İnsanlara hürriyət, millətlərə istiqlal!

Axır ki, o da “Qarabağ Azərbaycandır!” dedi

4265 01.10.2022 17:53 Yazarlar A A

Başqa çarəmiz qalmayıb. Yaxşılıq, qonşuluq nədir bilməyən nankor toplumu gərək başına döyə-döyə sülhə gətirək, müqavilə imzaladaq. Belə görünür ki, bunlar hələ uzun müddət yalnız zor dilini yaxşı anlayacaqlar.

İndi bu Nikol Paşinyan da. Başı daşdan-daşa dəyəndən sonra deyir ki, “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsində Qarabağla bağlı bənd olmaya bilər”.

Dünən yerli İctimai TV-yə müsahibəsində o, bəzi başqa ağıllı sözlər də işlədib. Məsələn, belə bir sitat: “Parisdə çıxışım zamanı qeyd etdim ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalıdır”.

Amma ona kimi iddia edirdi ki, guya Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü hələ 1991-ci ilin dekabrında - iki ölkə MDB-yə üzv olanda tanıyıb.

Hanı bəs? Tanımışdısa, 1-ci Qarabağ müharibəsi zamanı ərazimizin 20%-ni kim işğal eləmişdi? Yadplanetlilər, yoxsa şamanlar? Demək ki, tanımayıb.

Və ya ərazi bütövlüyümüz tanınmışdısa, 10 noyabr (2020) kapitulyasiya sənədinə nədən separatçıbaşı Araik Arutunyan yox, Nikol imza atdı? Ermənistan adına! Bu, 1991-cildən sonrakı işğal faktının rəsmən təsdiqlənməsi deyildimi? Özüdür ki, var.

“Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əsas benefisiar “Qarabağ xalqı”nın seçdiyi nümayəndələr olmalıdır”.

Bunu da Paşinyan İTV-yə bildirib. Onun sözlərinə görə, bu məsələ separatçıların lideri Araik Arutyunyanla artıq razılaşdırılıb.

“Qarabağ xalqı” sərsəmləməsini kənara qoyaq. Boş yerə Nikol Baydenin felinə gedir, çünki əla bilir ki, belə bir xalq mövcud deyil. Önəmlisi odur ki, o, Qarabağ ermənilərinin taleyini İrəvanın deyil, Bakının həll eləməli olduğu boynuna alır. İrəliləyişdir.

Ermənistan baş nazirinin çıxışından başqa bir sitat: “Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini və Qarabağın Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”.

Jurnalistin “onların təklifinin qayəsində “Artsax”ın Azərbaycanın tərkib hissəsi kimi tanınması dururmu” sualına cavabında Paşinyan əvvəlki fikrini təsdiqləyərək bildirib: “Bəli, adıçəkilən ölkələr beynəlxalq nöqteyi-nəzərdən Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğu barədə bəyanatlar veriblər. Bu bəyanatlar açıqdır. Məgər bu yenilikdir ki?..”

Beləcə, axır ki, Paşinyan da “Qarabağ Azərbaycandır” dedi. Bunu hələ 2018-ci ildə, hakimiyyətə gələndə edə bilməzdi? Bilərdi. O vaxt cəmiyyətdən yüksək dəstəyə və etimada malik ən legitim rəhbər kimi öz xalqını o, sülhə daha rahat hazırlaya bilərdi, nəinki indi - madam bəyan edirsə ki, Dağlıq Qarabağın heç vaxt müstəqil olmayacağı, yaxud Ermənistana birələşdirilməyəcəyi ona çoxdan məlum imiş.

Yəni rəsmən etiraf olunur ki, separatçı qurumun beynəlxalq birlik tərəfindən heç vaxt tanınmayacağını Paşinyan da, onun sələfləri də yaxşı bilib.

Başqa sözlə, Nikol bununla mövcud ağır duruma görə özü ilə yanaşı, sabiq rəhbərlərin də məsuliyyət daşıdığına işarə vurub (Hərçənd Levon Ter-Petrosyan məsələnin qəlizliyini vaxtında anlamışdı, lakin Bakı ilə sülhə can atsa da, hakimiyyətdən salındı).

Yaxşı, o birilər heç, Qarabağla bağlı acı gerçəyi “demokrat” Paşinyan da bilibsə, onda minlərlə erməni gənci ucuz ölümə niyə tuş edirdi? Nədən o, iki xalq arasında ədavəti bir az da dərinləşdirdi?

Əlbəttə, bu ədavəti biz başlamamışıq. Gözü özgə torpağında olan mənfur qonşuların günahıdır ki, “uzaq qohumu” həmişə yaxın və xeyirxah qonşudan üstün tutur. Ancaq yenə gec deyil...

O ki qaldı Bakı ilə danışıqlar üçün “Qarabağ xalqının seçəcəyi nümayəndəyə”, milli maraqlarımız diktə edərsə, Bakı Araiklə də danışa bilər. Necə ki, vaxtilə Xocalı hərbi caniləri Robert Köçəryan və Serj Sərksiyanla ən yüksək səviyyədə danışıqlar aparılıb. Bir şərtlə: separatçıbaşı öncə “artsax” nağıllarına, dövlətcik-dövlətcik oyunlarına son qoyub Azərbaycan vətəndaşlığını qəbul eləsin. Yəni “Qarabağ Azərbaycandır!” söyləsin.

Onun və bandasının işlətdiyi cinayətlərə görə cəzaları da yalnız bundan sonra dəqiqləşəcək....

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR