İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa həm ABŞ-ı, həm də Ukraynanı aldadır: Rusiyanın savaş xərclərini bəzi Qərb ölkələri ödəyir

4423 17.03.2022 00:25 Analitika A A

Avropa Birliyi ABŞ-a Rusiyadan enerji resurslarının idxalını azaldacağını vəd etsə də, əslində, ikibaşlı oyun oynayır; Bu qurum Rusiyanın enerji resurslarının satışı ilə bağlı ödəniş prosesində yer alan heç bir banka sanksiya tətbiq etməyib...

Ukrayna savaşı uzandıqca, dünya yeni problemlərlə üzləşməkdə davam edir. Çünki bu savaşın təsirləri yalnız Rusiya və Ukraynanı deyil, bütövlükdə bütün dünyanı da müxtəlif sahələr üzrə hədəfə alır. Və zaman keçdikcə, dünyada bir çox istiqamətlərdə böhranlı situasiyaların yanaran biləcəyi də qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, həmin böhranlı situasiyalardan ən önəmlisi artıq özünün göstərməyə başlayıb. Belə ki, hazırda savaş məkanına çevrilmiş Ukraynada humanitar böhran yaşanır. Fəal silahlı toqquşmaların baş verdiyi ərazilərdə, xüsusilə də, yüzminlərlə insanın yaşadığı şəhərlərdə əhali demək olar ki, köməksiz vəziyyətə düşüb.

Məsələ ondadır ki, dinc əhalinin savaşın intensiv xarakter daşıdığı ərazilərdən çıxarılması olduqca ciddi problemə çevrilib. Hər gün yüzlərlə dinc sakin həyatını itirir. İnsanlar yeraltı sığınacaqlarda yaşamaq məcburiyyətində qalıblar. Ərzaq, tibbi ləvazimatlar çatışmır. Və bütün bunlar artıq humanitar fəlakət həddinə çatıb.

878921-242234444.jpg (99 KB) 

Digər tərəfdən, Ukrayna savaşından qaynaqlanan humanitar böhran artıq tədricən Avropa qitəsinin içərilərinə doğru irəliləyir. Belə ki, savaşdan qaçmaq məcburiyyətində qalan üç milyona yaxın Ukrayna vətəndaşı qonşu Avropa ölkələrinə üz tutmaqdadırlar. Bəzi Avropa ölkələri artıq Ukraynadan qaçqın qəbul etmək imkanlarının tükənməkdə olduğunu bəyan etməyə başlayıblar. Və bütün bunlar Avropanın yaxın gələcəkdə olduqca ciddi humanitar böhranla üzləşə biləcəyindən xəbər verir.

Onu da qeyd edək ki, belə vəziyyətdə dünyada yeni kataklizmlərdən yayınmağın ilk addımı yalnız savaşın dayandırılması ola bilər. Hazırda ABŞ və Qərb bu istiqamətdə müəyyən addımlar atsa da, savaşın tamamilə dayandırılması üçün qətiyyən yetərli görünmür. Çünki Kremli Ukraynada hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar hələlik gözlənilən nəticələrdən uzaqdır.

Məsələ ondadır ki, ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyaları yaxın perspektiv üçün effektiv xarakter daşımır. Həmin sanksiyalar hələlik Rusiya dövlətinə deyil, daha çox bu ölkənin əhalisinə ağır zərbələr vurur. Buna qarşılıq olaraq, Rusiya əhalisinin Kremlin savaş siyasətinə kütləvi şəkildə etiraz etmək cəsarəti qazanması yəqin ki, hələ bir xeyli zaman alacaq. Və bu baxımdan, Rusiyanın beynəlxalq rəqiblərinin Kremlə qarşı orta perspektivdə deyil, ən yaxın perspektivdə təsir göstərə biləcək sanksiyaları işə salmaları vacib şərtə çevrilib.

Ancaq onu da qeyd etmək lazımdır ki, Ağ Evin bütün israrlı təzyiqlərinə baxmayaraq, ABŞ-ın Avropadakı müttəfiqləri Rusiyaya qarşı daha radikal maliyyə-iqtisadi sanksiyalara hələ tam hazır deyillər. Hətta belə radikal sannksiyalar bəzi aparıcı Avropa ölkələrinə qətiyyən sərfəli deyil. Xüsusilə də, Avropa Birliyi Rusiyaya qarşı sanksiya tətbiq edərkən, mümkün qədər ehtiyatlı davranmağa üstünlük verir.

put-savash77.JPG (68 KB) 

Təbii ki, Avropa Birliyi Rusiyaya yönəlik sanksiyaların bumeranq effekti verərək, geri dönəcəyindən ciddi şəkildə narahatdır. Halbuki ABŞ prezidenti Co Bayden Rusiyadan neft-qaz alışını dayandırarkən, ölkəsinin bunun nəticələrinə qatlanmağa hazır olduğunu bildirmişdi. Ardıncasa, Ağ Ev sahibi “demokratiyanı xilas etmək” naminə Avropa ölkələrini də tətbiq edilən sanksiyaların nəticələrini ödəməyə hazır olmağa çağırmışdı.

Bütün bunlara baxmayaraq, Avropa Birliyi ABŞ prezidentinin çağırışlarına uyğunlaşmağa tələsmir və buna heç həvəsli də deyil. Çünki indiki halda, Rusiyanı dayandıra biləcək yeganə yol məhz bu ölkədən Avropaya neft-qaz idxalını dayandırmaq ola bilər. Halbuki, Avropa Birliyi ölkələrinin mütləq əksəriyyəti məhz Rusiya enerji resurslarından asılı vəziyyətdədirlər. Bu asılılığın minimuma endirilməsi, Rusiya enerji resurslarına etibarlı əvəz tapılması baxımından, Avropa Birliyinə təxminən 8-10 illik bir müddət lazımdır.

Ona görə də, Avropa Birliyi ölkələri hazırda Rusiya qarşı tətbiq olunan sanksiyalar məsələsində əslində, ikibaşlı oyun oynayırlar. Belə ki, Avropa Birliyi Kremli sanksiyaların hədəfinə çevirərkən, ilk növbədə məhz Rusiyanın enerji resurslarının satışına xüsusi diqqət edirlər. Yəni elə manevrlər etməyə çalışırlar ki, Rusiyanın enerji resurslarından məhrum qalmasınlar.

e7a9aa157b562a8a4aed20f4c72213ae.jpg (110 KB) 

Rusiya banklarının beynəlxalq maliyyə sistemindən təcrid edilməsi prosesində enerji faktoru ciddi şəkildə nəzərə alınıb. Belə ki, Rusiyanın ixrac etdiyi enerji resurlarına yönəlik ödəniş prosesində iştirak edən heç bir bank sanksiyalara məruz qalmayıb. Əks halda, Kreml ödənişini ala bilmədiyi təqdirdə, Avropaya enerj resurslarının icracını qətiyyən davam etdirməzdi. Yəni, Kreml enerji resurslarını əvvəlki kimi icrac edir, dəyərini də sanksiyalardan kənarda saxlanılan banklar üzərindən tam şəkildə geri ala bilir.

Nəticədə Rusiyada hələlik dollar qıtlığının yaranacağı ilə bağlı gözləntilər qətiyyən özünü doğrultmur. Eyni zamanda, Kreml enerji resurslarının Avropaya icracının davam etməsi sayəsində savaşa xərcləmək üçün maliyyə qaynaqlarını da qorumuş kimi görünür. Yəni, Kreml Avropa Birliyinə neft-qaz satır, ondan qazandığı gəlirləri isə Ukrayna savaşına xərcləyir. Və buna paralel olaraq da Ukraynada hər gün minlərlə insan həyatını itirməkdə davam edir.

Belə anlaşılır ki, Avropa Birliyi ABŞ-a Rusiyadan enerji resurslarının idxalını azaldacağını vəd etsə də, əslində ikibaşlı oyun oynayır. Bir tərəfdən ABŞ-ı, digər tərəfdən isə Ukraynanı aldadır. Və bununla da əslində, Ukraynada dinc insanların öz həyatlarını itirməsinə, onların evlərinin dağıdılaraq, qaçqın düşmələrinə görə məhz Avropa Birliyi də Rusiya ilə yanaşı məsuliyyət daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR