir ki, dəyərlərlə  bağlı qanun qəbul etməyin vaxtıdır”.    

Millət vəkili Etibar Əliyev: “Tanınmış şəxslərin tənqidə qarşı immuniteti  çox zəifdir”

Deputat Etibar Əliyev isə mediaya açıqlamasında dahi bəstəkarın Sankt-Peterburqda olarkən başına gələn hadisəni xatırladıb: “Bəs Üzeyir bəy nəslinin ayaqqabıya münasibəti necə idi? Bunu böyük yazıçımız Mirzə ibrahimov gözəl yazıb: "Üzeyir Hacıbəyov danışırdı ki, 1913-cü ildə Peterburqda olduğu illərdə Bakıdan gələn sevimli həyat yoldaşı Məleykəni qarşılamaq üçün dəmiryol vağzalına gedir. Şiddətli şaxtalı qış günü idi. Qatar gəlir. Məleykəni qarşılayıb vağzal meydançasına çıxarır. Belə soyuq gündə gənc xanımını piyada və ya konka ilə aparmağı öz mənliyinə sığışdırmır. Faytona oturmağa da pulu yox... Ani fikirdən sonra çıxış yolu tapıb faytonçulardan birinə yaxınlaşır, ünvanını bildirir.

- Neçəyə aparırsan?- deyib soruşur. Faytonçu "filan qədər verərsən" dedikdə, Üzeyir bəy təzəcə geydiyi ayaqqabısını göstərir: - Xoşuna gəlir? Faytonçu işıldayan qaloşlara diqqətlə baxıb deyir: - Gəlin oturun!

Məleykə işin nə yerdə olduğunu başa düşərək etiraz edirsə də, Üzeyir ayaqqabıları faytonçuya verir, Məleykənin qolundan tutaraq faytona əyləşdirir. Bu hadisə o zaman baş vermişdi ki, Üzeyir Hacıbəyovun Bakıdakı "Nicat" adlı Xeyriyyə cəmiyyətindən gözlədiyi qonorar gəlib çıxmamışdı. Maddi çətinliklə qarşılaşmalı olmuşdu". "Bütün dahilərin həyatı gənclərə öyrədilməlidir. Bunu öyrətməyə borclu olanlar özlərindən danışırlar. Gənclər bilik yollarında ayaqyalındırlar. Məktəb və Universitetlərin bilik və tərbiyə verməyə gücü çatmır. Nəsillər arasındakı uçurumu gördünüzmü? Görsənməyən uçurumu! Heykəlin qarşısına gül qoyan nəsil yetişməlidir. Universitetlərin qarşısında durub bir anlıq gənclərin davranışlarına diqqət edin. Yaxınlaşıb söhbətlərini də dinləyin... Dəftərsiz, kitabsız, çantasız, telefonlu gənclik", - Etibar Əliyev bildirib.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR