İnsanlara hürriyət, millətlərə istiqlal!

Aybəniz Haşımova və Sənət Akademiyası Qurtuluş günü ilə bağlı Aktau şəhərində konsert verdi - sənətkardan özəl açıqlama

960 13.06.2024 12:55 Mədəniyyət A A

Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) və Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun  birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konsertimiz çox uğurlu alındı. Soydaşlarımızdan aldığımız istiliyi, gördüyümüz xoş və doğma münasibəti heç vaxt unutmayacağıq”.

Azərbaycanın Əməkdar artisti, dəyərli sənətkarımız Aybəniz Haşımova bu sözləri Qazaxıstana səfəri ilə bağlı təəssüratlarını Musavat.com-a bölüşərkən söyləyib. 

Görkəmli sənətkarımız qeyd edib ki, qardaş ölkəyə səfər yüksək səviyyədə təşkil olunmuşdu: “TAİB dövlətimizin, xalqımızın adına layiq tədbir təşkil etmişdi. Ən xırda detallara qədər hər şey nəzərə alınmışdı. Mən çox xarici səfərdə olmuşam. Deyim ki, TAİB- in təşkil etdiyi Qazaxıstan səfəri həm mənim, həm də Sənət Akademiyasının tələbələrinin  yaddaşında silinməz iz buraxacaq. Bir sözlə, səfər mükəmməl şəkildə təşkil olunmuşdu. Dövlətimizin yüksək adına uyğun işlər görən TAİB rəhbərliyinə minnətdaram. Eyni zamanda, bizə diqqətini əsirgəməyən Baş konsulumuz Elçin müəllimə (Məmmədov), və diasporumuzun fəallarına təşəkkürümü ifadə etmək istəyirəm. Xüsusi təşəkkürüm isə əziz, doğma Nicat Hüseyn Dağlar oğlunadır. Öncə onu deyim ki, bu səfərə getməyim məhz onun arzusu idi, böyük həvəslə mən də əziz qardaşımın arzularına qoşuldum və musiqimiz adına əlimdən gələn nə varsa, cani-könüldən böyük şövqlə etdim. Nicat müəllim isə ən böyük, ağır məsuliyyəti öz çiyinlərinə götürmüşdü, öhdəsindən də ən ali dərəcədə gəldi. Qardaşımıza sizin media orqanı vasitəsilə demək istəyirəm: halal olsun sənə və sənə belə mükəmməl olmağı öyrədən valideynlərinə!”

Aybəniz Haşımova rəhbərlik etdiyi gənc istedadlarla birlikdə Aktau şəhərindəki ifaların möhtəşəmliyindən də bəhs edib: “Hər dəfə biri-birindən əvəzsiz musiqilərimiz o möhtəşəm səhnədən səsləndikcə, məni inanılmaz dərəcədə həm qurur, həm də həyəcan hissi bürüyürdü....Hətta hiss edirdim ki, təzyiqim də yüksəlib. Amma, buna baxmayaraq, yenə də şövqlə davam edirdik. Çünki o möhtəşəm konsert salonunda bizi izləməyə gələn Vətənimin övladları var idi. Həyəcanla, “bravo” söyləyərək öz ana musiqisini, ana laylasını, göz yaşları, sevinc yaşları ilə seyr edib, bizi daha da həvəsləndirirdilər. Biz onların  alqışından çox razı qaldıq. Çox arzu  edirəm ki, onlar da bizdən razı qalsınlar”.

Qeyd edək ki, Aybəniz xanım bir müddət öncə TAİB-in Qadınlar Şurasına üzv qəbul olunub və TAİB rəhbərliyinin qərarı ilə təşkilatın Mədəniyyət Komitəsinin sədri təyin edilib.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR