İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanı "Geyropa" adlandırmaq olarmı? -Yanlış təsəvvürlər

1824 11.05.2023 10:08 Yazarlar A A

 

Əvvəllər xarici ölkələrə güzarımız vaxtaşırı düşürdü və yazı-pozu adamı kimi əcnəbilərin davranışına, bizə oxşar və fərqli cəhətlərinə diqqət yetirirdim, onların haqqındakı təsəvvürlərimizin nə dərəcədə dəqiq olub-olmamasını götür-qoy edirdim.

Gəldiyim əsas nəticə bu olurdu ki, əslində bir xeyli təsəvvürlərimiz yanlışdır. Məsələn, biz burada, 39-42-ci paralellərdə oturub zənn edirik ki, Avropada vaxtaşırı yel əsir, qoz tökülür, hər yerdə pul xəzəl kimidir, gərək ərinmədən toplayasan.

Əslində isə belədir ki, Avropada, yüksək rifah içində yaşayan istənilən ölkədə yaxşı yaşamaq istəyən adam yaxşı işləməlidir, əziyyət çəkməlidi və yaxşı qazanmalıdır ki, özünü hər şeylə təmin etsin. Əlbəttə, orada da şah tənbəli adamlar var, işləmək istəmir, dövlətdən müavinət alırlar, amma səfil günündə yaşayırlar və buna qane olurlar. Yəni Avropada işləməsən də, kef edirsən təsəvvürü yanlışdır. Bu, heç.

Bizdə əcnəbilər haqqında yayğın yanlış təsəvvürlərdən biri də odur ki, onlar kütləvi şəkildə pozğundurlar, gecə barlarından çıxmırlar, cinsi azlıq nümayəndələridir. Elə deyil. Gecə barlarının öz kontingenti var. Böyük şəhərlərdə yaşayanların tam əksəriyyəti normal adamlardır, qarşı cinslə bir müddət birlikdə yaşayırlar, sonra evlənirlər, alınmırsa, boşanırlar, ikinci dəfə evlənirlər, uşaq əkib-doğurlar. Bağçalar, məktəblər normal ailələrdə böyüyən normal uşaqlarla qaynaşır.

usa_wedding-e1657546668205-1071x600.jpg (121 KB)

Bircinsli evliliklər heç də yayğın deyil və cəmiyyət cinsi azlıqları görəndə heç də rəğbətdən bayılmır, “ah, nə yaxşı ki, varsınız, sizsiz cəmiyyət rəngsiz olardı” demir, sadəcə, fikir vermirlər və tam əksəriyyət onlar kimi olmaq istəmir.

Bir dəfə Milanda olanda parkda şəkil çəkdirərkən 35-40 yaşlı bir caydaq və saqqallı avstriyalı kişi ilə tanış olduq. Konçitanın “Avroviziya” çempionu olmasından 15 gün sonraydı. O, avstriyalı olduğunu deyəndə ağlımıza gələn ilk ad Konçita oldu. Bizdən o adı eşidəndə adam gülümsədi və başını buladı, məlum oldu ki, o, heç də Konçita ilə qürur duymur. Əslində hiss olundu ki, o, Avsriyanın Konçita ilə tanınmasına görə xəcalət çəkdi.

Avropada, Amerikanın iri şəhərlərində elit dairələrdə insanlar cinsi azlıq və cinsi çoxluq deyə ayrımçılıq etmirlər, bütün cinslərə dözümlü yanaşmağa çalışırlar, insanın özünə, davranışına baxırlar. Bu mövzuda zarafatlar (əsasən özlərinə aid) edə bilərlər, amma ələ salmaq, aşağılamaq qəbul olunmur.

Bizim düşüncəmizə isə belə bir qənaət hakim kəsilib ki, guya Avropada LGBT-nin şıdırğı reklamı, təbliği gedir. Belə görünə bilər, çünki orada öz tərcihlərini gizlədən yoxdur. Amma ta küçələrə “Sən də gəl bizdən ol”, “Bəşəriyyətin işıqlı gələcəyi bircinsli sevgidir” kimi reklam lövhələri asmayıblar. Axtarsaq, məlum olar ki, Şərq ölkələrində əhalinin hər 100 min nəfərinə düşən LGBT-çi sayı daha çoxdur, nəinki Avropada.

Eləcə də seks industriyasında çalışanların sayına görə Şərq və Asiya daha irəlidə olar ki, geridə olmaz. O vaxt, ABŞ-ın Cənubi Karolina ştatında olarkən bizi bir bara aparmışdılar, içəridə azı 500 adam vardı, hamısı da gənc kişilər, qadınlar idi, yeyib-içib əylənirdilər, amma aralarında bir nəfər də olsun, xuliqanlıq edən, biədəb hərəkətlərə yol verən yox idi. Hamı öz ətrafı ilə öz kefinə baxırdı. Həmin bar paytaxtımızdakı gecə barlarından onunla fərqlənirdi ki, nə müştərilərə seksual xidmət təklif edən vardı, nə də bahalı içkilər aldırıb müəssisəyə pul qazandırmağa çalışan.

Biz olmayan yerlərdə örnək götürüləsi çoxlu yaxşı şeylər var – dürüstlük, vicdanlılıq, vətəndaş fəallığı, duyarlılıq, ətrafa problem yaratmamaq, qayda-qanunlara tam riayət və sair və ilaxır. Biz bütün bunları görməzliyə vurur, müasirliyi, avropalılığı gətirib cinsi orientasiyaya bağlayırıq, ekstravaqant geyimlər geyən şəxsləri nümunə götürürük. Avropada hər şey azaddır deyə insanlar heç də özlərini ara tutuquşusunun və ya sirk klounlarının gününə salmır. Al-yaşıl, rəngli geyinirlər, amma bunu həm bəlli bir çərçivədə, həm də zövqlə edirlər.

Bir sözlə, burada qəbahət saydığımız, ələ saldığımız bəzi şeylər var ki, oralarda bu, əskik iş sayılmır, amma nəsə bir üstünlükmüş kimi də qələmə verilmir.

Dostlar danışır ki, uzun illər əvvəl bir mühacir Fransada oturum izni almaq istəyirmiş. Təcrübəli həmvətənlərmiz ona təklif ediblər ki, özünü Bakı ermənisi və ya cinsi azlıq kimi təqdim etsən, işin daha asan düzələr. Adam patriot çıxıb, deyib, erməni kimi təqdim olunmaqdan söhbət gedə bilməz, yaxşısı elə “petuxam” deməkdir.

Görünür, adam Parisin havasına tez adaptasiya olunubmuş.

Amma bu, o demək deyil ki, Avropaya “Geyropa” adı qoymaq olar. Avropa 40-dan artıq fərqli dövlətlərdən ibarətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR