İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı kimləri 13-cü paketə daxil edib? – Detallar açıqlandı

644 23.02.2024 16:20 Dünya A A

Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiya paketini dərc edib.

Musavat.com-un xəbərinə görə, Brüsselin rəsmi saytında yerləşdirilən sənəddən aydın olur ki, Avropa İttifaqı yarımkeçiricilərin və onların əsasında hazırlanan cihazların Rusiyaya ixracını qadağan edib.

Bura yarımkeçiricilər əsasında hazırlanmış bəzi növ tranzistorlar, yarımkeçirici çeviricilər və digər elektron cihazlar, habelə gücü 1 kilovolt-amperə qədər olan tranzistorlar və optik cihazlar da aiddir. Bu paketdə Hindistanın mikroelektronika şirkəti olan “Si2 Microsystems” və Rusiyanın sanksiyaları aradan qaldırmaq səylərində iştirak edən özəl Şri-Lanka yük ekspeditoru “Euro Asia Cargo” firması da yer alır.

“Si2 Microsystems”in saytında verilən məlumata görə, şirkət kommersiya, hərbi və kosmik sektorlar üçün inteqral sxemlərin dizaynı və yığılması ilə məşğuldur. “Euro Asia Cargo”nun fəaliyyət sahələrinə ekspeditorluq, turizm əməliyyatları və aviaşirkətlərin təmsilçiliyi daxildir.

Aİ Sinqapur və Tailand şirkətlərinə də ixrac məhdudiyyətləri qoyub, Brüsselin məlumatına görə, Aİ Şurasının qətnaməsinə əsasən, onlar Rusiyanın sanksiyalar blokadasını aradan qaldırmaq üçün tədbirlərdə iştirak edir. Sanksiyalar Sinqapurun “Deflog Technologies” və Tailandın “Thai IT Hardware” şirkətlərinə qarşı tətbiq edilib. “Deflog Technologies”in əsas fəaliyyəti optik avadanlıq və istehlak materiallarının topdan satışıdır. “Thai IT Hardware” informasiya texnologiyaları sektorunda fəaliyyət göstərir.

Rəsmi Brüssel həmçinin Qazaxıstandan olan “Elem Group”a ixrac məhdudiyyətləri qoyub. “Elem Group” Məhdud Məsuliyyətli Cəmiyyəti elektron və telekommunikasiya avadanlıqlarının və onların ehtiyat hissələrinin ticarəti ilə məşğul olur.

1992-ci ilin mayında qeydiyyatdan keçmiş və Belqradda yerləşən Serbiyanın “Conex” şirkətinə də ixrac məhdudiyyətləri qoyulub. Hüquqi şəxslərin respublika reyestrindən verilən məlumata görə, adıçəkilən şirkət istehsal və ticarət şirkətidir, əsas fəaliyyətini sahibkarlıq və digər idarəetmə ilə bağlı konsaltinq fəaliyyəti təşkil edir.

Aİ Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən bir türk şirkətinə də ixrac məhdudiyyətləri tətbiq edib. “Yildiz çip teknoloji elektronik elektrik bilgisayar malzemeleri ticaret sanayi limited” şirkəti 2022-ci ilin may ayında Antalyada qeydiyyatdan keçib. Elektronika və komponentlərin ticarəti ilə məşğul olan məhdud məsuliyyətli cəmiyyətdir. Son ticarət əməliyyatı 2023-cü ilin iyulunda qeydə alınıb.

Ötən ilin noyabrında ABŞ Rusiya ilə əməkdaşlığa görə dörd türk şirkəti və bir fiziki şəxsi sanksiyalar siyahısına əlavə edib. İstanbulda yerləşən şirkətlər arasında “Bosphorus gate dis ticaret limsted sirketi”, “Kuzey logistics tasimacilik ithalat ihracat ve dis ticaret limited” sirkəti və Ankarada yerləşən “Bsb grup internet ve yapay zeka teknolojileri anonim sirketi”, “Turken dijital matbaa texnologiyaları bilgisayar bilisim kirtasiye foto grafigilik sanayi ve. dis ticaret məhdud sirketi” də var. Sonuncunun rəhbəri Berk Türken də bu siyahıya fiziki şəxs kimi daxil edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR