İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada uşaqların naməlum hepatitə yoluxma halları artır - Azərbaycan üçün də SOS

800 14.05.2022 08:40 Yaşam A A

Pediatr: “Karantindən sonra bütün infeksiyalar daha təhlükəli olmağa başlayıb...”

Avropanın daha bir ölkəsində - İsveçdə uşaqlarda mənşəyi naməlum kəskin hepatitin 9 şübhəli halı qeydə alınıb. Bu barədə ölkənin səhiyyə departamentinin press-relizində deyilir.

Avropada - Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Hollandiya, Norveç, Polşa, Rumıniya, İspaniyada, eləcə də digər ölkələrdə (Kanada, İsrail, Yaponiya, ABŞ) bu virusa yoluxma halları qeydə alınıb. Əsasən qaraciyəri zədələyən virusdan ölüm halları da var.

Mayın 12-nə olan son məlumata görə, dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusuna 348 yoluxma qeydə alınıb. Bu ümumi yoluxma halının 160-ı Böyük Britaniyada aşkar olunub. Həkimlərin sözlərinə görə, 1 aylıqdan 16 yaşına qədər uşaqlarda qeydə alınan qaraciyər çatışmazlığı hərarətsiz baş verir. Bir çox hallarda sarılıq, eləcə də mədə-bağırsaq xəstəlikləri simptomları, o cümlədən qarın ağrısı, ishal və qusma müşahidə olunur. Bəzi hallarda isə, hətta qaraciyər transplantasiyası tələb olunur.

ÜST uşaqlar arasında yayılan bu xəstəliyi mənşəyi məlum olmayan hepatit adlandırıb. Bununla belə, araşdırılan halların heç birində kəskin hepatitə (A, B, C, D və E) səbəb olan ümumi viruslar aşkar edilməyib. Xarici ölkələrin mütəxəssisləri  bu xəstəliyin mənşəyi ilə bağlı bir neçə versiya irəli sürürlər. Onların fikrincə, hepatitin yaranmasına səbəb koronavirus və ya adenovirus infeksiyası ola bilər.

Birləşmiş Krallıqdan olan mütəxəssislər qrupu mümkün amillər kimi COVID-19 pandemiyası zamanı adenovirus sirkulyasiyasının aşağı səviyyədə olması səbəbindən azyaşlı uşaqlarda adenovirus infeksiyasına qarşı yüksək həssaslığı, və ya yeni adenovirusun peyda olunması, və ya adenovirus və SARS-CoV-2 virusunun birləşməsini göstərib. Bu fərziyyələr əlavə araşdırma tələb edir.

Qeyd etmək yerinə düşər ki, uşaqlar arasında mənşəyi məlum olmayan hepatit barədə ilk məlumat aprel ayının əvvəlində yayılıb. Bu zaman bu barədə məlumatı Şotlandiya həkimləri yayıb. Yoluxma halları İsveç, İndoneziya və 20 digər ölkədə qeydə alınıb. Bununla yanaşı, mayın 12-si Moldovada sözügedən xəstəliyə ilk yoluxma halı qeydə alınıb.

Bəs Azərbaycanda təlaş üçün əsas varmı? Virusun ölkəmizə gəlmə ehtimalı istisna deyil. Bizim səhiyyəmiz bu təhlükə ilə bağlı hansı ön təbirləri görür? Valideynlər nələrə diqqət eləməlidir?

Medicina.az - Dr. Günay Rəsulova-Pediatr

Günay Rəsulova

Pediatr Günay Rəsulova mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Bu təhlükəli infeksiya bütün dünya ölkələrində var. Çünki karantin fasiləsindən sonra  bütün infeksiyaların klinik gedişatında bir aqressivlik, bir ağırlıq nəzərə çarpır. Heç bir ölkə bundan sığortalanmayıb. Bizdə hərarətlə gələn, xəstəliklə gələn, qusma-ishal şikayətləri ilə müraciət edən uşaqları yaxından izləyirik. Əgər uşaqda sarılıq əlamətləri varsa, mütləq araşdırırıq və əlavə müayinələr istəyirik. Qaraciyərlə bağlı bütün riskləri inkar etməyə çalışırıq. Bunu hər bir həkim etməlidir.

Nələrə diqqət olunmalıdır? Ümumi gigiyena qaydalarına, xəstəliklərdən qorunmağa, uşaqların sağlam qidalanması, normal yuxusu, mütləq bütün peyvəndlərin vaxtlı-vaxtında vurulmasına diqqət olunmalıdır. Çünki karantindən öncə peyvənd aktuallığı nə qədər idisə, karantindən sonra daha çox artdı. Çünki karantindən sonra bütün infeksiyalar daha təhlükəli olmağa və peyvəndlə qorunmalı olan infeksiyaları belə uşaqlar ağırlaşmalarla keçirməyə başlayıb. Ona görə də profilaktik peyvəndləri mütləq valideynlər uşaqlara vaxtlı-vaxtında vurdurmalıdır. Uşaqları xəstə insanlardan uzaq tutmalıyıq". 

Teymur Musayev səhiyyə naziri təyin edildi

Teymur Musayev 

Qeyd edək ki, Səhiyyə naziri Teymur Musayev də uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib. Nazir hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını qeyd edib. O deyib ki, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb: “Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Yoluxma qeydə alınan ölkələrin sayı o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR