İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 20 min ukraynalı uşağın Rusiyadan qaytarılması üçün vasitəçilik edə bilər

426 18.05.2023 12:35 Siyasət A A

Kiyevin məhz Bakıdan kömək istəməsinin sirri; ekspert: “Azərbaycan bu məsələdə böyük rol oynaya bilər, nəticələrin əldə ediləcəyi gözləniləndir”

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan neytrallıq nümayiş etdirib və eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Rusiya ilə də müttəfiq və dost olan ölkə bu prosesdə balansı tamamən qoruyub. Azərbaycan müharibənin gedişində Ukraynaya böyük həcmdə humanitar yardım göstərib, habelə ukraynalı uşaqların reabilitasiyasını, müalicəsini həyata keçirib.

Humanist ölkə kimi tanınan Azərbaycandan Ukrayna rəsmən kömək istəyib. Belə ki, Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Azərbaycan Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında çıxış edərkən Rusiyaya aparılmış ukraynalı uşaqların ölkələrinə qaytarılmasına kömək etmək üçün Azərbaycana müraciət edib: “Azərbaycana müraciət edirəm ki, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkəmizə qaytarılmasına kömək etsin. Ukraynanın suverenliyinə dəstəyə görə Azərbaycana təşəkkür edirəm. 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və Beynəlxalq Cinayət Məhkəməsi cinayətkarların həbsinə order verib. Ona görə də Azərbaycana müraciət edirəm ki, bütün ukraynalı uşaqları evlərinə qaytarmaqda bizə kömək etsinlər”.

Azərbaycanın və onun rəhbərliyinin Rusiya ilə səmimi münasibətləri var və bu səbəbdən Ukrayna rəsmisinin məhz Bakıdan kömək istəməsi təsadüfi deyil. Azərbaycan bu istiqamətdə hansı addımları ata bilər? 

Yeri gəlmişkən, 2022-ci il fevralın 24-dən bəri Rusiya tərəfindən 200-300 min həddi-buluğa çatmayan uşağın oğurlandığı iddia edilir. “Novosti Donbassa” yazıb ki, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə deportasiya olunmuş ukraynalı uşaqların çoxunun hüququ Rusiya tərəfindən pozulur. Bu barədə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) dərc olunmuş hesabatında qeyd edilib. Ekspertlər tammiqyaslı müharibə başlayandan deportasiya edilmiş ukraynalı uşaqların dəqiq sayını müəyyən edə bilməyiblər. Bununla belə, hesabatda deyilir ki, “ukraynalı uşaqların geniş miqyasda köçürülməsi, deyəsən, nə Ukrayna, nə də Rusiya tərəfindən təkzib olunur”.

Ukraynalı məmurlar ATƏT-in ekspertlərinə xəbər veriblər ki, onların qiymətləndirmələrinə görə, 2022-ci il fevralın 24-dən bəri Rusiya tərəfindən 200-300 min həddi-buluğa çatmayan uşaq oğurlanıb.

Ukrayna Prezidentinin uşaq hüquqları üzrə keçmiş komissarı Mikola Kulebanın mediaya verdiyi açıqlamaya görə, işğalçılar azyaşlıları məcburi şəkildə, o cümlədən Dağıstana deportasiya edirlər. “Rusiya ukraynalı uşaqlara qarşı soyqırımı törədir. İşğalçılar uşaqlarımızı qaçıraraq zorla deportasiya edirlər. Onlar işğal olunmuş ərazilərdən ukraynalı uşaqları Rusiya Federasiyasının ərazisinə kütləvi surətdə deportasiya etməkdə davam edir. Ailələrə məlumat verilir ki, uşaqlar ucqarlara aparılır. Xerson vilayətinin şəhərləri və Krıma. Lakin məlumat var ki, uşaqlar Dağıstana və Krasnodar diyarına aparılıb”, - deyə Kuleba bildirib.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu xahiş təkcə Azərbaycan Prezidentinin Rusiya rəhbərliyi ilə yaxşı münasibətlərinin olmasına görə deyil: “Burada Azərbaycan rəhbərliyinin Ukrayna müharibəsinə yanaşmasının da böyük rolu var. Azərbaycan bu prosesdə iki ölkə arasında neytral mövqe sərgiləyir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Həm də təbii ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə mövqeyini sərgiləmiş olur. Həm də bu müharibənin sülh yolu ilə həll olunmasına da çalışır. Yadınızdadırsa, Ukrayna müharibəsi yeni başlayanda fərdlər arasında ilk real təması İstanbul danışıqlarında olmuşdu.  Türkiyə bu prosesdə vasitəçilik etmişdi. Bu, Türkiyə rəhbərliyi tərəfindən də zaman-zaman dilə gətirilib. Həmin vaxtda humanitar məsələlərin həlli ilə bağlı Azərbaycanın bu prosesdə iştirakı gündəmə gəlmişdi. Təbii ki, ukraynalı əsirlərin qaytarılması məsələsi gündəmə gəlmişdi. Yəni bu ilk məsələ deyil. Ona görə bu məsələ gündəmə gəlib. Azərbaycan bu məsələdə real addım atacaq ölkələrdən biridir. Ukrayna tərəfi də əslində humanitar problemi həll etmək, uşaqların geri qaytarılması üçün düşünür ki, hansı ölkə onlara kömək edə bilər. Qərb ölkələri kömək edə bilməyəcək. Çünki nə qədər güclü olsalar da, burada Rusiyanın mövqeyinin nəzərə alınıb-alınmaması aktualdır. Bu coğrafiyaya nəzər saldıqda əsas rol oynaya biləcək ölkə Azərbaycandır. Bunu Mərkəzi Asiya ölkələri edə bilməz, çünki Ukrayna onların neytrallığına o qədər də inanmır. Ermənistanın mövqeyi bəllidir. Ermənistan rəhbərliyi tərəfindən Ukraynaya qarşı ciddi ittihamlar irəli sürülüb. Hətta son olaraq silahların verilməsi məsələsində bunu gördük. Gürcüstanın da mövqeyi bəllidir, çünki onun həm Rusiyaya, həm də Qərbə münasibəti qarışıqdır. Burada yeganə kömək edə biləcək ölkə Azərbaycandır. O da Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətlə bağlıdır. Yəni Azərbaycan Ukrayna müharibəsinə qədər də Qərb-Rusiya qarşıdurmasında ciddi rol oynaya bilən ölkə olub. Hər iki tərəfin danışıq və dialoq aparması  baxımından platformaya çevrilib, belə bir təcrübəmiz var. Hələ Ukrayna müharibəsi başlamamışdı, Azərbaycan Prezidenti Ukraynaya səfərində münaqişəni masada həll etmək, sülh çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmişdi. Bir sözlə, bu münaqişənin pərdə arxasında rolu olub. O cümlədən Türkiyənin, Ukrayna-Rusiya müharibəsində rəhbərlərin bir masaya gətirilməsində Azərbaycan rəhbərliyinin ciddi, həm də həlledici iştirakı olub. Ukraynanın bu məsələnin həllində ümid etdiyi tərəf Azərbaycandır. Təbii ki, burada Türkiyənin də rolu var. Türkiyədə bu dəqiqə seçkilərə görə diqqət daxilə yönəlib. İki ölkə arasında Azərbaycan bu məsələdə kömək edə bilər. Fikrimcə, Azərbaycan kömək edəcək”.

Ekspert əlavə edib ki, Rusiya tərəfi nə qədər müharibə aparsa da, Rusiya humanitar məsələlərdə imicini formalaşdırmağa çalışır: “Müharibəni özünə qarşı olan hücumlara cavab olaraq seçdiyini iddia edir. Humanitar məsələlərin həlli Rusiyaya da sərf edə bilər.  Azərbaycanın Rusiya və Ukrayna arasında humanitar danışıqlar aparmasında nəticə əldə edəcəyi ehtimalı daha böyükdür. Düşünürəm ki, Ukrayna tərəfinin bu müraciətinə rəsmi Bakının da müəyyən addımı olacaq. İstisna deyil ki, Moskva ilə təmaslar qurulsun. Bəlkə də qurulub. Hər iki tərəfin ən azı humanitar məsələdə Bakıda görüşməsi istisna edilməməlidir. Bir məqamı da unutmamalıyıq ki, Ukrayna Rusiya müharibəsi zamanı ilk danışıqların hansı şəhərdə, paytaxtda keçirilməsi məsələsi gündəmə gələndə adıçəkilən şəhərlərdən biri Bakı idi. Bu da təsadüfi deyil. Nəticə etibarilə onu deyə bilərik ki, Azərbaycan burada böyük rol oynaya bilər. Nəticələrin əldə ediləcəyi də gözləniləndir”.   

Bu arada, xarici medianın yaydığına görə, hazırda Ukraynadan deportasiya edilmiş uşaqlar arasında İnsanın immunçatışmazlığı virusu (İİV, hansı ki, son mərhələsində QİÇS-ə yol açır) yoluxması hallarının artmasına dair faktlar var. Bildirilir ki, təyinat yerlərinə getdikləri zaman cinsi istismara məruz qalan uşaqların taleyinə təkcə daşınmanı həyata keçirən hərbçilər deyil, həm də filtrasiya düşərgələrində çalışan mülki rusiyalılar da məsuliyyət daşıyır. Zöhrəvi xəstəliklərdən əziyyət çəkən ukraynalı uşaqlar isə yalnız təyinat nöqtəsində müayinə olunurlar. Zöhrəvi xəstəliklər və ya İİV aşkarlananlar Nevirapindən geniş istifadə olunmaqla müalicələri həyata keçirilir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR