İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsi erməni müharibə canisinə görə Bakıya 1 həftə vaxt verdi

20416 05.08.2023 09:17 Gündəm A A

Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirildi; tanınmış hüquqşünasdan SOS: “Azərbaycan beynəlxalq məhkəmələrdə həmişə haqsız məğlubiyyətlərlə üzləşəcək, əgər...”

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Xocalı və Meşəli hərbi canisi Vaqif Xaçatryan haqqında məlumat vermək üçün Azərbaycana bir həftə - avqustun 8-dək vaxt vermək qərarına gəlib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin Facebook ofisindən bildirilib.

“Azərbaycan Avropa İnsan Haqları Məhkəməsini həmin şəxsin olduğu yer, saxlanma şəraiti, səhhəti, göstərilən tibbi yardım və qaytarılması mümkünlüyü barədə məlumatlandırmağa borcludur”, - ofisin açıqlamasında deyilir.

Bu qərarın Azərbaycan üçün yuridik anlama nədir? Ermənistanın terrorçu-cani ilə bağlı müraciətinə nədən belə operativ reaksiya verilib?

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov isə qeyd edib ki, Azərbaycan İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyadan irəli gələn öhdəliklərə sadiq qalaraq bu məlumatı verəcək. “Eyni zamanda, yumşaq desək, təəccüblüdür ki, Ermənistan hökuməti Avropa Məhkəməsinə belə bir müraciəti edib, çünki həmin məlumatlar açıq mənbələrdə və mediada yer alıb. Görünür, Ermənistanın acizliyi artıq hüquqi müstəviyə keçib”, - deyə Əsgərov əlavə edib.

Avqustun 8-də Avropa Məhkəməsinin daha bir qərarmı olacaq?

Erməni diversantların məhkəməsi- onları hansı ağır cəza gözləyir?

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Ermənistan Avropa təsisatları, Avropa Məhkəməsi ilə sıx əməkdaşlıq edir və bu səbəbdən də ermənilərin göndərikləri şikayətlərə bunca operativ münasibətin şahidi oluruq: “Bundan əvvəl də, bu ilin iyununda 2 erməni diversantı - Harut Yuriki Hovakimyan və Karen Aşoti Qazaryanla bağlı oxşar gedişatı izlədik. Elə həmin zaman iki Azərbaycan əsgərinə - Aqşin Bəbirov və Hüseyn Axundova ermənilər tərəfindən işgəncə verilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət olunmuşdu. Avropa Məhkəməsi reqlamentinin 39-cu maddəsinə əsasən, Ermənistan tərəfinin əsir götürdüyü Azərbaycan əsgərlərinə qarşı zorakılığın dayandırılması tələb olundu. Lakin Avropa Məhkəməsi Azərbaycan tərəfinin bu vəsatətini qəbuledilməz hesab etmişdi. Azərbaycan əsir əsgərlərinə işgəncə verilməsi barədə aşkar sübutlara baxmayaraq, heç bir mövqe bildirməyən Avropa İnsan Haqları Məhkəməsi erməni diversantları ilə bağlı ”təcili qərar çıxardı, Azərbaycandan iyunun 6-dək 2 erməni hərbçinin Azərbaycanda əsirlikdə və ya başqa statusda olması barədə məlumat verməsini tələb etdi.

Burada xristian təəssübkeşliyindən daha çox qarşı tərəfin bu məhkəmə instansiyasi ilə sıx əməkdaşlığı rol oynayır. Avropa Məhkəməsi ilə işləyən erməni vəkillərin sayı həddindən artıq çoxdur. Azərbaycandan isə bu instansiya ilə işləyən vəkillərin sayı çox azdır və əlaqələri də zəifdir.  Digər tərəfdən, Avropa Məhkəməsinə göndərilən müraciətin məzmunundan da çox şey asılıdır. Müraciətin doğru, dürüst yazilması, Avropa Məhkəməsinin işçi dilində olması və əsaslandırılması əsas şərtdir".

Hüquqşünas deyib ki, Azərbaycan Avropa Məhkəməsinin  yurisdiksiyasını qəbul edib və bu məhkəmə instansiyasının qəbul etdiyi qərarları icra etməlidir: “Tələb budur ki, hərbi cinayətlərə görə Azərbaycanın həbs etdiyi Vaqif Xaçatryan haqqında məlumat verilsin. Azərbaycan bu məlumatları gizli saxlamır və məhkəməsiz də belə məlumatları açıqlayır. Bu gün Azərbaycanın ombudsmanı Səbinə Əliyeva Vaqif Xaçatryanla görüşüb. O hazırda müalicə alır. Artıq ”Laçın" sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçatryanın ilkin dindirməsi də keçirilib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib ki, Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibb müəssisəsinə köçürülüb.

Bu xəbərdən bəlli olur ki, səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçatryana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır. Yəni erməni tərəfinin Avropa Məhkəməsindəki haray-həşiri əbəsdir. Bununla belə, Azərbaycan tərəfi Avropa Məhkəməsində daimi fəaliyyət göstərə biləcək kadrların yetişdirilməsi, ora göndərilməsi istiqamətində təcili tədbirlər görməlidir. Əks təqdirdə biz Avropa Məhkəməsində, Avropa təsisatlarında ermənilərin əsassız, demoqoqiyadan başqa bir şey olmayan sərsəm iddiaları üzrə haqlı ikən haqsız duruma düşəcəyik.

İndilik Avropa məkanında tanınan peşəkar vəkilləri Avropa Məhkəməsində öz milli maraqlarımızın müdafiəsinə cəlb etməliyik. Azərbaycanda beynəlxalq məhkəmələrdə işləyəcək vəkillərin hazırlanmasına çox ciddi ehtiyac var. Belə vəkillər yetişdirilənə qədər beynəlxalq aləmdə tanınan vəkilləri öz mənafelərimiz naminə cəlb etməliyik. Əks halda Azərbaycan beynəlxalq məhkəmələrdə həmişə haqsız məğlubiyyətlərlə üz-üzə qalacaq".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR