İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil detalları, mühərrik yağları ikiqat bahalaşıb - səbəb...

1289 27.10.2022 08:00 İqtisadiyyat A A

Natiq Cəfərli: “Qarabağda maşın ehtiyat hissələri istehsal edən zavodun açılması kifayət qədər effektiv ola bilər”

Son 2 ayda avtomobil detalları, sürtkü yağları demək olar ki, iki dəfə bahalaşıb. Məsələn, 2 ay öncəyə qədər “Mitsubişi” markalı avtomobilin əyləc bəndi 30-35 manat civarında idisə, indi 60-65 manatdır. Habelə, mühərrik yağlarının qiyməti 2 dəfəyədək bahalaşıb.

Bəziləri bunu Rusiya-Ukrayna müharibəsi və qlobal bahalaşma ilə əlaqələndirməyə çalışır. Ancaq bu detalların, yağların əksəri demək olar ki, Avropa ölkələrindən, Yaponiyadan, Dubaydan gəlir. Qlobal bahalaşma iddiasına kontrarqument isə məsələn, Gürcüstanda son günlərədək hansısa ciddi bir bahalaşma müşahidə edilməyib. Sübut üçün Gürcüstanın onlayn satış şəbəkələrinə, portallarına baxmaq yetərlidir. Elə isə Azərbaycanda sürətli bahalaşmanın səbəbi nədir? Bu, monopoliyanın acı fəsadıdır, yoxsa başqa səbəblər də var?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb:

“Qiymətlərin artması onunla bağlıdır ki, neftin qiyməti artıb və hazırda hələ də qiyməti təxminən 100 dollardan yuxarıdır. Bu səbəbdən sürtkü yağlarının da qiymətində 30-35 faiz artım var.

Ehtiyat hissələrinə gəldikdə isə bilirik ki, onun istehsalı Azərbaycanda aparılmır, daha çox xaricdən gətirilir. Loqistik, yol, konteyner xərclərində də müəyyən artım var, amma bu rəqəm də böyük deyil, təxminən 10-15 faizdir. Bütün bunları nəzərə alsaq, dünyadakı qiymət artımı Azərbaycandakı qiymət artımına adekvat deyil. Dünyadakı qiymət artımını nəzərə alsaq, gərək ölkəmizdə 20-25 faiz qiymət artımı olardı. Amma bizdə kifayət qədər ciddi qiymət artımı müşahidə olunur. Nə qədər qəribə səslənsə də, bu onunla izah oluna bilər ki, gömrükdə  bu məsələlərin rəsmiləşdirilməsi artıb. Əvvəllər rəsmiləşdirmə daha az idi və bu hər iki tərəfə, o cümlədən həm gömrük orqanlarına, həm də iş adamlarına sərf edirdi. İndi isə gömrükdə “ağartma” işlərinin artmasından sonra gətirilən ehtiyat hissələri tamamı rəsmiləşdirilir və avtomatik olaraq 15 faiz gömrük rüsumu, 18 faiz də əlavə dəyər vergisi verilir, nəticədə ölkəyə daxil olarkən elə rəsmiləşmədə qiymət 35-36 faiz artır və bu da ümumi qiymətlərə təsir göstərir.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

 Natiq Cəfərli

Həm də ortada inhisarçılıq məsələsi var. Çünki ölkəyə böyük həcmdə avtomobil ehtiyat hissələri və sürkü yağları gətirən çox az sayda şirkətlər var ki, onlar da bazarda tam hakim olduqlarına görə qiyməti  asanlıqla diktə edə bilirlər".

İqtisadçı ekspert Eyyub Kərimli isə qeyd etdi ki, qiymət artımına müəyyən mövcud inhisarçılıq, həmçinin gömrük rüsumlarının baha olması təsir edir: “Sözsüz ki, bahalaşma dünyada gedən proseslərlə də əlaqəlidir. Çünki dünyada müəyyən bahalaşma gedir. Məlum olduğu kimi, Azərbaycan əsasən Almaniya və Koreyadan ehtiyat hissələri alır. Bu gün Almaniya istehsalı olan avtomobillərin ehtiyat hisslərinin qiymətində bahalaşma var, çünki Rusiya-Ukrayna müharibəsi bu ölkənin də sənayesinə mənfi təsir göstərib, qiymətlərin artımına səbəb olub. Çünki Almaniya kimi ölkələr Rusiya qazı və enerji resursları ilə fəaliyyət göstərirdi. Lakin düşünürəm ki, Koreya istiqamətində olan avtomobil ehtiyat hisslərinin qiymət artımına elə bir obyektiv səbəb yoxdur. Çox güman ki, burada inhisarçılıq amilləri var.s

İqtisadçı Eyyub Kərimli: “Bazarların sayının az olması qiymət artımına  əlavə təzyiqlər göstərir”

Eyyub Kərimli

Ümumiyyətlə, bu gün dünya ölkələrindən Azərbaycana idxal olunan istənilən məhsula dünyada gedən nəqliyyat  qiymətlərinin artımı öz təsirini göstərir".

Burada yenə də bir məsələ - ölkədə avtomobil detallarının istehsalına başlamaq təklifi yenidən gündəmə gəlir. Məsələn, bunu Qarabağ zonasında xarici şirkətlərlə birlikdə qısa vaxtda qurmaq olarmı?

Ekspert Eyyub Kərimli bu məsələnin real görünmədiyini bildirdi: “Ümumiyyətlə, hər hansı avtomobil detalının istehsalı üçün avtomobil sənayesi fəaliyyət göstərməlidir. Bizdə yerli avtomobil istehsalı var, lakin bu daha çox yığım istehsal müəssisəsi kimi fəaliyyət göstərir. Ölkədə bu gün hər hansı avtomobil ehtiyat hissəsinin istehsalı üçün böyük bir investisiya yatırımı həyata keçirilməlidir. Bunun üçün də həm də digər tərəfdən bazar olmalıdır. Bizdə yerli avtomobillərə tələbat azdır və bunu statistik məlumatlardan da görürük. Buna görə də düşünmürəm ki, Qarabağda  avtomobil ehtiyat hissələrini yığan zavodun və yaxud müəssisənin tikilməsinin rentabellilik baxımından müsbət bir nəticəsi olsun”.

Natiq Cəfərli isə sualımızı bu cür cavablandırdı:

“Ətraf ölkələri də nəzərə alsaq, Azərbaycanın öz bazarının həcmi kiçik olsa da, Orta Asiya dövlətləri, hətta Rusiya bazarı da var. Məlum olduğu kimi, hazırda Rusiyada avtomobil ehtiyat hissələri ilə bağlı müəyyən problemlər yaşanır. Belə ki, sanksiyalar ucbatından ehtiyat hissələrinin çıxış imkanları məhdudlaşıb. İndi ruslar daha çox Qazaxıstan üzərindən alırlar. Biz elə Qazaxıstanla müqavilə imzalayıb, heç bir sanksiyalarla da üzləşmədən ehtiyat hissələri ixrac edə bilərik. Beləliklə, Azərbaycanın öz bazarını, ətraf ölkələri də götürsək, Qarabağda belə bir zavodun açılması kifayət qədər effektiv ola bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR