İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Dünya ölkələri İlham Əliyevin bu təklifini dəstəkləməlidir"

421 02.03.2023 21:47 Siyasət A A

"Prezident İlham Əliyevin təklifi beynəlxalq təhlükəsizlik üçün vacibdir"

Musavat.com xəbər verir ki, bu sözləri deputat Azay Quliyev feysbuk hesabında yazıb.

Deputat bu bün Bakıda keçirilən Qoşulmama Hərəkatının “COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündən danışıb.

Sözügedən yazını təqdim edirik:

"Bu gün Azərbaycan sədrlik etdiyi Qoşulmama Hərəkatının “COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü”nə ev sahibliyi etdi.

Tədbir həqiqətən, çox yüksək səviyyədə təşkil olunmuşdu.

Xatırlatmaq yerinə düşər ki, Qoşulmama Hərəkatının üzvləri heç bir hərbi bloka üzv olmayan ölkələrdir və hazırda təşkilata 120 ölkə tam, 20 ölkə və 11 beynəlxalq təşkilat isə müşahidəçi qismində üzvdür. Hərəkatın əsas cəlb ediciliyi onun Banduq Prinsipləri adlanan- ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət, bir-birilərinə hücüm etməmək, bir-birilərinin daxili işlərinə qarışmamaq, dinc birgəyaşayış, bərabərlik və qarşılıqlı fayda əsasında əməkdaşlıq kimi üniversal prinsipləri rəhbər tutmasıdır. Hərəkatın Əlaqələndirmə Bürosu BMT-nin Nyu-Yorkdakı baş ofisində yerləşir.

Göründüyü kimi, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük qlobal təşkilatdır. Azərbaycanın Hərəkata sədrliyi dövründə çox ciddi işlər görülmüş və yeni təşəbbüslər irəli sürülmüşdür. Görülən işlər sırasında Qoşulmama Hərakatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılmasını xüsusi qeyd etmək lazımdır. Hər iki təsisat qurumun gələcəkdə təsirinin daha da artmasında və institusional inkişafında mühüm rol oynayacaqdır.

Azərbaycanın belə bir nüfuzlu təşkilata sədrlik etməsi, sədrliyi dövründə həyata keçirdiyi institusional islahatlar, bugünkü Zirvə Toplantısı və cənab İlham Əliyevin çıxışındakı tezislər və irəli sürdüyü qlobal xarakterli təşəbbüslər onu deməyə əsas verir ki, Azərbaycanın dünyadakı rolu regional deyil, qlobal səviyyədədir. Bu faktdır və bunu artıq dünyada hamı qəbul edir. Məhz, bu səbəbdən Azərbaycanın sədrliyi dövründə Hərakatın dünyadakı nüfuzu əvvəlki illərlə müqayisədə dəfələrlə artıb.

Bu gün Hərəkatın sədri və Azərbaycanın Prezidenti cənab İlham Əliyev çıxışında çox maraqlı və qlobal əhəmiyyətli məsələlərə toxundu, önəmli təkliflər verdi. Bu məsələlər sırasında dünyanı narahat edən beynəlxalq sülhə və təhlükəsizliyə olan təhdidləri aradan qaldırmaq, sülhün və təhlükəsizliyin təminatçısı funksiyasını yerinə yetirə bilməyən BMT-də və onun Təhlükəsizlik Şurasında ciddi islahaltların tezliklə həyata keçirilməsi ilə bağlı təklif, xüsusilə diqqəti cəlb etdi.

Sitat: “ BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.

Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir”.

Çox ədalətli və həyata keçirilməsi mümkün olan təklifdir!

Düşünürəm ki, beynəlxalq təhlükəsizliyin təminatı, BMT Təhlükəsizlik Şurasının mövcud çağırışlara adekvat cavab verə bilməsi, pozulmuş coğrafi balansın və selektiv geosiyasi maraqların birtərəfli qaydada həyata keçirilməsinin qarşısının alınması, bir sözlə, BMT-də ədaləti bərqərar etmək üçün Prezident İlham Əliyevin bu təklifi ən real və ən doğru təklifdir. Bu cür islahatlar beynəlxalq təhlükəsizliyin təminatı üçün qaçılmazdır və dünya ölkələri cənab İlham Əliyevin bu təklifini dəstəkləməlidir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR