İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı patrullar ermənilərin tərəfinə keçdi - sərhəddə yeni müharibə təhlükəsi

1808 24.02.2023 10:30 Siyasət A A

Aİ missiyası nədənsə sərhəddə baş verən son hadisələri “görməyib”; Ermənistan Qarabağdakı Rusiya sülhməramlılarına da “ağ dəsmal” atır; bu, regionda nüfuz savaşı aparan Qərblə Rusiya arasında yeni toqquşmaya yol aça bilər

Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi müşahidəçi missiyası öz işinə başlayandan dərhal bir gün sonra - fevralın 21-də Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdən atəşə tutulub.

“Yeni Müsavat” Müdafiə Nazirliyinə istinadla xatırladır ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Məlumdur ki, monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və Ermənistanda sərhəddə patrul xidməti həyata keçirəcək. Bir müddət əvvəl Azərbaycan və Ermənistan arasında 2023-cü ildə daha bir müharibənin başlayacağı ehtimalından söz açan Beynəlxalq Böhran Qrupu Aİ missiyasının bölgədə müharibə riskini azaldacağı qənaətində idi. Beynəlxalq Böhran Qrupu hesab edirdi ki, belə bir missiyanın mövcudluğu iki ölkə arasında gərginliyi azalda bilər, amma hələ ilk gündən artıq fərqli nəticələrə gəlməyə əsas verir. Azərbaycanın missiyanın sərhədboyu yerləşmə üçün razılığı yoxdur. Eləcə də 2020-ci ildən etibarən Dağlıq Qarabağa yerləşən və Ermənistanın bəzi sərhəd rayonlarında hərbçiləri olan Rusiya da bu missiyanı onu Cənubi Qafqazdan sıxışıdırılması cəhdi hesab edir. Aydındır ki, həm Azərbaycanın, həm Rusiyanın da prosesə qoşulmaması monitorinq qrupunun işini çətinləşdirəcək.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bu missiyanı qurumun Cənub Qafqazla münasibətlərində “yeni mərhələ” adlandırıb. “Aİ de-eskalasiya cəhdlərini dəstəkləməyə davam edəcək və regionda davamlı sülhün əldə edilməsi üçün hər iki tərəflə yaxından işləmək öhdəliyinə sadiqdir”, - Josep Borrel bildirib. Aİ Şurasının yaydığı məlumata görə, missiya Ermənistanda sərhəd ərazilərdə müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək. Maraqlıdır ki, atəşkəs təkcə missiyanın yerləşdiyi sərhədboyu deyil, həm də sülhməramlıların məsuliyyət zonasında da pozulub. Buradan gəlinən ilkin ehtimal həm də budur ki, Ermənistan Qarabağdakı Rusiya sülhməramlılarına da “ağ dəsmal” atır. Sirr deyil ki, Laçın aksiyası başlayandan bəri Ermənistan Qarabağda məskunlaşmış ermənilərin təhlükəsizliyinin təmin olunmasından şikayətçidirlər və Paşinyan rusların BMT sülhməramlıları ilə əvəz edilməsini istəyir. Bu, həm də onu göstərir ki, regionda nüfuz savaşı açan Qərblə Rusiya arasında yeni toqquşmaya yol aça bilər.

Azərbaycan ərazisində silahlı insidentlər Aİ rəhbərliyinin arqumentləri ilə açıq şəkildə ziddiyyət təşkil edir və Aİ-nin monitorinq missiyasının “regionda sülh və təhlükəsizliyə xidmət edəcəyini” bəyan edir. Əgər bu doğrudursa, o zaman niyə qeyri-qanuni erməni birləşmələri məhz avropalı müşahidəçilər regiona gələndən sonra atəşkəs rejimini sistemli şəkildə pozmağa başlayıblar?

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Aİ missiyasının Azərbaycanla sərhəddə görünməsi nəinki regionda vəziyyəti sabitləşdirməyəcək, əksinə, vəziyyəti daha da gərginləşdirəcək. Rusiya da oxşar xəbərdarlıqlar edib. Aİ missiyasının yerləşdirilməsindən cəmi bir gün sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutması bu xəbərdarlıqların doğruluğunu ancaq təsdiqləyir.

Bu baxımdan, səciyyəvidir ki, Aİ missiyası və onun rəhbəri Markus Ritter nədənsə  sərhəddə baş verən son hadisələri “görməyib”. Yeri gəlmişkən, Aİ öz missiyasını “mülki” adlandırsa da, Brüsselin missiya günü yaydığı rəsmi açıqlamada Azərbaycanla sərhəddə yerləşdirilib, ilk olaraq missiyanın 100 üzvündən 50-nin “silahsız müşahidəçi” olduğu bildirilib.

Bəs mütəxəssislər necə düşünürlər? AB-nin bölgədəki addımları sülh prosesinə mane olmağa xidmət edir, yoxsa Rusiyanı regiondan sıxışdırmaq məqsədi güdür? Rusiya bu hərəkətlərinə görə Ermənistanı cəzalandıracaqmı? Atəşkəsin pozulması erməni ordusu daxilində rus təsirlərinin işi ola bilərmi?

Qarabağda ildırımsürətli əməliyyat - cəmi 6 aya...

 Qabil Hüseynli

Professor Qabil Hüseynli şübhə etmir ki, mövqelərimizin atəşə tutulması həmin missiyanın gəlişinə qarşı atılan addımlardır: “Bu təxribatların icraçısı Ermənistandakı keçmiş "Qarabağ klanı"nın üzvləridir. Erməni ordusunda hələ də “Qarabağ klanı” təsirlərə malikdir. Rusiyanın “beşinci kolonu”nun ən fəalları orada mövcuddur. Rusiya Cənubi Qafqazda mövqeyini qorumağa çalışır. Bunun üçün bir yandan Ermənistana hədələr yağdırır, digər tərəfdən, müxtəlif hərəkətlərlə müşahidəçi missiyanı gözdən salmağa çalışır. Şuşanın və Kəlbəcərin atəşə tutulması da bu addımların tərkib hissəsi kimi qiymətləndirilə bilər. Yəni monitorinq missiyasının burada olması da heç nəyi həll etmir. Atəşkəsin pozulması ilə bunu göstərməyə cəhd ediblər. Bundan əvvəl də mülki missiya iki ay sərhəddə olarkən mövqelərimiz atəşə tutulmuşdu. Düşünürəm ki, Qərblə Rusiya arasında gərginlik daha da artacaq".

Azərbaycanın növbəti siyasi-diplomatik uğuru » BAYRAQDAR MEDİA

Yeganə Hacıyeva

Siyasi ekspert Yeganə Hacıyevanın sözlərinə görə, ilk gündən bunun mülki missiya olmadığını bildirib: “Fransa Avropa Birliyinin vacib ölkəsidir. Fransa Avropa Birliyində dominantdır və BMT Təhlükəsizlik Şurasının üzvüdür. Fransa bu işləri Avropa Birliyi adından aparır. Əslində Ermənistanla sərhədə elə Fransa yerləşib, çünki vasitəçi odur. Onlar bölgəyə yerləşməzdən qabaq demişdilər ki, missiyada 50 nəfər silahsızdır, deməli, digər 50 nəfər silahlıdır. Xatırladıram ki, bundan əvvəl də sərhədə yerləşəndə mövqelərimiz atəşə tutulmuşdu. Hesab edirdilər ki, cavab atəşi açacağıq və hesabatda Azərbaycanı aqressor kimi göstərəcəklər. Yəni təxribatı törədirlər, sonra yerləşirlər. Üstəlik, mülki missiyanın heyətində 100 nəfər deyil, 200 nəfərdir, deməli, 50 nəfər silahlı deyilsə, nə qədəri silahlıdır? Bundan əlavə, fevralın 21-də sərhəddən mövqelərimiz atəşə tutularkən Qarabağda da bu təxribatı etdilər. Düşünürlər ki, Rusiyanın bu qədər başı qarışmışkən, elə Qarabağda gərginlik yaradıb rus sülhməramlılarının yerinə Avropa Birliyinin missiyası yerləşdirilsin”.

Y.Hacıyeva qeyd edir ki, sosial mediada videogörüntü paylaşmışdı, orada Ermənistan və Fransanın müştərək kiberqruplarının fəaliyyət göstərdiyi məlum olurdu: “Həmin səhifələrdə qeyd olunur ki, Laçın dəhlizində mülki missiya monitorinq aparır. Bu, əslində bəri başdan anons vermək idi.  Ancaq dərhal səhifədə Avropa Birliyi adından yazıldı ki, Ermənistan tərəfdən dəhlizdə müşahidə aparılır. Yəni əvvəldən sirlərin açılması idi. Ancaq Avropadan gəlmir, lap elə Zimbabvedən mülki missiya Ermənistana gəlsin, bunun bizə aidiyyəti yoxdur, sadəcə, məqsəd sərhəddə gərginlik yaratmaqdır”.

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu situasiya Qarabağda mümkün eskalasiya ehtimalını da önə çıxarır: “Və gözləniləndir ki, separatçı-terrorçu rejim erməni əhalisinin "hüquq və təhlükəsizliyi" üzrə beynəlxalq mexanizmin indi yaradılmasının vacibliyini nümayiş etdirmək və təmaslarda “rəsmi təmsilçi” kimi qəbul olunmaq məqsədilə təxribat hücumlara başlaya, vəziyyəti gərginləşdirə bilərlər. Şuşanın atəşə tutulması bunun başlanğıcıdır. İrəvan prosesin indi başlanmasını, separatçı rejimin beynəlxalq müstəvidə təmsilçi kimi qəbul edilməsini istəyir; məhz buna görə, razılaşmanı “Bakı-Xankəndi” formatında təqdim edirlər".

Qeyd edək ki, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova AB-nin Ermənistan-Azərbaycan sərhədində yeni, daha uzunmüddətli missiyasının fəaliyyətə başlaması ilə əlaqədar danışıb. Sitat: “Biz bu barədə mövqeyimizi bildirmişik və təkrar edirəm: missiyanın mülki xarakter daşıdığını deməklə, onlar heç də tam həqiqəti demirlər və ya yalan danışırlar”. Bildirək ki, onun tərkibinə alman polisi və fransız jandarmasından nümayəndələr də daxil edilib. Bu isə missiyanın heç də mülki olmadığı anlamına gəlir.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR