İnsanlara hürriyət, millətlərə istiqlal!

Ay və il Avropa siyasətçiləri üçün eynidirmi?

705 15.03.2022 11:20 Yazarlar A A

Bəzi suallar bəlkə də ona görə yaranır ki, cəmi insanlar Avropa İttifaqından və NATO-dan Rusiyaya qarşı daha təsirli və kəsərli addımlar gözləyirlər. Bunu öz çıxışlarında Ukrayna prezidenti Volodimir Zelenski də qeyd edir. Amma siyasət mümkün olanın sənətidir və ona görə də düşünmək ki, Avropa və NATO sehrli çubuğa malikdir, bu, düzgün olmazdı, ən azı ona görə ki, onların qarşısında heç bir məhdudiyyət bilməyən döyüşkən dövlət dayanıb, hansı ki, artıq nüvə müharibəsini də məqbul sayır.

Amma bu yaxınlarda Avropa İttifaqı riskli bir addım atmağa təşəbbüs göstərdi. O, Ukraynanı Avropa İttifaqına namizəd ölkə kimi tanıdı və öz xüsusi sammitlərində Ukraynanın müraciətini nəzərdən keçirməyə başladı. Biz Avropa İttifaqının nə qərar qəbul etdiyini bilmədik. Amma bu müzakirələrdə iştirak edən siyasətçilər çox qeyri-müəyyən bəyanatlar verdilər. Onlardan biri dedi ki, Ukraynanın müraciətinə baxılması ay və ya il çəkə bilər. Ona görə də dərhal sual yarandı: doğrudanmı, onlar üçün ay və il eyni şeydir?

Avropa siyasətçilərinin adından danışa bilmərik, amma onu bilirik ki, hazırki durumda Ukrayna üçün hətta ay da böyük müddətdir. Hazırda iki ölkə arasındakı müharibənin üçüncü həftəsi tamamlanmaq üzrədir. Açığı əvvəldən belə gözlənilmirdi. Kreml özü də çox qısa müddətə köklənmişdi, amma indi belə məlum oldu ki, “ildırım sürətli müharibə” alınmadı. Üstəgəl, ruslar özləri də danışıqlar üçün yollar arayırlar, yəqin Ukraynaya hücum etməklə necə bir hərbi avantüraya imza atdıqlarının fərqindədirlər.

Amma ruslar çətinliklə olsa da irəliləyirlər. Ona görə də hətta ay Ukrayna üçün çox böyük müddətdir. Elə bu səbəbdən də Avropa İttifaqı siyasətçiləri bir az tələssələr yaxşıdır.

İndi onlar özlərini elə göstərirlər ki, sanki bu prosesə elə bil aidiyyatları yoxdur. Amma bunu Ukrayna ilə Assosiasiya sazişi imzalayarkən düşünməli idilər. Keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç elə də yaxşı adam deyil, amma o, Brüsselə Ukraynanı nələr gözlədiyini bircə-bircə anlatmışdı.

Nə olacaq? Birmənalı şəkildə cavab vermək çətindir. Amma dəfələrlə yazmışıq ki, Ukrayna Rusiyanın boğazında sümüyə çevriləcək. Moskva Kiyevi də götürə bilər və biz bu sətirləri yazarkən deyilirdi ki, döyüşlər Kiyevin 25 kilometrliyində gedir. Amma bununla heç nə dəyişməcək və ən azı iyirminci əsrin birinci yarısının sonları onu deməyə əsas verir ki, ukraynalıların müqaviməti davam edəcək. Müharibə artıq Vətən müharibəsi kimi elan olunub, qalıb onun davam etdirilməsi. Düşünürük ki, Ukrayna millətçiləri onlara olan ümidləri doğruldacaqlar.

O ki qaldı Avropaya, yaxın keçmişdə onun belə təcrübəsi olub. Söhbət Balkanlardan gedir. Əlbəttə, Sebiya Rusiya deyil, onun nüvə silahı yoxdur. Amma nüvə silahı olan Rusiya Serbiyanın yanında idi, di gəl, buna baxmayaraq NATO Balkanlara müdaxilə edə bildi. İndi isə NATO ölkələri Ukraynanın səmasını nəzarətə götürməkdən ehtiyat edir. Buna görə də Avropaya qarşı tənqidi münasibət davam edəcəkdir. Ölkələri qızışdırıb hansısa riskli layihələrə cəlb etmək elə də böyük hünər deyil. Hünər odur ki, bunun məsuliyyətini də bölüşən. İndisə Avropa özünü elə göstərir ki, sanki bunun ona heç dəxli yoxdur, müharibə yalnız Kiyevlə Moskva arasında gedir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR