İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayrılan yollar, dağılan ittifaqlar, yandırıcı damğalar – Türkiyədə seçki ehtirası

2433 25.05.2023 08:15 Yazarlar A A

Siyasətdə tez-tez olur: bir müttəfiqlik büsatı qurulur, bir müddət davam edir, sonra pozulur.

O ittifaqların uzunömürlüsü də olur, gödəkömürlüsü də, amma əbədisi olmur.

Çünki hər tərəfin özünün daimi mənafeləri var və onların yolları zamanı gəldiyində ayrılır. Bu, qaçılmazdır, siyasətin fitrətində var.

Tarixi örnəklər də çoxdur: Stalin öz silahdaşlarının tam əksəriyyəti ilə ortada və axırda yolları ayırıb, bir xeylisi ilə düşmən olub, hətta çoxunu güllələtdirib.

İstiqlal savaşında aralarından su keçməyən paşaların - Mustafa Kamal Atatürklə onun “sağ əli” İsmət İnönünün münasibətləri birincinin vəfatına bir neçə il qalmış xeyli pozulmuş hala gəlib.

2002-ci ildə AKP-nin lideri Ərdoğandan daha öncə baş nazir olan, bir neçə aydan sonra isə hakimiyyəti, özü demişkən “yiyəsinə qaytaran”, iki ayrılmaz dost hesab edilən Abdulla Güllə Rəcəb Tayyib Ərdoğanın yolları illərdir tamamilə ayrılıb.

273037235_1115297735950934_994436431429061981_n.jpg (512 KB)

Bu sıraya Ərdoğanın Əhməd Davudoğluyla, Əl Babacanla, digər AKP liderləri ilə hazırkı münasibətlərini əlavə etmək olar.

Adları çəkilən şəxslər 2002-ci ildə Ərdoğanın komandasındaydılarsa, 2023-cü il seçkilərində onun rəqibinin yanında oldular və onun sayəsində də deputat mandatı qazandılar.

Ona görə də mayın 14-nə qədər bir ittifaqda olan, prezident seçkilərinə öz aralarında razılaşdırdıqları vahid namizədlə gedən türkiyəli siyasətçilərin – Sinan Oğanla Ümit Özdağın hazırda fərqli yollar seçməsi təbiidir, təəccüblü deyil.

96314.jpg (85 KB)

Ancaq bu gün Sinan Oğanın hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı, onun “arkadaşı” Ümit Özdağın isə müxalifətin namizədi Kamal Kılıçdaroğlunu dəstəkləməsi Türkiyədə də, ölkəmizdə də az qala “kollaborasionist” (düşmən tərəfə keçmək) hərəkət kimi qiymətləndirilir.

Bu məsələdə daha çox Sinan Oğan öz təhqir, aşağılama, tənqid nəsibini aldı. Onun Ərddoğanı dəstəkləməsinə dair bəyanatından sonra on minlərlə insan vahid mərkəzdən əmr almış kimi Oğanın adını çəkərək “xainlik”dən, “satqınlıq”dan, “dönüklük”dən danışmağa başladılar.

İnsafən, Ümid Özdağın üzərinə belə hücumlar elə də şiddətli olmadı.

Bəlkə də ona görə ki, Özdağa hücum etməli olan tərəfin prezident seçkilərinin 28 mayda baş tutacaq ikinci turunda qələbəyə inamı o qədər böyüyüb ki, boşuna nəfəs tükətmək istəmirlər. Qarşı tərəf isə sanki uğursuzluğun əsas günahkarın tapmış kimi görünür.

Belə olsa da, olmasa da, həlledici məqamlarda önəmli qərar vermiş, iki tərəfdən birini seçmiş insanları iti dillə qınamaq, söymək, onlara qarşı “özünü bitirdi”, “xalqa, demokratiyaya xəyanət etdi” kimi kateqorik təsbitlərlə çıxış etmək demokratik prinsplərə, fundamental azadlıqlara ziddir.

Hansısa partiyanı və onun namizədni dəstəkləmək demokratiyaya zidd deyil, demokratiyanın özüdür. İnsanların seçim azadlığı var, müəyyən mülahizələrdən çıxış edərək öz seçimlərini edirlər və bu zaman psixoloji terrora, ictimai təzyiqə məruz qalırlar.

Hər hansı basqı olan yerdə demokratiya və azadlıqlardan söhbət gedə bilməz.

Bu yerdə hücumçular hakimiyyətdə olanların korrupsiyaya qurşanmalarından, ədalətsizliklərə yol vermələrindən, prinsipsizliklərindən, səriştəsizliklərindən uzun-uzadı danışa bilərlər. Adətən danışırlar da.

777766.jpg (160 KB)

2002-ci ilə qədər beləydi. Hakimiyyətə iddia edənlər hakimiyyətdə olanları ağ yuyub qara sərirdilər. Hər dəfə hakimiyyət dəyişikliyi olur, iqtidara başqa qüvvələr gəlirdi. Amma aradan 1 il keçir, tənqidçi ritorika ilə hakimiyyətə gələnlərin özlərinin bu cür əməllərindən yeni-yeni və haqlı dastanlar bağlanırdı. Bunu da onları hakimiyyətdən uzaqlaşdırmaq istəyən müxaliflər edirdi. Hakim koalisiyalar dağılır, yeni seçki olur, yeni koalisiya qurulyrdu Sonra bu yenilər də həmin dəyirmanda işləyə-işləyə 3-4 ayın içində “köhnəlirdilər”.

Yəni siyasətdə nə ideal koalisiyalar, nə monolit ittifaqlar, nə də kristal iqtidar komandaları olmur. Hamısının dilini gödək edən fəaliyyətləri olur, heç kim “süddən çıxmış ağ qaşıq” ola bilmir.

Ərdoğanın “günahı” odur ki, o, bu dövriliyi, tsikli pozdu, beləcə 21 ildir ki, tək partiya olaraq hakimiyyətdədir. Bu illər ərzində hakimiyyətə gələ bilməyənlərlə iqtidara gəlmiş, amma hakim komandadan uzaqlaşdırılmış adamların koalisiyası bu üzdən güclü, qətiyyətli və ehtiraslıdır.

ppp.jpg (84 KB)

Bizim ölkədəki müxalifət düşərgəsinə mənsub siyasi fəalların əksəriyyətinin Türkiyədəki müxaliflərə virtual və mənəvi dəstək verməsinin sirri da bundadır. Bunlar onların ruh halını yaxşı anlayırlar.

Əslində seçki ehtirasları dağıdıcı, ayırıcı, bölücü faktordur. O, idarə edilməyəndə cəmiyyətdə parçalanma, hətta vətəndaş qarşıdurması (bəzən də müharibəsi) yaradır. Ona görə də seçkilər həmişə maksimum qanuni, ədalətli, şəffaf mühitdə keçirilməlidir ki, heç bir tərəfin cığallıq etmək imkanı olmasın.

555668899.jpg (328 KB)

Baxın, ABŞ-da keçirilən son iki seçkidə (istər Donald Tramp seçildiyi, istərsə də seçilmədiyi vaxtlarda) ədalət tərəzisinin gözü bir balaca əyildiyi üçün ölkə tarixində heç vaxt olmayan söz-söhbət ortaya çıxdı: Tramp illərdir seçkidə saxtakarlığa, ədalətsizliyə yol verilməsindən danışır və ilk dəfədir ki, eks-prezident revanş arzusundadır, yenidən prezident seçilmək istəyir.

Ümid edək ki, 28 mayda Türkiyədə keçirilən təkrar seçkilərin nəticələri ədalətli olacaq və heç kəs qardaş ölkədəki situasiyanı gərginləşdirmək imkanında olmayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR