İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı İrəvana son şərtini qoydu: ya Moskva, ya Brüssel...

711 01.03.2023 11:52 Siyasət A A

Ermənistan avropalı müşahidəçiləri indi də sərhədlərin delimitasiyası prosesinə qoşmaq istəyir, Qərb bu mövzuda dəstək verməyə hazırdır, yetər ki, Paşinyan Rusiyadan tam qopmaq qərarı versin-şərh

Ermənistan boyundan bir az da irəli tullanmağa başlayıb: rəsmi İrəvan Avropa İttifaqı (Aİ) missiyasını sərhədlərin delimitasiyası prosesinə belə qoşmaq istəyir. Patrul xidmətini monitorinq missiyası adı ilə birtərəfli qaydada bölgəyə gətirmələri azmış kimi, indi də delimitasiya prosesində iştirakını arzulayırlar.

“Yeni Müsavat” bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli telekanallardan birinə açıqlamasında ölkəsinin bu arzusunu ifadə edib. Qriqoryan deyib ki, Aİ  müşahidəçilərinin sərhədlərin delimitasiyası məsələlərində iştirak etmək mandatı yoxdur, lakin onlar bu məsələdə məsləhət vermək şəklində faydalı ola bilərlər. “Mülki missiya Ermənistan üçün çox vacibdir. Missiyanın Azərbaycan ərazisində olması arzuolunan olardı, amma bu baş vermədi. Ermənistan bunu sülh gündəminə töhfə verəcək sabitləşdirici amil hesab edir. Delimitasiya məsələsində onların məsləhətindən istifadə etmək faydalı olar”, - deyə TŞ katibi belə söyləyib.

Daha sonra Qriqoryan Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) qaralayıb: “KTMT Ermənistanın sərhədlərini tanımır, bu, ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur”. Avropa Parlamentinin deputatı Marina Kalyurand isə bu mövzuda hesab edir ki, əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı Ermənistanlam ünasibətləri genişləndirə bilər. Kalyurand qeyd edib ki, Ermənistan Rusiya ilə bir neçə təşkilatda müttəfiqdir: “Biz Ermənistanın KTMT-nin üzvü olmasını, eləcə də Rusiya və Belarusla Gömrük İttifaqında iştirak etməsini görməzdən gələ bilmərik. Ermənistanın Aİ ilə əməkdaşlıqda nə qədər irəli getməyə hazır olması vacibdir. Ümid edirəm ki, erməni xalqı da Gürcüstan xalqı kimi qərar verəcək və bu məsələdə hökumətə təzyiq göstərəcək”, - deyə deputat bildirib. AP deputatının açıq bəyanatı onu göstərir ki, Aİ Ermənistan qarşısına açıq şərt qoyub və seçim etməsini istəyib.

İndi İrəvan dilemma qarşısındadır. Ermənistan əgər Aİ ilə əlaqələrini inkişaf etdirmək istəyirsə, Rusiya ilə müttəfiqlikdən imtina etməli və əlaqələri pozmalıdır. Artıq Aİ Paşinyan hakimiyyətinin ikili oyunundan təngə gəlib və Ermənistanın tərəf seçməli olduğunu açıq formada vurğulayır. Bəs avropalı müşahidəçiləri delimitasiya prosesinə qoşmaq cəhdləri, eləcə də Aİ-nin İrəvana seçim şərti haqda azərbaycanlı ekspertlərin düşüncələri nədən ibarətdir? Ermənistan avroatlantik məkana tam inteqrasiya edə bilərmi? Rusiyanın qulaqburması nə şəkildə özünü göstərəcək? Avropalı müşahidəçilərin sərhədlərin dəqiqləşdirilməsi prosesində iştirakı mümkündürmü?

Arzuxan Əlizadə: “Azərbaycan bu situasiyadan məharətlə istifadə etməlidir”

 Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan ağılasığmaz təkliflərlə çıxış etməkdədir. Partiya sədrinin sözlərinə görə, iki tərəfin iştirakı ilə sərhədlər müəyyənləşdirilə bilər: “Ən vacib məsələ isə Azərbaycanın razılığı olmadan avropalı müşahidəçilər delimitasiya prosesində iştirak edə bilməzlər. Ermənistan buna təkbaşına qərar verə bilməz. Üstəlik, sərhədlərin dəqiqləşdirilməsi üçün üçtərəfli sənəd mövcuddur, İşçi Qrupu yaradılıb”. A.Əlizadənin fikrincə, İrəvanın bu cəhdləri əbəs deyil: “Ermənistan bilir ki, onun hazırkı əraziləri şişirdilmiş coğrafiyadır. Çünki Sovet İttifaqı Kommunist Partiyası tərəfindən Azərbaycanın tarixi əraziləri onlara pay-püş olunub. Ona görə narahatdırlar ki, delimitasiya zamanı ərazilərin bir hissəsini itirə bilərlər. Bu işi pozmaq və uzatmaq üçün avropalı müşahidəçiləri də prosesə cəlb etmək istəyirlər. Sonra da dünyaya haray-həşir salsınlar ki, ərazilərimiz əlimizdən alınır”.

Paşinyanın ya Moskva, ya Brüssel dilemması qarşısında Qərbi seçəcəyi təqdirdə, AMİP sədri düşünür ki, bu, Ermənistan dövlətçiliyinin əhəmiyyətli hissəsinin itirilməsinə gətirib çıxara bilər: “Çünki bu qondarma dövlət Rusiyanın hesabına qurulub və onun faktiki forpostudur. Aparıcı şirkətlər ruslara aiddir, Ermənistana siyasi-hərbi və iqtisadi təsir imkanları mövcuddur. Sadəcə, Moskva fərqindədir ki, Paşinyan hakimiyyətə gəldikdən üzünü Qərbə çevirib. Amma Rusiyada onu da bilirlər ki, Ermənistan tamamilə strateji seçim edib Avropaya doğru addımlasa, o halda onlar üçün intihara bərabər qərar olar. Sözsüz ki, İrəvandakı ABŞ səfirliyinin təsirləri güclüdür, Ermənistanı Rusiyanın orbitindən ayırmaq istəyirlər”.

Paşinyan yenə “nala-mıxa” vurdu -Bakının cavabı nə olacaq?

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin sözlərinə görə, ötən il noyabrın əvvəlində Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilmişdi: “Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü olmuşdu. Paralel olaraq Moskvada da İşçi Qrupu bir neçə dəfə müzakirələr aparıb. Lakin nə Brüssel platformasında, nə Moskvada sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı konkret addımlar atılmayıb. Bundan əlavə, baş nazirlərin müavinləri ilk dəfə sərhəddə görüşüblər, amma praktik nəticələr yoxdur. Yəni sərhədləri dəqiqləşdirmək işi aparılmır. Bu günə qədər bir qarış torpaq da delimitasiya və demarkasiya olunmayıb. Ona görə hətta nəzəri olaraq avropalı müşahidəçilər prosesdə iştirak etsələr belə, faydası olmayacaq. Bu iş ikitərəfli şəkildə aparılmalıdır”.

Partiya sədri Ermənistanın bu məsələdə cığallıq etdiyini düşünür: “Ötən ilin sentyabrında sərhəd münaqişəsi baş verəndə dünyaya car çəkdilər ki, Azərbaycan Ordusu guya Ermənistanın suveren ərazilərinə daxil olub. Biz də rəsmi səviyyədə elan etmişik ki, gəlin sərhədi göstərin, görək hara Ermənistana aiddir. Əgər sərhəd dəqiqləşməyibsə, Azərbaycan əsgərinin dayandığı yerin Ermənistana aid olduğunu iddia etmək nə dərəcədə obyektivdir? Bu baxımdan, indi avropalı patrul xidmətlərinin Ermənistanla sərhəddə kartoqrafik iş aparması istisna deyil. Ancaq bu heç də sərhədi müəyyənləşdirmək anlamına gələ bilməz. Bakı mülki missiyanın bizim tərəfdən müşahidəsinə razılıq verməyib, delimitasiyada iştirakına da imkan verməyəcək. Rusiya da Ermənistanın bu addımlarını təqib edir və Moskva bilir ki, İrəvan onu hövsələdən çıxarmaqla məşğuldur”.

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə  ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova Qriqoryanın təklifini rəsmi İrəvanın növbəti manipulyasiya cəhdi kimi qiymətləndirir. Təhlilçinin sözlərinə görə, Ermənistan razılaşmaları icra etməkdən başqa hər şey edir. Onun fikrincə, avropalı müşahidəçiləri bu işə qatmaq ideyası baş qarışdırmağa və Rusiyanı əsəbləşdirməyə hesablanıb: “Ermənistan Avropa Birliyindən və Fransadan dəstək almaqla 10 noyabr bəyanatını tam pozmağa çalışır. Paşinyan administrasiyası ümid edir ki, vaxt udmaq olar və Qərbin yardımına arxalanıb üçtərəfli sənədi qüvvədən salmaq mümkündür. Ermənistanın baş naziri kapitulyant olmadığını guya sübut etmək istəyir. Digər tərəfdən, Avropa İttifaqının bölgədəki fəaliyyət sferasını genişləndirmək məqsədi güdür və bununla Rusiyanın delimitasiya prosesində iştirakını da məhdudlaşdırmaq niyyətindədir. Bizi isə bu cür addımlar yormamalıdır və Azərbaycan siyasətini sürətləndirməli, tələblərini sərtləşdirməyə davam etməlidir. Prezident xatırladıb ki, 2023-cü il Ermənistan üçün son şansdır və bundan sonra anlaşmalar icra olunmasa, Bakı öz addımlarını qətiləşdirəcək”.

Siyasi şərhçinin fikrincə, Ermənistan Gürcüstan hadisələrini yaşaya bilər: “2008-ci ildə rus tankları Tiflisin 25 kilometrliyində Qori şəhəri istiqamətində dayandı, Sarkozi qaça-qaça gəlib Saakaşvili ilə görüşdü, Rusiyanı sakitləşdirmək üçün dil tapdılar. Bu gün də Makron İrəvana gəlib Paşinyanı xilas etməyə çalışa bilər. Üstəlik, rus ordusu uzaqda deyil, Ermənistanın içindədir. Gümrü şəhərindən İrəvana gəlmək rus hərbçiləri üçün çətin deyil. Bu mənada ermənilərin ipi rusların əlindədir. Paşinyan Brüssel seçimini açıq şəkildə etsə, həmin ipi boğazına keçirib asmağa hazırlaşsın, çünki Rusiya onsuz da bu adamdan boğaza yığılıb...”

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR