İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşura günü uşaqları buna görə tədbirlərə aparmaq olmaz- Rəsmi qurumların və ekspertlərin açıqlaması

941 15.07.2024 16:12 Ölkə A A

Hər il Azərbaycanda Aşura mərasimi keçirilir. Qətlə yetirilən imamların və onların yaxınlarının yasını tutmaq üçün hər il məscidlərə üz tutulur. Qeyd etmək lazımdır ki, İslam dinində bədəndən qan çıxarılması, ümumiyyətlə, sağlamlığa ziyan vurulması qəti qadağandır. Dinimiz bunu haram hesab edir. Doğrudur, əvvəlki illərə nisbətən hazırda bu kimi ifrat hallar azalıb. Onu da vurğulamaq lazımdır ki, Kərbəlada şəhid olanlar dinin yolunda zorakılığa yox dedikləri üçün öldürülüblər.

Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə deyilir: “Şura olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.

Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir”.

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir:

“Dini etiqad azadlığı haqqında” qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.

Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.

Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar”.

İnsanların azyaşlı övladlarını Aşura mərasimlərinə gətirilməsinə qanunla müdaxilə edilmir. Ancaq mütəxəssislər bildirirlər ki, valideynlər özləri bunu nəzərə almalıdırlar ki, azyaşlı uşaqların gözü önündə bədəndən qan çıxarılması və digər hərəkətlər birmənalı şəkildə yolverilməzdir. 

Yeri gəlmişkən, sabah bir çox yerdə qanvermə aksiyaları keçiriləcək. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.

Qeyri-hökumət təşkilatları da uşaqların Aşura məclislərinə aparılmasınının əleyhinədirlər:

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, Aşura günü azyaşlı uşaqların məscidlərdə baş tutan kütləvi mərasimlərə aparılması məqsədəuyğun deyil:

"Körpələrin və azyaşlıların uzun müddət Günəş altında qalması və ya müxtəlif qapalı məkanlarda havasız şəraitdə olması, yüksək infeksiya riski onların sağlamlığında müxtəlif problemlərə səbəb ola bilər.

Həddindən artıq isti və ya soyuq şəraitlərdə qalmaq, kifayət qədər su içməmək və havasız məkanlarda çoxlu insanla bir yerdə olmaq uşaqların rifahına ciddi təsir göstərə bilər.

Bundan əlavə, yaşlarına uyğun olmayan mövzularla tanış olmaq da uşaqlarda psixoloji travmalara yol aça bilər.

Bu yaşda olan uşaqların hələ də dünya və hadisələr haqqında anlayışları kifayət qədər inkişaf etmədiyi üçün, onlar üçün uyğun olmayan və qorxulu hesab edilə biləcək məzmunlarla qarşılaşmaları onların psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Valideynlər bu cür həssas məqamları nəzərə almalı, uşaqların sağlamlığı və rifahı məsələlərinə xüsusi diqqət yetirməlidirlər.

Dini inanc və mərasimlərə hörmətlə yanaşmaqla yanaşı, uşaqlarımızın sağlam və xoşbəxt böyüməsi üçün onların maraq və ehtiyaclarını nəzərə almaq vacibdir. Uşaqlarımızı sevgi və xoşbəxtlik içərisində böyütmək, onların fiziki və psixoloji inkişafını təmin etmək bizim əsas vəzifələrimizdən biridir".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də Aşura günü ilə bağlı çağırış edib:

"Əziz dostlar, hörmətli valideynlər!

Məhərrəm ayının Aşura günü azyaşlı uşaqların məscidlərdə keçirilən kütləvi mərasimlərə aparmayın. Körpələrin, azyaşlı uşaqların orada saatlarda gün altında saxlanması və ya müxtəlif qapalı məkanlarda havasızlıq şəraiti, yüksək infeksiya riski onların səhhətində müxtəlif problemlərə yol aça bilir. Eyni zamanda yaşlarına uyğun olmayan məzmunla tanışlıq da uşaqlarda psixoloji travmalara səbəb olur. Çox xahiş edirəm, bu cür həssas məqamları nəzərə alın, uşaqların sağlamlığı məsələlərinə xüsusi olaraq diqqət edin!"

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR