İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa nazirləri Rusiya aktivlərindən Ukrayna üçün istifadəyə dair konsesus əldə ediblər

570 18.03.2024 23:27 Dünya A A

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya silah tədarükü üçün istifadə edilməsi ideyasını dəstəkləyiblər, lakin yekun qərarın qəbulu hələlik təxirə salınıb.

Musavat.com xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell Brüsseldə icmaya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib: "Bugünkü müzakirədən sonra mən güclü dəstək gördüm. Bəzi ölkələr daha çox təfərrüat istəyirlər, lakin ümumilikdə aktivlərdən əldə edilən gəlirləri götürmək və Ukraynanın maraqları üçün istifadə etmək ideyasına güclü dəstək var. Necə? Hərbi dəstəyi təmin etmək üçün Avropa Sülh Fondu çərçivəsində yardım, eləcə də Ukraynanın müdafiə bazasını gücləndirmək. Deyə bilmərəm ki, birlik var idi, amma belə bir qərarın qəbulu ilə bağlı güclü konsensus var".

Borrell qeyd edib ki, yekun qərar hələ qəbul edilməyib, lakin 21-22 martda keçiriləcək Aİ sammitindən əvvəl və ya onun gedişində təsdiqlənə bilər.

Borrell vurğulayıb ki, heç bir ölkə Rusiya aktivlərindən əldə edilən gəlirin istifadəsinə qarşı çıxmayıb: "Mən deyə bilmərəm ki, kimsə bunun əleyhinə olub. Sadəcə, qanunvericilik bazasını diqqətlə öyrənmək üçün konkret təklif görmək istəyiblər. Mən başa düşürəm ki, biz qanun çərçivəsində və beynəlxalq hüquqa uyğun yaşayırıq. Bəzi ölkələr bir neçə günə təqdim olunacaq mətni diqqətlə öyrənmək istəyirlər”.

Martın 11-də Financial Times qəzeti yazıb ki, Avropa İttifaqı bu ilin iyulunda Ukraynaya Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən və Euroclear beynəlxalq depozitari tərəfindən idarə olunan 2-3 milyard avro köçürə bilər. Fevralın 1-də Aİ sammitinin iştirakçıları Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya 2027-ci ilə qədər olan dövr üçün 50 milyard avro məbləğində büdcə yardımı proqramını qismən maliyyələşdirmək üçün istifadəsini nəzərdə tutan təklifini təsdiqləyiblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR