İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı “revizor”lar sərhəddə yox, erməni səngərlərində... - İFŞA

1145 19.08.2023 10:27 Siyasət A A

Mülki missiya üzvünün erməni səngərində durbinlə müşahidə apardığı video yayılıb, Bakı bu qrupun “çarəsiz” üzvlərinə təhlükəsizlik zəmanəti verməyə borclu deyil

Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası avqustun 15-də Ermənistan-Azərbaycan şərti sərhədində monitorinq zamanı eşidilən atəş səslərinin mənbəyini müəyyən edə bilməyib. “Yeni Müsavat” yazır ki, bu barədə  Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano bildirib. Aİ-nin Ermənistandakı sərhəd missiyasının guya atəşə tutulması haqda yalan xəbəri əvvəl təkzib etməsi, sonra isə erməni səngərinə atəş açılıb “düzəlişi” ətrafında bəzi detallar üzə çıxmaqdadır.

Yada salaq ki, Ermənistan Müdafiə Nazirliyi Aİ müşahidəçilərinin və onların maşınlarının Azərbaycan ordusunun döyüş mövqelərindən atəşə tutulması ilə bağlı məlumat yaymışdı. Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı dərhal təkzib etdi.  Sonradan missiyanın özü də bu xəbərin qeyri-dəqiqliyini təsdiqləyərək heç bir atəş açılmadığını bildirdi.

Lakin baş nazir Nikol Paşinyan hakimiyyətinə yaxın KİV-lər, eləcə də sosial şəbəkələrdə Aİ missiyasının müşahidəçisinin Ermənistan ordusunun döyüş mövqelərindən birində dayanaraq durbinlə müşahidə apardığı video yaydı. Məhz erməni tərəfinin avropalı müşahidəçilərin əvvəlki bəyanatını “zərərsizləşdirmək” üçün yaydığı videogörüntü maraqlı məqamı üzə çıxardı: belə aydın olur ki, missiya üzvləri birbaşa Ermənistan ordusunun döyüş mövqeyində dayanıblar.

Haqqın.az bununla bağlı yazısında haqlı suallarla çıxış edib. “Aİ-dən olan, döyüş mövqeyində dayanan ”mülki" şəxsin yaralanmasına kim cavabdeh olacaq? Təbii ki, Ermənistan tərəfi və AB missiyası. Bəs Ermənistanın birtərəfli təşəbbüsü ilə regionda olan avropalı müşahidəçilər birbaşa döyüş meydanında nəyə əsaslanaraq dayanırlar? Onlar öz missiyasını daha təhlükəsiz məsafədə yerinə yetirməli deyilmi?" deyə, yazıda bildirilir. 

Əvvəllər belə bir təcrübə var idi ki, atəşkəs rejiminə nəzarət etmək üçün Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca hansı müşahidəçilər götürülürdü. Söhbət ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçilərinin missiyasından gedir. Lakin bu missiya ATƏT-in mandatına əsaslanırdı və hər iki tərəfin razılığı ilə müşahidələr aparırdı. Hazırda Avropa İttifaqının Ermənistandakı sərhəd missiyası Azərbaycanla razılaşdırılmayıb və buna görə də Bakı bu qrupun “çarəsiz” üzvlərinə təhlükəsizlik zəmanəti verməyə borclu deyil. Daha əvvəl Avropa missiyası bəyan etmişdi ki, sərhəddə növbəti monitorinqdən əvvəl Azərbaycan tərəfi məlumatlandırılır. Bununla belə, Bakıda kiminsə döyüş mövqelərində olan Avropa qrupunun üzvlərinə mütləq təhlükəsizlik vəd edəcəyi şübhəli görünür. Avropalı “sərhəd revizorları” erməni səngərlərində görünməsi özünüifşa ilə bərabər bir daha bu missiyanın gerçək fəaliyyəti haqda suallar doğurur. Aİ-nin “sərhəd müşahidəçiləri” niyə erməni səngərlərində oturub? Bu fakt Aİ missiyasının ifşasını göstərmirmi?

Tovuz hadisələri zamanı da belə olmuşdu - Ramil Məmmədli - "İki sahil"

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a maraqlı detalları açıqlayarkən qeyd etdi ki, döyüş ərazisində olan istənilən mülki şəxs hədəfdir. Hərbi analitik bildirdi ki, həmin adamın üzərində xüsusi geyim olmalıdır və açıq ərazidə qalmalıdır ki, hədəfə tuş gəlməsin. “Onun media nümayəndəsi, yaxud hansısa mülki şəxs olduğu bilinməlidir. Heç bir halda döyüşçünün yanında dayana bilməz. Sadəcə, son bir il ərzində Avropa İttifaqının Ermənistana göndərdiyi monitorinq missiyası NATO-nun hərbi və təhlükəsizlik strukturlarının nümayəndələrindən ibarətdir. Onlar faktiki olaraq, ərazidə öz strukturlarının maraqlarına uyğun şəkildə kəşfiyyat xarakterli fəaliyyət göstərirlər. Belə olmasaydı, həm Türkiyə, həm İranla həmsərhəd olan ərazilərdə müşahidələr aparmazdılar, eyni zamanda, Azərbaycanla sərhəddə də monitorinq adı altında bu işləri həyata keçirməzdilər”, deyə R.Məmmədli vurğuladı. O, avropalı müşahidəçilərin fəaliyyətini məhz belə qiymətləndirdi: “Onların tərcümeyi-halına baxanda da belə xarakterizə etmək olar. O baxımdan Azərbaycan Ordusunun erməni təxribatına cavab olaraq atəş açması nəticəsində döyüş səngərində qalan istənilən şəxs hədəfə çevrilir. Bunun belə təqdim olunması isə Azərbaycana təzyiq vasitəsidir. Qərb növbəti dəfə ölkəmizə qarşı təzyiq rıçaqlarını işə salıb. Faktiki olaraq, Fransa jandarmasında, Almaniya daxili qoşunlarında xidmət keçmiş şəxslər Ermənistanla sərhəddə monitorinq aparırlar”.

Xəzər Teyyublu: Hələ də iş yerlərində işəgötürənlə işçi arasında həll  olunmalı çox məsələlər var

 Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu Paşinyana yaxın media resurslarında yayılan videodan istifadə etməyin tərəfdarıdır. Onun fikrincə, məsələ beynəlxalq müstəvidə qaldırılmalı, Avropa İttifaqının nəzərinə çatdırılmalıdır: “Buna təhrikedici təxribat demək olar. Mülki missiyanın hansı ərazilərdə patrul xidməti həyata keçirmələri ilə bağlı konkret istiqamətlər var. Bu ərazilərə döyüş mövqeləri daxil edilə bilməz. Əgər mülki müşahidə missiyasıdırsa, onun durbinlə səngərdə dayanıb ərazilərə baxması qaydaların pozulmasıdır. Avropa İttifaqının özünün bununla bağlı konkret nizamnaməsi və təlimatları olmalıdır. Digər tərəfdən isə bu faktın yayılması missiyanın yarımhərbi olduğunu nümayiş etdirir. Ermənistan tərəfi ümid edir ki, açılan atəşdən bir avropalı yaralansın və Qərb Bakıya təzyiq etməyə başlasın. Lakin onların bu hiyləsi də keçərli olmayacaq”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan öz ərazisində bu missiyanın yerləşməsinə rədd cavabı verib, qarşı tərəfin səngərində isə kimin yerləşməsindən asılı olmayaraq, təxribata cavab verildikdə onun vurulması ehtimalı yüksəkdir: “Sabah erməni atəşkəsi pozacaq, biz cavab verəcəyik, səngərə hansısa müşahidəçini, yaxud jurnalisti, diplomatı qoyacaq, sonra deyəcək ki, Azərbaycan sivil şəxsi vurdu. Təbii ki, oyundur, avropalıları da alət edə bilirlər. Əslində Ermənistanda olan həmin monitorinq qrupu hesabat yaymalıdır və durbinlə baxanda görməlidirlər ki, ilk atəş açan tərəf hansıdır, sərhəddə gərginliyi artıran kimdir...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR